“Ən çətin məqamlar hazırlıq prosesidir, bu yolda keçilən mərhələlər və məşqlərdir. Məşqlər çox ağır olur. Avropa və dünya çempionatlarında idmançılar maksimal gücünü ortaya qoyur. Bütün döyüşlərdə rəqabət pik səviyyədə olur və bu da bizi çətin mübarizələrlə üz-üzə qoyur. Sevindirici haldır ki, bu zəhmət Prezident tərəfindən də yüksək qiymətləndirildi.”
Bu fikirləri Avropa çempionu Turan Bayramov Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa Güləş Çempionatı ilə bağlı XQ-yə açıqlamasında deyib.
Qeyd edək ki, aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sözügedən çempionatda komanda hesabında Avropa çempionu olan yunan-Roma, sərbəst və qadın güləşi üzrə milli komandaların üzvlərini və onların məşqçilərini qəbul edib. Görüşdə idmançılarımızın qazandığı yüksək nəticələr xüsusi vurğulanıb, bu uğurun Azərbaycan idmanının beynəlxalq nüfuzunun daha da artmasına xidmət etdiyi bildirilib.
Turan Bayramov bildirib ki qazanılan nailiyyətlər təsadüfi deyil:“Bu çempionat bizim üçün çox məsuliyyətli idi. Hər birimiz ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni etdik. Komanda hesabında Avropa çempionu olmaq böyük qürurdur. Bu uğurun arxasında illərlə çəkilən zəhmət, gərgin məşqlər və bizə göstərilən dövlət qayğısı dayanır. Biz hər zaman çalışırıq ki, Azərbaycan bayrağını ən yüksək zirvələrdə dalğalandıraq. Dövlət başçısının bizi qəbul etməsi isə əlavə motivasiya verir və gələcək qələbələr üçün bizi daha da ruhlandırır”.
Turan Bayramov Prezidentin onunla şəxsi söhbəti və xüsusilə yeniyetmələr arasında Avropa çempionu olmasını qeyd etməsi onun üçün unudulmaz an olduğunu fəxarətlə vurğulayıb. Çempion bu diqqətin onda böyük qürur hissi yaratdığını və onu həqiqətən xoşbəxt etdiyini bildirib.
Onun sözlərinə görə, dövlət başçısının idmançılara göstərdiyi diqqət və qayğı gələcək uğurlar üçün mühüm motivasiya rolunu oynayır. Turan Bayramov qeyd edib ki, bu cür görüşlər idmançıların məsuliyyətini daha da artırır və onları yeni qələbələrə ruhlandırır.
Qeyd edək ki, Azərbaycan idmançıları beynəlxalq arenada qazandıqları uğurlarla ölkənin idman nüfuzunu yüksəldir, dövlət səviyyəsində göstərilən diqqət və qayğı isə bu uğurların davamlılığını təmin edir.
Nurəngiz Adilqızı
XQ

