XİN müavini Parisdə iqlim və enerji məsələlərini müzakirə edib

post-img

30 aprel – 1 may tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Fransanın Paris şəhərində səfərdə olub 

XİN-dən XQ-yə verilən məlumata görə, səfər çərçivəsində nazir müavini Y.Rəfiyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolun dəvəti ilə Beynəlxalq Enerji Agentliyi və COP31 sədrliyinin birgə təşkil etdiyi “BEA–COP31: yüksək səviyyəli enerji keçidi” adlı tədbirin açılış sessiyasında əsas natiqlərdən biri qismində çıxış edib. 

Y.Rəfiyev çıxışında COP29-un enerji sahəsindəki təşəbbüsləri, COP31-ə hazırlıq prosesi, iqlim dəyişiklikləri ilə bağlı mövcud qlobal çağırışlar barədə məlumat verib.

Səfər çərçivəsində həmçinin YUNESKO-da Azərbaycan Respublikasının Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə 25 aprel - Kiçik ada inkişaf etməkdə olan dövlətlərinin(SIDS) Beynəlxalq gününə həsr olunmuş işgüzar tədbir keçirilib. Y.Rəfiyev tədbirdə çıxış edərək Azərbaycan ilə SIDS arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə edib Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmiz tərəfindən kiçik ada dövlətlərinə xüsusi diqqətin, inkişaf üçün beynəlxalq yardım sahəsində davamlı dsətəyin göstərildiyini vurğulayıb. Bu əməkdaşlığın yeni bir istiqaməti olaraq SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycanın siyasi və texniki dəstək verməyə hazır olduğunu bildirib. 

Tədbirdə iştirak edən SIDS ölkələrinin YUNESKO nəzdində daimi nümayəndələri Azərbaycanın uğurlu sədrliyi altında COP29-da qəbul edilmiş tarixi qərarların ilk növbədə məhz iqlim dəyişmələrinə həssas olan bu ölkələr üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, ölkəmizə bu sahədə göstərdiyi dəstək üçün təşəkkürlərini ifadə ediblər.   

Çıxış edənlər eyni zamanda iqlim çağırışlarının SIDS ölkələrinin mədəni irsi üçün yaratdığı təhlükəni və bu sahədə ölkələrinin üzləşdikləri çətinlikləri xüsusi vurğulayaraq, Azərbaycan tərəfindən belə bir innovativ təklifin irəli sürülməsini olduqca müsbət qarşılayıb və təşəbbüsə dəstəklərini ifadə ediblər.

Tədbirdə sözügedən istiqamətdə mövcud çagırışların həllinə yönəlmiş, Azərbaycan, UNESCO və 39 dövləti əhatə edən SIDS qrupu tərəfindən birgə icra olunacaq proqramın hazırlanması və həyata keçirilməsi haqqında razılıq əldə olunub.

Səfər çərçivəsində Y.Rəfiyev həmçinin Türkiyənin COP31 sədrliyinin rəhbər heyəti ilə görüşüb, Antalya şəhərində baş tutacaq COP31-ə hazırlıq məsələləri müzakirə edilib.

Siyasət