Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton və Tehran arasında mümkün razılaşma üzərində iş davam edir və yeni irəliləyişlər bu gündən etibarən ortaya çıxa bilər. Hindistanın paytaxtı Yeni Dehlidə jurnalistlərə danışan Rubio danışıqlar prosesinin hələ də davam etdiyini qeyd edib.
Məlumatı “Anadolu” verib.
“Dünən gecə hadisələrin inkişafını gözləyirdik”, - deyə Rubio bildirib və əlavə edib ki, ABŞ-İran arasında mümkün razılaşma üzrə irəliləyiş bu gün baş verə bilər.
Onun sözlərinə görə, gündəliyə Hörmüz boğazından gəmiçiliyin bərpası təklifi, eləcə də nüvə danışıqları daxildir: “Ümid edirəm ki, buna nail ola bilərik”.
Rubio həmçinin ABŞ Prezidenti Donald Trampın pis bir razılaşmanı qəbul etməyəcəyini və Vaşinqtonun diplomatik uğur üçün bütün imkanlardan istifadə etmək niyyətində olduğunu vurğulayıb.
Bir gün əvvəl, Yeni Dehlidə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşdükdən sonra Rubio artıq İran və Hörmüz boğazı ilə bağlı yeni xəbərlərin gün ərzində ortaya çıxa biləcəyini bildirmişdi.
Eyni zamanda, o, İranla danışıqlarda “ciddi irəliləyişlərə” baxmayaraq, hələlik yekun razılaşmanın əldə olunmadığını deyib.
P.ƏMİRCANOV
XQ

