Elektrik çayniklərində gizlənən təhlükə

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Plastik materialdan hazırlanmış elektrik çaynikləri suyun qaynadılması prosesində böyük miqdarda mikro və nanoplastik hissəciklərin ayrılmasına səbəb olur. "NPJ Emerging Contaminants" elmi jurnalında dərc olunmuş tədqiqatın nəticələrinə istinadən xəbər verilir ki, avstraliyalı alimlər bu növ məişət cihazlarının təhlükəsizliyini araşdırıblar.

Təcrübələr zamanı müəyyən edilib ki, yeni plastik çaynikdə suyun ilk dəfə qaynadılması zamanı mayenin hər bir mililitrində təqribən 12 milyon plastik nanohissəcik ayrılır. Mütəxəssislərin hesablamalarına görə, bu, bir fincan çayda təxminən 3 milyardadək zərərli hissəciyin olması deməkdir.

Tədqiqat çərçivəsində cihazların uzunmüddətli istifadəsi ilə bağlı bir sıra mühüm məqamlar üzə çıxıb. Çaynikdən çoxsaylı istifadə zamanı ayrılan hissəciklərin miqdarı azalır. 50 qaynatma dövriyyəsindən sonra mikroplastikin həcmi nəzərəçarpacaq dərəcədə azalsa da, tamamilə yox olmur. Tərkibində minerallar olan sərt suların qaynadılması çaynikdə ərp əmələ gətirir ki, bu təbəqə də plastik hissəciklərin suya qarışmasının qarşısını qismən alır.

Mütəxəssislər yeni plastik çaynik aldıqdan sonra ondan ilk istifadə daxil olmaqla, suyu bir neçə dəfə qaynadıb boşaltmağı tövsiyə edirlər. Eyni zamanda, istehsalçı şirkətlərin istehlakçıları potensial mikroplastik riski barədə xəbərdar etməsinin və bu risklərin azaldılması yollarını təlimatda qeyd etməsinin vacibliyi vurğulanır.

Ə.Arzu
XQ

Sosial həyat