Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Prezidenti Donald Tramp bir neçə ərəb və digər müsəlman dövlətlərinin liderləri ilə telefon danışıqları zamanı onların “İbrahim sazişləri”nə qoşulmalarında israr edib.
Bu barədə “Axios” mənbəyə istinadən məlumat yayıb.
“Kommersant” qəzetinin məlumatına görə, Tramp sənədi Yaxın Şərqdə müharibə bitdikdən sonra imzalamağı təklif edib və ərəb dünyası ilə İsrail arasında münasibətlərin normallaşmasına ümid etdiyini vurğulayıb.
“Axios”-un məlumatına görə, sorğunu alanlar arasında İsrail ilə rəsmi diplomatik münasibətləri olmayan Səudiyyə Ərəbistanı, Qətər və Pakistan, eləcə də Türkiyə, Misir, İordaniya və Bəhreyn var. ABŞ rəsmilərindən biri nəşrə bildirib ki, Trampın təklifindən sonra telefon xəttində fasilə yaranıb. Prezident zarafatla hamının hələ də telefon xəttində olub-olmadığını soruşub, bundan sonra həmsöhbətlərinə elçiləri Cared Kuşner və Stiv Uitkoffun yaxın həftələrdə məsələni müzakirə edəcəklərini bildirib.
“İbrahim sazişləri” İsrail və ərəb dövlətləri arasında münasibətləri normallaşdırmaq üçün bir razılaşma formatıdır. 2020-2021-ci illərdə BƏƏ, Bəhreyn, Mərakeş və Sudan sənədə qoşulub; noyabr ayında Qazaxıstanın da qoşulduğu elan edilib. Sazişlərin məqsədi dövlətlərarası dialoqu inkişaf etdirmək və müdafiə sənayesi, texnologiya və iqtisadiyyat da daxil olmaqla əməkdaşlığı genişləndirməkdir.
P.ƏMİRCANOV
XQ

