Avropa İttifaqı (Aİ) və Meksika uzun müddət davam etmiş müzakirələrdən sonra yeni azad ticarət sazişi imzalayıb.
Tərəflər razılaşmanı qlobal iqtisadi qeyri-müəyyənlik və ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı siyasəti fonunda strateji əhəmiyyətli addım kimi qiymətləndiriblər.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Meksikada keçirilən imzalanma mərasimində bildirib ki, əsas məqsəd Atlantik okeanının hər iki tərəfində daha çox iş yeri və əlavə dəyər yaratmaqdır. Onun sözlərinə görə, yeni saziş tərəflər arasında iqtisadi əməkdaşlığa ciddi təkan verəcək.
Razılaşma 2000-ci ildə ancaq sənaye məhsullarını əhatə edən mövcud müqavilənin genişləndirilməsini nəzərdə tutur. Yeni sənəd xidmətlər sektoru, dövlət satınalmaları, rəqəmsal ticarət, investisiyalar və kənd təsərrüfatı məhsullarını da əhatə edir.
Meksika Prezidenti Klaudia Şeinbaum bildirib ki, saziş hər iki tərəf üçün böyük iqtisadi imkanlar yaradır. O, xüsusilə əczaçılıq sənayesi, kənd təsərrüfatı, texnoloji inkişaf və elektromobillik sahələrində əməkdaşlıq perspektivlərini önə çəkib. Aİ Şurasının Prezidenti Antonio Kosta da razılaşmanı əsl geosiyasi bəyanat adlandırıb.
Yeni sazişə əsasən, demək olar ki, bütün məhsullar üçün gömrüksüz ticarət rejimi tətbiq ediləcək. Buraya Meksikadan ixrac olunan toyuq əti və qulançar, eləcə də Avropadan göndərilən süd tozu, pendir və donuz əti daxildir.
Meksikanın Aİ-yə ixracı hazırkı 24 milyard dollardan bu saziş sayəsində 2030-cu ilədək 36 milyard dollara yüksələ bilər. Hazırda Aİ hər il Meksikaya təxminən 65 milyard dollar dəyərində məhsul ixrac edir. Son on ildə tərəflər arasında ticarət dövriyyəsi 75 faiz artıb.

