WUF13 çərçivəsində keçirilən “Yenidənqurma kontekstində mənzil hüquqları – humanitar yardım və bərpa arasında körpü” adlı sessiyada böhran və münaqişə şəraitində mənzil hüquqları, köçkünlük, şəhər toxumasının dəyişməsi və yenidənqurma prosesləri ilə bağlı aktual məsələlər müzakirə edilib.
Sessiyada çıxış edən Norveç Qaçqınlar Şurasının (NRC) Qlobal Sığınacaq və Məskunlaşma üzrə müşaviri Lana Barreto bildirib ki, qeyri-rəsmi məskunlaşmalar və şəhər toxumasının deformasiyası şəhərlərin strukturuna təsir göstərir və bu səbəbdən mənzil məsələsinə təkbaşına yanaşma deyil, mənzil, torpaq və mülkiyyət (HLP) hüquqlarını əhatə edən inteqrasiya olunmuş yanaşma zəruri hesab edilir.
“Habitat for Humanity International” təşkilatının Mənzil, Fəlakətlərə Dayanıqlılıq və Bərpa üzrə Sahə Əməliyyatları direktoru Mario Flores isə qeyd edib ki, böhran və fəlakətlər zamanı mənzil sahəsində təmin edilən təhlükəsizlik mexanizmləri ailələrin yenidənqurma mərhələsində təkrar köçürülməsinin qarşısını almaqda mühüm rol oynayır. Onun sözlərinə görə, “geri qayıdış hüququ”nun tanınması və təhlükəsiz məskunlaşmanın qorunması vacibdir.
Sessiyada çıxış edən London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) Coğrafiya və Ətraf Mühit üzrə elmi əməkdaşı Deen Sharp münaqişə zonalarında dağıntıların miqyasının görünməmiş səviyyəyə çatdığını bildirib. O qeyd edib ki, dağıntıların təmizlənməsi uzunmüddətli prosesdir və bu, yenidənqurma fəaliyyətlərini ciddi şəkildə ləngidir.
Sonda vurğulanıb ki, yenidənqurma prosesləri humanitar yardım, inkişaf və şəhərsalma yanaşmalarının inteqrasiyasını tələb edir və dayanıqlı bərpa üçün hüquqlara əsaslanan yanaşma mühüm əhəmiyyət daşıyır.
XQ

