Hikmət Hacıyev “Xalq qəzeti”nin sualını cavablandırarkən belə dedi
Artıq öz işini başa çatdıran BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 hələ də yerli və dünya mediasının gündəmindən düşməyən mövzulardandır. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı Forumunda yerli media subyektlərinin fəaliyyəti ilə bağlı sualımızı cavablandırdı.
Forum çərçivəsində həyata keçirilən bütün tədbirlərin, istər çap, istərsə də elektron mediamızın cəmiyyəti operativ və dolğun məlumatlarla təmin edilməsi yönündə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən H.Hacıyev bu zaman heç bir ayrı-seçkiliyə yol vermədiyini nəzərə çatdırdı: “Azərbaycan mediasının bütün seqmentləri – istər çap mediası, informasiya agentlikləri, radio və televiziya kanalları, istərsə də onlayn media platformaları və bloqerlər hər biri informasiya məkanının formalaşmasında və cəmiyyətin düzgün, operativ məlumatlandırılmasında mühüm rol oynayır. Xüsusilə müasir dövrdə operativlik, obyektivlik və peşəkarlıq media üçün əsas meyarlardır və sevindirici haldır ki, bizim media subyektləri bu istiqamətdə böyük fəallıq nümayiş etdirirlər”.
Prezidentin köməkçisi onu da vurğuladı ki, ümumiyətlə, müasir medianın, demək olar ki, bütün istiqamətləri üzrə çalışan insanların fəaliyyəti həm cəmiyyətin maariflənməsinə, həm də dövlət və ictimai maraqların qorunmasına ciddi töhfə verir: “Çətin və məsuliyyətli fəaliyyət sahəsi olmasına baxmayaraq, media nümayəndələri WUF13 çərçivəsində də öz işlərini böyük əzmkarlıq və peşəkar yanaşma ilə həyata keçirirlər. Bütün bunlara görə media nümayəndələrinin əməyini yüksək qiymətləndirir, hər birinizə təşəkkürümü bildirirəm. Göstərdiyiniz fəaliyyət, cəmiyyət qarşısında daşıdığınız məsuliyyət və peşənizə olan sadiqliyiniz, həqiqətən, təqdirəlayiqdir”.
Nəzrin ELDARQIZI
XQ

