Sabir Rüstəmxanlı – 80
Bugünlərdə görkəmli ictimai-siyasi xadim, Xalq şairi, Türk dünyasının sevimli sənətkarı, Milli Məclisin bir neçə çağırış deputatı seçilmiş Sabir Rüstəmxanlının anadan olmasının 80 illiyi ölkəmizdə və qardaş məmləkətlərdə təntənə və qədrbilənliklə qeyd edilir.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeninə (daha əvvəl “Şöhrət” ordeninə) layiq görülən Sabir Xudu oğlu Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd obasında doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. “Cəlil Məmmədquluzadə və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.
Çoxsaylı və dəyərli kitabların müəllifi olan Sabir Rüstəmxanlı əsərlərinə oxucuların hər zaman maraq və sevgi ilə üz tutduqları qələm sahiblərindəndir. Məhsuldar fəaliyyəti ilə seçilən Xalq şairimiz bu gün də bir-birindən gözəl əsərlər yazıb-yaratmaqdadır. Böyük istedadı, dönməz əqidəsi və sağlam siyasi təfəkkürü hər zaman onun yol bələdçiləri olub.
Yubiley günlərində Xalq şairi ilə görüşmək çətin idi. Bir neçə dəfə telefonla danışdıq, vədələşdik. Onun rəhbərlik etdiyi VHP-nin sədr müavini, İcra Aparatının rəhbəri Samir Əsədli də müsahibəmizin alınması üçün əlindən gələni etdi. Nəhayət, Kulis.az saytının müxbiri Sevinc Mürvətqızı ilə birlikdə şairi sual “yağış”ına tuta bildik və cavablarını qələmə aldıq. Həmin müsahibəni oxuculara təqdim edirik:
– Sabir müəllim, şanlı yubileyinizi təbrik edirik! Birbaşa suallara keçək. Siz çoxdan Vətən obrazına, yurd simvoluna çevrilmiş bir sənətkarsınız. Azərbaycan sevdası, yurd məhəbbəti, qan yaddaşında yaşayan türkün bütövlüyünə və bu bütövlüyün qayıdışına inam fəlsəfəsi bütün zamanlarda yaradıcılığınızın əsas qayəsini, məramını təşkil edib, sizi milli Azərbaycan şairindən böyük Türk dünyası şairi səviyyəsinə yüksəldib. Maraqlıdır, ən böyük həyat dərsini kimlərdən almısınız?
– Gözəl sözlərə görə sağ olun. Həyat dərsimə gəlincə isə, onu öncə atamdan, babamdan almışam. O dərs düzlükdür, imandır, dünyanın gəlimli-gedimli olduğunu dərk etməkdir, kimsəyə pislik etməməkdir, imkan daxilində əl tutmaqdır, çətinliyin önündə əyilməməkdir. Sonra böyük bir ailəni öz halal zəhmətilə dolandırmaqdır, qapısından içəri haram buraxmamaqdır; Tanrıya inam və keçmişlərin xatirəsini uca tutmaqdır... Mən bunu yazmışam “Atamın ruhu” kitabında.
Bizim evlərimizdə hər axşam neçə nəslin xatirəsi yad edilərdi. O məhz kişilik söhbəti idi ki, filan babamız belə kişi olub, bu cür yaşayıb. Bu, yaddaşdır. Yaddaşını itirən millət ölür. Yaddaş nəsilləri bir-birinə bağlayır. Yaddaş tariхdir, illər və nəsillər arasında körpüdür. O vaxt kənd yeri idi, radio, televiziya yox idi, amma böyük bir yaddaş vardı. Məsələn, kənddə istənilən bir ağsaqqalı dindirsən, 20-30 nağıl, neçə dastan danışa bilərdi, onlarla bayatı deyərdi.
İndi gedib soruşun, görün, nə deyəcəklər? Təbii ki, başqa şeylər bilirlər, mən onları inkar etmirəm, pis də baxmıram. Amma mənim dediyim tamam ayrı bir mühit idi, mən o mühitdən çıxmışam...
– Düzlükdən danışdınız, sizcə, düz düzdə qalır, yoxsa düz elə düz də qalır?
– Düz əyrini yüz yerdən kəsir, belə deyirlər. Bilmirəm, bəlkə də bu gün düzlükdən, halallıqdan danışmaq kimlərəsə sadəlövhlük kimi görünə bilər. Amma hərənin bir həyat prinsipi var. Mənim yolum o ənənələrə, kökə bağlılıqdır. Belə tərbiyə almışıq. İndi 80 yaşında bundan danışmaq bir az qəribədir, çünki sən artıq özün babasan, ağsaqqalsan. Köhnə ağsaqqallardan danışmaq bəzən yersiz görünə bilər. Amma hər kəs bir yol tutub gəlir, o yolu da istəyir ki, övladları davam etdirsinlər.
Bizim yolumuz belə olub. İki cür yaşamaq var: Bir, sənə qədər olan hər şeyi inkar edirsən, onları əhəmiyyətsiz, köhnəlmiş, keçmiş, bu gün heç kimə lazım olmayan sayırsan... Bir də var o keçmişi sən torpaq kimi, öz ailən kimi, hava kimi, içdiyin su kimi həyatının təbii təməli sayırsan. Yaxşıdır, pisdir, hər nə cürdürsə, onu dəyərləndirirsən. Mən həm həyatımda, həm də yazılarımda keçmişi bəzən ideallaşdırmışam, bəzən olduğundan da böyük göstərməyə çalışmışam. Bu mənim yolumdur.
Məsələn, “Ömür kitabı”m Azərbaycanın tarixini və keçmişini böyük görmək istəyimdən doğulub. Və əslində də belədir. Əlbəttə, həyatımıza və xalqımıza dahi böyüklərimiz Sabir kimi, Mirzə Cəlil kimi baxmaq da var. Onlar çar Rusiyasında millətin çəkdiyi əzabları qəbul etmir və buna dözə bilmirdilər. Ona görə də o cür – qeyri-adi bir qəzəblə, təbii ki, daha yaxşı görmək istəyi ilə yazırdılar. O baxış da sevgidən doğulurdu.
Kök birdir, mən onların ruh övladıyam. Onlar o cür görürdü və qamçılayırdı. Amma mən qamçılamıram, tarixlə bağlı yazdığım “Göy Tanrı”, “Ölüm zirvəsi”, “Difai fədailəri”, “Şair və Şər”, “Akademikin son əsəri”, nəhayət, “Xətai yurdu, xalq meydanı” silsilə romanlarımda tarixin faciələri ilə yanaşı, pozitiv, işıqlı, qəhrəmanlıqla dolu olan, yeni nəslə örnək, müsbət enerji ilə çağlayan tərəfini göstərməyə çalışmışam. Qəhrəmanlarım tarixin təkərini fırladan adamlardır.
– Təbii ki, dünəndən öyrənməli çox şey var. Siz də daim bu yolla getmisiniz...
– Elədir. Kim mənə deyə bilər ki, Tanrıçılıq, Oğuz xan dönəmini olduğu kimi, Dədə Qorqud ruhuna yaxın bir ruhda, göstərmək özünü aldatmaqdır? Əksinə, bu həqiqətə yaxınlaşmaqdır. Bizim çox böyük bir tariximiz var, Azərbaycanın və bütövlükdə türklərin böyük tarixi var. Param-parça olublar, niyə? Hansı güclərin qarşısında? Sonra hansı faciəli yolları keçiblər? Keçmişin dilinə, folkloruna dərindən nüfuz eləyəndə görürsən ki, orda söyülməli, inkar olunmalı, aşağılanmalı heç nə yoxdur.
Əgər biz bu gün o ənənələrdən qopmuşuqsa, özümüz özümüzü söyməliyik, o tarixə toxunmaq olmaz. O tarix böyük tariхdir. Buna görə də mənim vətən sevgim elə-belə dəb xatirinə olan, yaxud da dərsliklərdən gələn, kiminsə öyrətdiyi bir şey deyil. Bu, ruhumun diktəsindən, daxili inamdan, qan yaddaşımdan gəlir:
Bu Vətən deyilən dünyam sirlidir,
Bir paytaxtı sevinc, bir paytaxtı qəm.
Bu Vətən torpağı çox qəribədir,
Hələ sərhədini tapammıram mən.
… Arzu da beləcə sərhədsiz olur,
Ümman da beləcə, göy də beləcə.
Ruhumuz sərhədsiz olduğu üçün
Payımız gəlibdi göydən beləcə!..
– Meydan hərəkatında öndə olmağınızın səbəbi də, yəqin ki, elə o ruhun diktəsi idi…
– Mən meydan hərəkatına doğru uzun bir yol gəlmişdim. Gəncə adının yasaq olduğu dövrdə “Gəncə qapısı” kitabımı buraxdım və çox geniş müzakirələri keçirildi, gənclər arasında geniş yayıldı. Ardınca “Sağ ol, ana dilim” kitabım nəşr olundu. O vaxt Bakı küçələrində hamı rusca danışırdı və o şeir də elə bütün auditoriyanın rusca danışdığı bir yerdə oxunmuşdu. Sonra “Qan yaddaşı” kitabım gəldi. Yazmışdım ki, “görünür, tarixin də unutduğu həqiqət çıxmır qan yaddaşından”.
Tarix kitablarımız ayrı cür yazırdı, amma uşaqlarımız qan yaddaşı ilə bağlanırdılar torpaqlarına. Bunun dalınca “Ömür kitabı”nı yazdım. O kitab əldən-ələ gəzirdi, qızlara cehiz kimi verilirdi. Bu barədə çox yazılıb, təkrar edirəm. Ona görə də oxucunun belə bir inamı var idi ki, bu kitabları yazan adam millətinə yalan deməz.
Xalq meydanda məni o cür qəbul edirdi. Onda tribunada siyasətçilər yox idi, daha çox ədəbiyyatçılar – Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, mən və bir neçə başqa qələm dostum vardı. Bir şeirimdə yazmışdım: “Bəlkə mən son dayağam, sınsam Vətən də sınar”.
Məni siyasətə 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Azərbaycanın yaşadığı faciələr gətirib. Namərd qonşularımız torpaqlarımıza göz dikmişdilər, Qarabağı zorla Ermənistana birləşdirmək istəyirdilər. Təəssüf ki, Moskva da, bəzi dünya ölkələri də onları müdafiə edirdilər. Belə bir vəziyyətdə Azərbaycanın rəsmi dairələrinin müqavimət göstərmək ixtiyarı yox idi. Sadəcə, ümid edirdilər ki, Moskva məsələyə baxacaq və obyektiv şəkildə həll edərək Ermənistanı yerində oturdacaq. Amma bu, olmadı. Əksinə, Ermənistanı silahlandırdılar, Azərbaycanda isə hətta ov silahlarını da yığışdırdılar.
Azərbaycan boş əllə qaldı düşmən qarşısında. Lakin xalq kortəbii şəkildə olsa da, müqavimət göstərirdi, öz el-obasını qorumaq istəyirdi. O vaxt biz – sadə adamlar və ziyalılar, fikir adamları – Vətəni sevən insanlar hamısı rəhbərliyin zəifliyinə, müqavimətsizliyinə, Moskvaya inanmasına və onun qulu olmasına etiraz edirdik və küçələrə, meydanlara çıxırdıq.
Mən də o vaxt həmin hadisələrin önündə olanlardan biri idim. Sonra proseslər getdi, Azərbaycan faciələrdən keçdi və dəfələrlə – 88-ci ildə, 90-cı ildə Bakıya ordu yeridildi, Yanvar qırğını oldu, amma millət geri çəkilmədi. 1991-ci ilin yazında referendum da keçirildi ki, Azərbaycan SSRİ-dən qopsun, ya qopmasın. Onda cəmi 43 deputat Azərbaycanın müstəqilliyinə qol çəkmişdi. Əsl istiqlalçılar onlar idi.
Nəhayət, avqustda Müstəqillik Bəyannaməsi, oktyabrda xalqın tələbi ilə Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edildi və mən də istiqlalımız uğrunda proseslərdə yaxından iştirak etməyimə çox sevindim. Hakimiyyət dəyişdi, amma çox böyük çətinliklər də oldu, qarışıqlıqlar törədildi, vətəndaş müharibəsi təhlükəsi yarandı. Ermənilər də bir yandan müharibəyə başlamışdılar. Ölkə bütün bu oyunlardan xilas olsun deyə, o vaxt Naxçıvanda yaşayan təcrübəli siyasi xadim Heydər Əliyev hakimiyyətə dəvət edildi. Təbii ki, dövlət idarəçiliyi sahəsində tanınan siyasi xadim olan Heydər Əliyev ölkədaxili sabitliyi qoruyub saxladı, cəbhədə atəşkəsə nail oldu.
Həmin ərəfələrdə biz də artıq Vətəndaş Həmrəyliyi Partiyasını yaratmışdıq. Bu gün çox qürur duyuram ki, Azərbaycan üçün çox zəruri olan həmrəylik ideyasının yayılmasında bizim partiyanın da rolu böyükdür. Ötən 34 ildə biz daim birlik, həmrəylik uğrunda çalışmışıq, iqtidar-müxalifət münasibətlərinin ölkənin mənafeləri naminə sabit axarda formalaşmasını, qütblərin bir-biri ilə dil tapa bilməsini istəmişik.
– Siyasətdə təmiz qala bilmək asandırmı?
– Siyasətə xalqın iradəsilə gəldiyimə görə burada darıxmamışam və özümü heç vaxt tək hiss etməmişəm, hətta Milli Məclisin deputatı olanda bir məsələ haqda tək mən danışsam da, bilmişəm ki, milyonlarla insan mənim kimi fikirləşir. Belə olanda cəsarət tapırsan. İnsan biləndə ki, dediyi düzdür, millətin mənafeyinə, milli dəyərlərə, dünyanın qəbul etdiyi prinsiplərə uyğundur, onda daha cəsarətli olur. Çətindir, amma mümkündür.
– Sabir müəllim, mühüm vəzifələrdə çalışmısınız. Hər zaman da başlıca şüarınız “Vətən, xalq” olub. Qələmi də heç vaxt yerə qoymamısınız. Zamanın çağırışları və ürəyin hökmü vəhdətdə olub. Bütün bunları necə çatdırmısınız?
– Çalışmışam ki, çatdırım. O vaxt biz ilk müstəqil demokratik qəzetimizi – “Azərbaycanı”ı buraxdıq. Mətbuat Komitəsini çevirib Mətbuat və İnformasiya Nazirliyi elədik, beynəlxalq qurumlarda bu nazirliyi təmsil elədik, qəzetlər və informasiya agentliklərinin lisenziya almasının qarşısındakı bütün əngəlləri aradan qaldırdıq; senzuranın ləğvi, latın qrafikasına keçid, yeni ideologiya ilə dərsliklərin nəşri, Şahmat Federasiyasının prezidentliyi və Dil Qurumunun yaranması, Dünya Azərbaycanlıları Konqresinə rəhbərlik, “Vətəndaş Həmrəyliyi” partiyası və qəzetinin təsis edilməsi, “Qarabağın səsi”, ”Bakı–Təbriz”, “Türk dünyası” jurnallarını nəşr etməyim... Bunlar mənim ömrümün ayrı-ayrı fəsilləridir. Bunlar, məncə, lazımlı işlərdir, lakin ədəbi taleyimin böyük bir parçasını əlimdən aldı.
Təbii ki, çox vaxtım getdi. Əvvəllər cavan idim, hiss etmirdim, səhərdən axşama kimi danışırdım, gəzirdim, görüşlər, çıxışlar… Amma axşam gəlib oturub 20–25 səhifə də yazı yazırdım. Sonra 1988-ci ildə meydan hərəkatı başladı, elə həmin ildən 1995-ci ilə kimi – 7 il ərzində bir kitab belə çap etdirə bilmədim. O illərdə müstəqillik eşqi bizi elə havalandırmışdı ki, kitab yada düşmürdü. Yəni bir növ, ədəbi taleyimiz millətin taleyinə qurban getdi. Peşman deyiləm, ancaq, hər halda, daha çox yaza bilərdim. Bu barədə bir şeirimdə demişəm:
Neçə yazılmamış şeirlərimi
Atdım meydanların izdihamına,
Qatdım millətimin gur ilhamına,
Bircə söz saxladım – Azadlıq sözü,
Dönüb, yumruq olmaq öyrətdim ona.
Kağıza yazılmalı sözlərimi yumruğa çevirdim. Vaxt gəlir, yumruqlar açılır, amma söz qalır, şübhəsiz…
– Keçən il “Seçilmiş əsərlər”inizin nəşri yekunlaşdı. AMEA Mərkəzi Elmi Kitabxanasında izdihamlı təqdimatı keçirildi. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AYB-nin sədri, Xalq yazıçısı Anar, akademiklər Nizami Cəfərov və Rafael Hüseynov, Milli Məclisin deputatı, professor Fəzail İbrahimli, Xalq yazıçıları Çingiz Abdullayev və Elmira Axundova, görkəmli ictimai-siyasi xadim Həsən Həsənov, Əməkdar elm xadimi Qəzənfər Paşayev və başqaları dəyərli çıxışlar etdilər. “Seçilmiş əsərləri”nizin 15 cildliyinin sizin Azərbaycan ədəbiyyatındakı böyük yerinizi, bütün janrların inkişafındakı xidmətlərinizi əks etdirdiyi vurğulandı. Sonra da qələmi yerə qoymadınız. Hazırda hansı əsər üzərində işləyirsiniz?
– Əvvəlki sürətlə olmasa da, işləyirəm. Araya gözlənilməz işlər girir. Bir işi başlayıram, başqa bir iş çıxır. Bir neçə il əvvəl şərti adı “Dağların qisası” olan roman yazmışam, bitib əslində, amma ora vacib bir epizod əlavə etməliyəm, vaxt tapa bilmirəm. Uşaqlar üçün müəyyən şeylər yazmışam, tamamlanmayıb. İdeyalar var, amma tam reallaşdıra bilmirəm.
Bir də ki, yazdıqlarımızın nəşri məsələsi var. Təəssüf ki, bununla da özümüz məşğul olmalıyıq. Məsələn, “Ömür kitabı” rus dilinə çevrilmişdi, Rusiyanın türklər yaşayan hər yerində ondan xəbərləri vardı, elektron variantını oxuyublar. Sonra ingilis dilində Londonda, daha sonra Bosniya və Herseqovinadakı səfirimiz, görkəmli ədəbiyyatşünas alim, professor Vilayət Quliyevin köməyi ilə Sarayevoda çap olundu. Bu yaxınlarda tərcümə edilib Polşada da işıq üzü görəcək.
Mənim “Göy Tanrı”m Türkiyədə dəfələrlə, Özbəkistanda və bir sıra ölkələrdə nəşr edildi, Almaniyada 3 kitabım çıxdı, “Ölüm zirvəsi” gürcü dilində nəşr edildi. Bütün bu proseslər, çox vaxt aparır. Azərbaycana qarşı informasiya blokadasını yaran, tariximizi öyrədən əsərlərin tərcümə və nəşr işi rəsmi səviyyədə aparılmalı, bundan ötrü müəyyən mənbə və ya fond yaradılmalı, təbliğatı aparılmalıdır ki, şair və yazıçı vaxtını sırf yaradıcılığa daha çox sərf etsin.
– Bu yaxınlarda Bakıda da yeni bir kitabınız çıxıb: “Azərbaycan adından”. Haqqınızda yazılan təzə bir kitab da var...
– Elədir. Bu kitab mənim gənclik illərimdən başlayaraq, Türk dünyasına və müxtəlif ölkələrə səyahətlərimdən qalan qeydlərdir. İştirak etdiyim beynəlxalq ədəbi və siyasi tədbirlərlə, keçirdiyim görüşlərlə bağlı düşüncələrimin məcmusudur. Yollarda keçən ömrün tarixidir bu kitabda toplananlar.
O ki qaldı haqqımda yazılan “Dil, kimlik, Vətən” kitabına, bu, mənim üçün bir sürpriz oldu. Bu kitabı istedadlı gənc xanım Şəhla Aslan yazıb. Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının rəhbəri, ciddi araşdırmaçı olan müəllif, sən demə, mənim yaradıcılığımı da yaxından izləyirmiş və yubileyim ərəfəsində bu kitabı yazaraq nəşr etdirib. Bu, mənim üçün çox sevindirici bir hadisədir. Ümumiyyətlə, yaradıcılığıma dəyər verən hər kəsə ürəkdən minnətdaram.
* * *
Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə ondan aldığımız müsahibəni şairin bir şeiri ilə tamamlamaq istəyirik.
Ad günüm
Bəlkə min il yaşlı, on min il yaşlı
Sirli bir mahnının ardınca bu gün.
Dağlara gəlmişəm yalqız, kimsəsiz
Öz doğum günümü qutlamaq üçün!
Ürək oxuyanın işləri müşkül,
Gözlərdə göz alan dərinlik qalmır.
Onsuz da seyrəlir dost məclisləri,
Sözlərdə əvvəlki şirinlik qalmır.
Tənha zirvələrlə verim baş-başa,
Məni onlar atdı burdan həyata.
Görüm ucaların halı necədi,
Dözə bilirlərmi bu gedişata!..
Adımı köksünə həkk eləmişdim,
Bilmirəm ağrısı dərindədirmi?
Salam çinar qardaş, nəğməm darıxır,
Sənin mahnıların yerindədirmi?
Əgər yerindəsə bir ağız oxu
Ya da sağlıq söylə köklər eşqinə,
Sən də badəyə dön, ay əlçim bulud
Qaldırım başıma göylər eşqinə!
O göl qədəhini qaldır, qoca dağ,
Nuş elə, lap nəfəs kəsəsi olsun.
Mən ömrüm uzunu səni öymüşəm,
Sən də bir ağız de, əvəzi olsun!
Bu meşə, bu çəmən, bu bulaq, bu yol,
Köhnə dostlərımdı məclisimdə cəm.
Şəhərin səhəri ayıltdı məni
Şəkər bulaqlardan keflənəcəyəm!
Elə sehir var ki, bu ucalıqda
Ürəyi dəyişir, vaxtı çaşdırır.
Dağlar ad günümə hədiyyə kimi
Ruhumu yenidən cavanlaşdırır.
Hazırladı:
Əli NƏCƏFXANLI
XQ

