2024-cü il mayın 24-də Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı

post-img

Daha 4 ərazinin taleyi isə...

Bu məsələ Ermənistanda parlament seçkilərinin nəticəsi və sülh sazişinin imzalanmasından birbaşa asılıdır.

Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət öncə jurnalistlərə açıqlamasında ölkəsi ilə Azərbaycan arasında şimaldan cənuba doğru delimitasiyanın davam etdirilməsi ilə bağlı razılaşmanın mövcud olduğunu bildirmişdi. Qeyd etmişdi ki, delimitasiya prosesinin aparılması üçün hüquqi əsaslar formalaşıb: “2024-cü ilin avqustunda imzalanmış və oktyabrda ratifikasiya edilmiş delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə uyğun olaraq, Alma-Ata Bəyannaməsi iki ölkə arasında delimitasiyanın əsas prinsipi kimi qəbul edilib. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında mövcud olmuş sərhədin iki ölkə arasında dövlət sərhədi kimi yenidən rəsmiləşdirilməsi ilə razılaşıblar”.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə bu günlərdə iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesində təkcə sərhədlərin müəyyənləşdirilməsinin deyil, anklavların taleyinin də əhəmiyyət kəsb etdiyini bildirib. Deyib ki, delimitasiya və demarkasiya işləri çox böyük prosesdir: “Burada bir çox texniki məsələlər var. Qısa müddət ərzində həyata keçirilə bilən proses deyil. Bu istiqamətdə işlər gedir”.

Qeyd edək ki, 2024-cü il aprelin 19-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın 8-ci görüşündə Qazax rayonun erməni işğalı altında olan 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının (ümumilikdə 6,5 kvadratkilometr ərazi) ölkəmizə qaytarılması barədə razılıq əldə edilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən olunub. 2024-cü il mayın 24-də isə 4 kənd rəsmən Azərbaycana geri qaytarılıb. Həmin kəndlərin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

İndi isə işğal altında qalan daha 4 kəndin (Qazaxın Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Naxçıvan Muxtar respubliasının Sədərək rayonunun Kərki kəndinin) qaytarılması məsələsi gündəmdədir. Bir neçə gün öncə bu istiqamətdə Ermənistanın “Hetq” qəzetinin yaydığı məqalədə əksini tapan fikirlər diqqəti cəlb edir. Qeyd edilib ki, 2026-cı il aprelin 29-da Ağverəndə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın 13-cü iclasında tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydalarına dair 3 təlimat layihəsinin mətnini razılaşdıraraq qarşılıqlı şəkildə mübadilə edib.

Nəşrə görə, tərəflər təlimatların təsdiqlənməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər. “Bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan hökumətləri müvafiq qərarlarla həmin təlimatları təsdiqləməlidir. Beləliklə, Ermənistanın hüquqi akt layihələrinin dərc olunduğu “e-draft.am” saytında mayın 15-dən 31-dək həmin 3 təlimatın təsdiqi ilə bağlı hökumət qərarı layihəsi ictimai müzakirəyə çıxarılıb. Layihə Ədliyyə Nazirliyi tərəfindən hazırlanıb”, – deyə qəzet bildirib.

Razılaşdırılmış təlimatlara əsasən delimitasiya üzrə ekspert qrupları yaradılacaq. Bununla belə, qeyd olunur ki, oxşar qrup ən azı Ermənistan tərəfində 2 il əvvəl də mövcud olub: “2024-cü il aprelin 22-də N.Paşinyan Ermənistan komissiyasının nəzdində işçi qrupunun yaradılması barədə qərar qəbul edib”. Nəşr bildirib ki, həmin qrup geodeziya ölçmələri nəticəsində ərazidə koordinatları dəqiqləşdirməli və delimitasiya ilə demarkasiya da məhz bu koordinatlar əsasında aparılmalı idi: “Qrupa Milli Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi, Kadastr Komitəsinin rəsmiləri, həmçinin geodeziya və kartoqrafiya üzrə mütəxəssislər daxil edilib. Yaxın vaxtlarda formalaşdırılacaq ekspert qrupları komissiyalara tabe olacaq. Ekspertlər bütün aidiyyəti xəritə sənədləri, normativ-hüquqi aktlar və hüquqi əsaslandırılmış digər sənədlərlə işləyəcəklər. Buradan belə nəticə çıxır ki, xəritələr və hüquqi sənədlərin istifadəsinə dair məhdudiyyət yoxdur. Qruplar həmçinin yer səthinin məsafədən zondlanması, yəni sərhəd xəttinin kosmik çəkilişi və ya pilotsuz uçuş aparatlarından aparılan aerofoto çəkiliş materiallarının əldə olunması və işlənməsi istiqamətində texniki işlər görəcəklər. Bundan əlavə, delimitasiya işləri dövründə ümumi, yəni dövlət sirri təşkil etməyən geodeziya bazası yaradılmalı, topoqrafik və geodeziya işləri aparılmalıdır. Xüsusilə sərhəd xəttinin bütün uzunluğu boyunca əraziyə baxış keçirilməli, sərhəd xətti razılaşdırılmalı, delimitasiya xəritəsinin layihəsi hazırlanmalı, dövlət sərhədinin təsviri layihəsi tərtib edilməlidir”.

Qeyd edilib ki, delimitasiya xəritəsində razılaşdırılmış dövlət sərhədi qalın qırmızı xətlə göstəriləcək. Xəritə sərhədin bütün uzunluğunu və hər iki tərəfdən 3 kilometr enində ərazi zolağını əhatə etməlidir. Xəritənin bütün vərəqləri albom formasında hazırlanacaq. Müəllif yazıb ki, vərəqlərin nömrələnməsi Ermənistan–Azərbaycan sərhədinin şimal hissəsindən, qərbdən şərq istiqamətində başlayacaq: “Başqa sözlə, albomda əvvəl Tavuş, sonra Göyçə, Dərələyəz və sonda Zəngəzur istiqamətində delimitasiya edilmiş sahələrin xəritələri yer alacaq”.

***

Hazırda Ermənistanda parlament seçkiləri kampaniyasının qızğın çağıdır. Bu səbəbdən ölkədə bütün siyasi qüvvələrin diqqəti daha çox daxili gündəmə, seçici rəğbətinin qazanılmasına və rəqiblərə qarşı üstünlük əldə etməyə yönəlib. Belə bir şəraitdə hakimiyyətin sərhədlərin müəyyənləşdirilməsi kimi həssas və cəmiyyət üçün ciddi rezonans doğuran məsələlərdə tələsik addımlar atması ehtimalı zəif görünür. Müxalifət də delimitasiya mövzusundan siyasi alət kimi istifadə etməyə çalışdığı üçün hökumət əlavə risklərdən yayınmağa üstünlük verir. Bu baxımdan güman etmək olar ki, delimitasiya məsələsinə seçkilər başa çatdıqdan sonra qayıdılacaq. Çünki seçkilərdən sonra yaranacaq yeni siyasi mühit tərəflərə daha praqmatik və nisbi sabit şəraitdə danışıqları davam etdirmək imkanı verə bilər.

Siyasi şərhçi Rizvan Hüseynov mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, hazırda iki ölkə arasında aparılan danışıqlarda əsas müzakirə mövzularından biri delimitasiya prosesi və anklavlar məsələsidir. Onun sözlərinə görə, delimitasiya prosesinin bir hissəsi olaraq anklavlar məsələsi sülh sazişi ilə bilavasitə əlaqəli deyil: “Ancaq sözsüz ki, sülh sazişinin imzalanması bu prosesə müsbət təsir göstərə bilər. İki prosesin birlikdə həllinin mümkün olacağını düşünənlər də var. Çünki bu məsələ yalnız texniki sərhəd xəttinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda təhlükəsizlik, kommunikasiya və qarşılıqlı hüquqi təminatlar kimi mürəkkəb komponentləri də əhatə edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, anklav kəndlərlə bağlı ayrıca ekspert qrupları fəaliyyət göstərir və bu kəndlərin qaytarılması prinsipial məsələdir. Bu isə göstərir ki, rəsmi Bakı məsələni uzunmüddətli siyasi gündəmin mühüm hissəsi kimi qiymətləndirir və onun beynəlxalq hüquq çərçivəsində həllində israrlıdır”.

Bununla yanaşı, R.Hüseynov bildirdi ki, prosesin ləngiməsinin əsas səbəbi kimi daha çox Ermənistanın hüquqi-siyasi mövqeyini göstərmək olar: “Sülh sazişinə maneçiliyi anklavlar yaratmır, maneçilik Ermənistan Konstitusiyası ilə bağlıdır. Çünki Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddialarına əsas verən müddəalar qalmaqda davam edir. Rəsmi Bakı məhz bu amilin gələcəkdə sülh müqaviləsinin dayanıqlılığı üçün risk yaratdığını bildirir. Buna görə də tərəflər arasında yekun razılaşmanın əldə olunması üçün yalnız sərhəd məsələlərinin deyil, həm də hüquqi və siyasi ziddiyyətlərin aradan qaldırılması vacib hesab olunur”.

Səxavət HƏMİD
XQ



Siyasət