Seçki, yoxsa söyüş kampaniyası?

post-img

Ermənistanda artan gərginliyin rəzaləti

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, siyasi həyatda gərginlik artır. İlk baxışdan elə təsəvvür yaranır ki, Baş nazir Nikol Paşinyan və ətrafı seçkiqabağı kampaniyanı açıq siyasi intiqam predmetinə çevirməkdədir. Məsələ ondadır ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Hayastan” blokundan deputatlığa namizədlərin mənzillərinə və ofislərinə basqın edirlər.

Deməli, Nikolun iki gün əvvəlki anonsu, belə demək mümkünsə, əməli iş müstəvisinə keçib. Yada salaq ki, Baş nazirin həmin həbs anonsundan sonra deputatlığa namizəd, müxalif Andranik Tevanyana qarşı ittiham irəli sürülüb və bu gün maskalılar artıq onun kabinetində axtarış aparıblar. Onlar, həmçinin “Hayastan” blokundan deputatlığa namizəd Martun Qriqoryanın evinə də daxil olublar.

Ümumən, müxalifət nümayəndələri bildirirlər ki, təmsil olunduqları cinahın bir neçə gün əvvəl Gümrüdə keçirdikləri izdihamlı mitinqlərdən sonra hakimiyyət siyasi sarsıntı vəziyyətinə düşüb. Onların fikrincə, bunun ən yaxşı sübutu Paşinyanın davranışıdır və Baş nazir səhər tezdən yarıyuxulu vəziyyətdə mətbuat konfransı keçirərək narahatedici bəyanatlar səsləndirib. Müxalif düşərgənin nümayəndələri onu da vurğulayırlar ki, Nikolun yalnız əsassız ittihamlar və şəxsi təhqirlərlə müşayiət olunan qeyri-taraz davranışı hakimiyyətin panik duruma düşdüyünün göstəricisidir.

Azərbaycanda bir misal var: imam üçün ağlayanda yezid üçün də ağlamaq lazımdır. Amma məsələyə sırf mövcud kontekstdən yanaşmırıq. Çünki indiki durumda yezidlər Ermənistandakı müxalifət nümayəndələridir. Yəni Paşinyan üçün obrazlı desək, ağlamaq lazımdır. Baş nazir və komandası, sanki, sərsəmlər və ağıldankəmlər əhatəsindədir. Əlbəttə, Ermənistandakı müxalif cəbhənin dəlilərdən ibarət olduğunu demirik. Onlar daha çox xəstədirlər. O xəstələr ki, mərəzlərinin ən böyük mənbəyi Qarabağ avantürasıdır. Ermənistanda indiyədək Qarabağ ritorikası olmayan seçki keçirilməyib və bu baxımdan qarşıdan gələn parlament seçkilərinin də istisnaya çevrilməyəcəyi indidən aydındır. Aydın olan bir məqam da var: Ermənistanda ilk dəfə bir siyasi qurum seçkiyə Qarabağ avantürasını bayrağa çevirmədən gedir ki, bu da Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə”dir.

Bəli, Nikol və komandası avantüradan uzaq olduqları üçün tənələrlə üzləşirlər. Yeri gəlmişkən, təhqir və aşağılamaq dilini işə salan da məhz haqqında söz açdığımız “xəstələr” olub. Yəni Paşinyanın müxalif cəbhənin təmsilçilərini, eləcə də ölkəsinin eks rəhbərlərini aşağılayıcı ifadələrə “qonaq etməsi” yalnız cavab xarakteri daşıyır. Məsələn, müxalifət kimisə öyrədib “Mülki müqavilə”nin seçki kampaniyası çərçivəsində keçirdiyi aksiyalara göndərir və təxribat yaradır. Bunu hakim komanda üzvləri yaxşı bilirlər. Paşinyan da bilir, ancaq bəzən hislərinə hakim kəsilməkdə çətinlik çəkir və sərt ifadələri işə salmaqla dillənir: “Ay fərarilər, sizin ümumiyyətlə burada nə işiniz var, burada nə edirsiniz? Bunlar kimdir axı, gəlib mənə barmaq silkələyirlər? Qarabağın qondarma elitası, hamınız buradan rədd olun”.

Yaxud “Koçaryan, Sarkisyan, Karapetyan və Sarukyanın rəhbərlik etdiyi qondarma Qarabağ elitasına deyirəm: kökünüzü kəsəcəyəm. Alçaqlar, niyə yaşayırsınız? Hələ də yaşadığınızın səbəbini açıqlayın. Hələ üstümə gəlib 5 min qurbandan danışırsınız. O 5 min qurban niyə oldu? Siz niyə onların içində deyilsiniz?”

Hələ Paşinyanın dilindən çıxan bu fikir də var: “Talançı heyvanlar. Siz Qarabağ ermənilərini də girov götürmüşdünüz! Bəli, girov götürmüşdünüz! İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər belə Qarabağ istəyirdinizsə, gedib ölərdiniz də. Niyə yaşayırsınız? Bax, siz, sən niyə yaşayırsan? İndi də gəlib mənimlə beş min nəfər qurban barədə danışırsan! Ay alçaq, niyə yaşayırsan? Bəs Şahramanyan niyə yaşayır? Hələ o biriləri demirəm. İndi sizin “parlament”də “deputat” hesab olanlar nə üçün yaşayırlar? Niyə ölməyiblər? İndi gəlib deyirlər ki, 5 min qurban gedib. Bəs siz niyə ölmədiniz? Sizi kim qoruyub-saxlayır, ay şərəfsizlər?”.

Heç şübhəsiz, qarşıdakı günlərdə Ermənistanda gərginliyin indikindən qat-qat çox olacağını söyləmək mümkündür. Hətta toqquşmaların və qanlı qarşıdurmaların baş verəcəyini də istisna etmək olmaz. Kənardan isə son dərəcə rəzil və miskin durum müşahidə edilməkdədir ki, bu, Ermənistan adına böyük qəbahətdir. Əlbəttə, ölkədə bunu düşünmək və adekvat davranmaq mədəniyyəti olmadığından, rəzilliyin və miskinliyin fərqinə varan da yoxdur.

R.ƏVƏZ
XQ

Siyasət