Ümumdünya Şəhərsalma Forumunun 6-cı günündə sessiya və təqdimatlar

post-img

Ümumdünya Şəhərsalma Forumunun son günü müxtəlif mövzuları əhatə edən panel müzakirə, dəyirmi masa və konfranslarla başladı. Burada dayanıqlı, ədalətli, rahat şəhərlərin salınması üçün bir çox maraqlı müzakirələr və fikir mübadilələri aparıldı.

“Aborigen xalqlar üçün adekvat mənzil”

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Aborigen xalqlar üçün adekvat mənzil” mövzusunda dəyirmi masa təşkil olundu. Məclisdə ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı.

Yerli və beynəlxalq ekspertlər, şəhərsalma mütəxəssisləri, BMT nümayəndələri və yerli xalqların təmsilçiləri aborigen icmaların mənzil hüquqları ilə bağlı ənənəvi münasibətləri və inklüziv şəhərsalma məsələlərini müzakirə etdilər.

Florensia Soto Nino-Martinez, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının yerli xalqlar və yerli icmalar üzrə işçi qrupunun həmsədri:

– Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin birgəyaşayış, sülh, təhlükəsizlik və mənəvi dəyərlərlə bağlı ideyaları müasir dünyanın çağırışları fonunda da əhəmiyyətini saxlayır. XII əsrdə yaşamış Nizami Gəncəvi insanların tarix boyu müxtəlif böhranlarla üzləşdiyini göstərib, eyni zamanda, bu problemlərin həlli yollarının da mövcud olduğunu vurğulayıb. Dahi şairin dünyaca məşhur “Leyli və Məcnun” əsəri Hindistanın Manipur bölgəsində də tanınır. 2026-cı ildə yaşamağımıza baxmayaraq, Nizaminin XII əsrdə irəli sürdüyü fəlsəfə bu gün də aktuallığını qoruyur. Biz bu gün Nizaminin vətənində onun bərabərli çağırışına günümüzün cavabını formalaşdırırıq.

Omar Siddiqi, BMT-nin Məskunlaşma Proqramının Kanada ofisinin rəhbəri:

– Aborigen xalqların mənzillə təminat sahəsində üzləşdikləri problemlərin kökündə tarixi ədalətsizliklər, müstəmləkəçilik və torpaqların sistemli şəkildə əllərindən alınması dayanır. Evsizlik, məcburi köçürülmə, torpaqların zəbt olunması və zorla çıxarılma halları dünyanın bir çox ölkəsində aborigen icmalar üçün ciddi problemdir. Odur ki, sessiyada hazırlanacaq tövsiyələr WUF13-ün yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırışı”a (Baku Call to Action) daxil ediləcək və Yeni Şəhər Gündəliyinin icrasına dair gələcək müzakirələrdə nəzərə alınacaq.

Mariana Posada Lombana, Meksika Xarici İşlər Nazirliyinin QHT-lərlə əlaqə üzrə baş direktoru:

– Meksika çoxmədəniyyətli ölkədir və burada yerli xalqlar, metislər və digər etnik qruplar birgə yaşayırlar. Yerli xalqlar haqqında vahid və homogen bir qrup kimi danışmaq mümkün deyil. Onlar fərqli etnik mənsubiyyətlərə, dillərə, yaşayış məkanlarına və özünəməxsus adət-ənənələrə malikdirlər. Buna görə də bütün icmalar üçün eyni siyasətin tətbiqi mümkün deyil.

Hər bir etnik qrupun xüsusiyyətləri nəzərə alınmalıdır. Meksikada özünü yerli xalqın nümayəndəsi kimi tanıdan insanların sayı ölkə əhalisinin, təxminən, 15 faizini təşkil edir. Bununla yanaşı, təxminən, 3,1 milyon nəfər özünü afro-meksikalı və ya Afrika mənşəli icmaların nümayəndəsi hesab edir ki, bu da əhalinin 2,4 faizinə bərabərdir.

Endorois, Yerli Qadınların Gücləndirilməsi Şəbəkəsinin icraçı direktoru:

– 90 ölkə və ərazidə yaşayan 500 milyon nəfərlik yerli xalq nümayəndəsi fərdi və kollektiv hüquqlarının sistemli şəkildə pozulmasına məruz qalır. Buraya kriminalizasiya, yerli hüquq müdafiəçilərinə qarşı hücumlar və qətllər daxildir. Bu səbəbdən Yerli Xalqlar Qrupu builki foruma dərin narahatlıq və sürətlə dəyişən dünyada həll yolları təqdim etmək əzmi ilə qatılıb.

Hazırda dünyada, təxminən,132 münaqişə 200 milyon insanın məcburi köçkün düşməsinə səbəb olub. Münaqişələrin 80 faizi yerli xalqların yaşadığı biomüxtəliflik baxımından həssas ərazilərdə baş verir. Buna görə də biz sülh quruculuğu və “azad, əvvəlcədən verilmiş və məlumatlı razılıq” prinsipinin hər hansı şəhərsalma planının əsas şərti olmasını təklif edirik.

“Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı”

Anaklaudia Rossbax, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru:

– Dünyada qadınların 60 faizini öz partnyorları qətlə yetirirlər. Bir çox yerlərdə qadınların təhlükəsizliyi, sağlamlığı, haqq və hüquqları nəzərə alınmır.

Mənzil təminatının zəif olması qadınların təhsil haqlarını da əllərindən alır. Onlar torpaq sahibi olmaq haqqından da məhrum olurlar. Bütün bu hüquqsuzluq onları zəif göstərir və başqalarına qadın cinayətləri törətməyə cəsarət verir.

Təhlükəsiz mənzilin olmaması gender əsaslı zorakılığın başlanğıcıdır. Əgər qadınların təhlükəsiz mənzillə təminatı yoxdursa, o ya zorakılıq mühitində qalır, ya da yoxsulluq və evsizlik səbəbindən başqa bir həyatı seçir. Bu, bir daha göstərir ki, mənzil siyasəti təkcə yaşayış sahəsinin təmin olunması deyil, həm də insan təhlükəsizliyi, sosial müdafiə məsələsidir.

Biz bütün qadınların qərarvermə prosesinin iştirakçısı olmalarına çalışırıq. Qadınlar anadır, qadınlar liderdir. Bu yanaşma Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci hədəfi ilə də uyğunluq təşkil edir. Gender bərabərliyinin təmin olunması olduqca vacibdir.

Bahar Muradova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri:

– Ölkəmizdə şəhərlər və yaşayış məskənləri salınarkən təhlükəsizlik məsələləri xüsusilə diqqətdə saxlanılır. Azərbaycan dövləti qadınların şəhərsalma və iqlim məsələlərində iştirakına dəstək verməyə hazırdır. Əlbəttə ki, beynəlxalq əməkdaşlıq da çox önəmlidir. Qadınlar üçün bərabərliyin təmin olunması istiqamətində çoxsaylı layihələr hazırlana bilər. Bu məsələlərdə əməkdaşlığa hazırıq.

Amina J.Mohammed, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Dayanıqlı İnkişaf Qrupunun sədri:

– WUF13 çərçivəsində qadınların təhlükəsiz mənzillərlə təmin olunması, gender bərabərliyinin nəzərə alınması barədə sənədlərin qəbul olunması planlaşdırılır. Şəhər həyatının formalaşdırmasında böhranlar və qadınlara təsirləri nəzərə alınmalıdır.

Dayanıqlı şəhərlər olmadan qadınların hüquqlarını təmin etmək olmaz. Buna görə də yaşayış yerlərini qadınlar üçün əlçatan etmək lazımdır. Bu mövzu WUF13-də də geniş müzakirə olundu və problemin həlli istiqamətində sənədlərin qəbulu nəzərdə tutulub.

“Münaqişədən sonra şəhər yenidənqurması: Humanitar mina təmizlənməsinin məskunlaşmada rolu”

Vüqar Süleymanov, ANAMA İdarə heyətinin sədri:

– Minatəmizləmə insanların həyatını xilas edən humanitar fəaliyyət, eyni zamanda, bərpa və yenidənqurmanın əsas təməlidir. Evlərin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır.

“Böyük Qayıdış” proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib. 2020-ci ilin noyabr ayından etibarən azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib. 250 mindən artıq mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Mina təhlükəsi dünyanın bir sıra ölkələrində bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalini təhlükə altında saxlayır.

Məhz buna görə də bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını da zəruri edir.

Samir Poladov, ANAMA İdarə Heyəti sədrinin müavini:

– Ölkəmizdə 1991-ci ildən bəri 3 min 500-dən çox insan mina qurbanı olub. Onlardan 362 nəfəri azyaş lı və gənc, 38 nəfəri qadındır. Təkcə 2020-ci ildən bəri mina hadisələrində 73 nəfər ölüb, 352 nəfər xəsarət alıb.

Ramil Cahangirov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə layihə idarəedilməsi şöbəsinin müdiri:

– Azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesi tam şəkildə əvvəldən hazırlanmış planlara uyğun qaydada həyata keçirilir. Bütün infrastruktur və tikintilərin şəhərsalma norma və standartları əsasında aparılması zəruridir.

Lakin hər bir layihənin əsas üstünlüyü təhlükəsizlikdir. Buna görə də sistem elə qurulub ki, ilk növbədə, ərazi təhlükəsiz elan olunsun və yalnız bundan sonra tikinti və digər işlərə başlanılsın. Bu proses olduqca mürəkkəbdir.

Həftə ərzində keçirilən müxtəlif panel və sessiyalarda da vurğulandığı kimi, koordinasiya xüsusilə şəhərsalma və minatəmizləmə fəaliyyətində vacib amillərdəndir. Çünki növbəti mərhələyə keçmək üçün ərazinin tam şəkildə minalardan təmizləndiyinə əmin olmaq lazımdır. Bundan əvvəl isə hansı ərazilərin daha çox, hansılarının isə daha az çirkləndiyini müəyyən etmək üçün davamlı məsləhətləşmələr aparılır.

Mariyana Kuyundziç, Avropa İttifaqının Azərbaycandakı səfiri:

– Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi sahəsi üzrə bir sıra layihələr həyata keçirir. Mina təhlükəsinə qarşı mübarizədə gender yanaşmasının tətbiqinə də xüsusi önəm verilir və Azərbaycanda ilk qadın minatəmizləmə qrupunun yaradılmasına dəstək göstərib.

Hazırda Sloveniya mənşəli "International Trust Fund for Enhancing Human Security" ilə genişmiqyaslı layihə üzrə danışıqlar davam edir. Bu layihə ANAMA-nın institusional və əməliyyat potensialının gücləndirilməsinə yönəlib.

Layihə çərçivəsində mina aşkarlayan itlərin xüsusi təlimi, vacib əməliyyat avadanlıqlarının təmin edilməsi, mina qurbanlarına yardım, həmçinin xüsusi təyinatlı ambulansların təqdim olunması nəzərdə tutulur. Bu sənədlərin yaxın zamanda imzalanması və icraya başlanması planlaşdırılır.

Aİ minadan çirklənmiş ərazilərin yenidən təhlükəsiz torpaqlara çevrilməsinə hər zaman dəstək göstərir. Heç kim belə yerlərdə addım atarkən qorxu hiss etməməlidir. Mən 2 gün əvvəl Qarabağa səfər etdim və orada müharibənin dəhşətli nəticələrini gördüm. Amma eyni zamanda imkanları, aparılan quruculuq işlərini və həyatın necə geri qayıtdığını da müşahidə etdim.

Məsələn, Xorvatiya minatəmizləmə prosesini yalnız bu il - müharibədən 31 il sonra tamamlaya bildi. Halbuki Azərbaycan əraziləri daha geniş şəkildə mina ilə çirkləndirilib. Bu proses çox uzun və çətin olsa da, mütləq həyata keçirilməlidir. Avropa Birliyi bu istiqamətdə dəstək göstərmək üçün buradadır.

“Dayanıqlı inkişaf məqsədlərindən mənzillərə”

Jose Çonq, BMT-nin Məskunlaşma Proqramının nümayəndəsi:

– Hazırda Yeni Şəhər Gündəliyinin icrasının aralıq qiymətləndirmə mərhələsi həyata keçirilir. Bu, 10 illik beynəlxalq gündəlikdir və onun icrasının orta mərhələsindəyik. Memarlar və şəhərsalma mütəxəssisləri çox vaxt bu gündəlikdəki proseslərdən tam xəbərdar olmurlar. Halbuki şəhərsalma və memarlıq layihələrinin hazırlanması zamanı bu prinsiplər nəzərə alınmalıdır.

Məskunlaşma Proqramının 2026-2029-cu illəri əhatə edən yeni strateji planında əsas diqqət mənzil, torpaq və baza xidmətlərinə yönəldiləcək. Bu plan inklüziv rifahın artırılması, ekoloji və iqlim tədbirlərinin gücləndirilməsi, həmçinin böhranlara hazırlıq, cavabvermə və bərpa proseslərini dəstəkləməyə xidmət edir.

Hazırda dünyada şəhər inkişafına yanaşmada parçalanmış modellər üstünlük təşkil edir. Bu problem yalnız qlobal cənub ölkələrində deyil, digər regionlarda da müşahidə olunur. Biz daha dayanıqlı, inteqrasiya olunmuş şəhər və ərazi planlaşdırılmasını təşviq edirik.

Yerli hökumətlərin mənzil və baza xidmətlərini planlaşdırmaq, maliyyələşdirmək və həyata keçirmək üçün daha effektiv alətlərə malik olması vacibdir.

Elisabet Cirici Amiell, İspaniyanın Kataloniya Hökumətinin ərazi, mənzil və ekoloji keçid departamentində şəhərsalma və memarlıq üzrə baş direktoru:

– Əsas məqsədimiz yalnız şəhər gündəliyinin qəbul edilməsi deyil, həm də icranı təmin etməkdir. Hazırda bu istiqamətdə irəliləyirik. Gələn həftə hökumət səviyyəsində şəhər gündəliyi ilə bağlı fəaliyyətlərimizi gücləndirəcək yeni təsdiqin alınması planlaşdırılır. Torpaq və mənzil inkişafı ilə bağlı bütün layihələrin vahid strateji çərçivə altında həyata keçirilməsi əsas prioritetlərdəndir. Bu, həyata keçirdiyimiz bütün layihələrin eyni yanaşma və prinsiplər əsasında inkişaf etdirilməsinə imkan verəcək.

Şəhərlərlə bağlı ibtidai və orta təhsil səviyyəsində həyata keçirilən təşəbbüslərdə bu alətlərdən istifadə Dayanıqlı İnkişaf Məqsədlərinin və prinsiplərinin daha praktik izahına imkan yarada bilər.

Beynəlxalq Memarlar İttifaqının hazırladığı model peşəkarlar arasında ortaq yanaşmanın formalaşdırılmasına və layihələrin daha dayanıqlı hazırlanmasına kömək edir. Bu, kommunikasiya və təşviqat baxımından çox faydalıdır. Eyni zamanda, layihələrin hazırlanması prosesində onların keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradır. İstifadəçilər alətlə interaktiv formada işləyərək müxtəlif parametrləri dəyişə və layihələrin nəticələrini qiymətləndirə bilirlər.

Layihələrin hazırlanması zamanı müəyyən kompromislər olur. Lakin bu model həmin prosesdə qərarların daha balanslı verilməsinə kömək edir.

Rui Leao, Portuqaldilli Ölkələrin Beynəlxalq Memarlar Şurasının prezidenti, memarlıq üzrə fəlsəfə doktoru:

– Beynəlxalq Memarlar İttifaqının hazırladığı və Bakıda təqdim olunan yanaşmalar İspaniyanın Barselona şəhərində keçiriləcək Memarların Dünya Konqresində nümayiş etdiriləcək. Həmin yanaşmalar Dayanıqlı İnkişaf Məqsədlərinin şəhərsalma və memarlıq layihələrində daha səmərəli tətbiqinə xidmət edir.

Konqres 28 iyun–1 iyulda olacaq. Məclisdə keçid dövründə olan dünyanın əsas urbanizasiya çağırışları müzakirə olunacaq.

Vity Nsalambi, Anqola Memarlar Ordeninin prezidenti:

– Dünyada ən sürətlə böyüyən 10 şəhərdən, ən azı, 4-5-i Afrikadadır. Lakin gözəl görüntülərin arxasında böyük problemlər dayanır. Luandada qeyri-rəsmi yaşayış məntəqələri şəhər ərazilərinin, təxminən, 70-75 faizini təşkil edir. Bu vəziyyət infrastrukturun idarə olunmasına, mənzil təminatına və şəhər sakinlərinin həyat keyfiyyətinə ciddi təzyiq göstərir.

Bir çox hallarda problemlərə "yuxarıdan aşağı" baxılır, idxal olunan və yüksək karbon emissiyası yaradan texnologiya tətbiq edilir. İnsanları dinləməli, onların ehtiyaclarını anlamalı və qərarvermə prosesinə cəlb etməliyik. Heç kəs bütün cəmiyyət adından düşünə bilməz.

Təbiət əsaslı çıxış yolları və yerli materiallardan istifadə etmək şəhərlərin inkişafında mühüm rol oynaya bilər. Lakin bəzi icmalar yerli həllərdən daha çox xarici modellərə üstünlük verir. Memarlar və şəhərsalma üzrə mütəxəssislər insanların yerli və dayanıqlı materialların əsl dəyərini anlaması üçün maarifləndirmə istiqamətində çalışmalıdırlar.

Bir çox Afrika şəhərində idarəetmə strukturları yetərincə formalaşmayıb və icmaların potensialının artırılmasına ehtiyac var. İştirakçı planlaşdırma modeli tətbiq olunarsa, kiçikmiqyaslı təşəbbüslər böyük nəticələr verə bilər.

Hazırladılar:
Ləman TƏHMƏZ,
Fidan ƏLİYEVA
XQ















Son xəbərlər