Polşalı qonaqlar Lənkəranda

post-img

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Polşa Respublikasının Lublin şəhər meriyasının strategiya və investorlarla əlaqələr departamentinin direktoru Maius Şaqan, Uniyov şəhərinin təmsilçiləri Damian Kaczmarek, İreneuz Szczesin və Polşa–Azərbaycan Assosiasiyasının nümayəndəsi Aleksandra Tomaşevska Lənkəranda olublar.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqları qəbul edərək ölkələrimiz arasında dostluq, əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. Lənkəranın tarixi, coğrafi mövqeyi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı barədə polşalı qonaqlara ətraflı məlumat verib.

Görüşdə Lənkəran ilə Lublin şəhərləri arasında qardaşlaşma əlaqələrinin təsis edilməsi haqqında məsələ müzakirə olunub. Lublin şəhər meriyasının strategiya və investorlarla əlaqələr departamentinin direktoru Maius Şaqan bildirib ki, Lublin və Lənkəran arasında kənd təsərrüfatı, təhsil, turizm sahəsində qarşılıqlı əlaqələrin qurulmasında maraqlıdırlar. Bu sahədə əməkdaşlığın qurulması, əlaqələrin inkişaf etdirilməsi olduqca əhəmiyyətlidir.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürlərini bildirən qonaqlar Prezident İlham Əliyevin müdrikliklə həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti yüksək dəyərləndiriblər, həmçinin ölkələrimiz arasındakı dostluq, mədəni əlaqələrin qarşılıqlı şəhərlər səviyyəsində qurulmasına önəm verdiklərini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Səfər çərçivəsində qonaqlar Lənkəran rayonunun gəzməli, görməli yerləri, zəngin təbiəti, tarixi abidələri ilə tanış olublar.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov forumun “UNESCO-nun Yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma” adlı panel sessiyasında iştirak edib. Panel sessiyada şəhər mühitində mədəni və yaradıcı sənayelərin rolu, urban transformasiya prosesləri, sosial inklüzivlik və mədəni irsin müasir şəhərlərin inkişafına verdiyi töhfələr müzakirə olunub. Yaradıcı şəhərlər şəbəkəsinə daxil olan Lənkəran şəhərinin qastronomiya tematikası barədə filmin təqdimatını iştirakçılar maraqla qarşılayıblar.

Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Son xəbərlər