AMEA-da “44 gün: Qarabağ işğaldan - azadlığa” kitabının təqdimatı olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Mayın 22-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Dublində Triniti Universitetinin professoru Patrik Uolş və Gəncə Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Səidə İsmayılzadənin “44 gün: Qarabağ işğaldan - azadlığa” kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli xarici və azərbaycanlı alimlərin həmmüəllifliyi ilə ərsəyə gələn kitabın elmi əhəmiyyətini qeyd edib. O, nəşrin Qarabağ probleminin tarixi kökləri, səbəbləri, mərhələləri, gedişatı və nəticələrini sistemli şəkildə araşdıran ilk fundamental elmi tədqiqatlardan biri olduğunu vurğulayıb. 

Akademik İsa Həbibbəyli Azərbaycan və ingilis dillərində nəşr olunan bu monoqrafiyanın beynəlxalq elmi ictimaiyyət üçün dəyərli mənbə olduğunu qeyd edib, əsəri Avropa və Azərbaycan alimlərinin elmi əməkdaşlığının uğurlu nümunəsi kimi səciyyələndirib. 

Kitabda Qarabağın ən qədim dövrlərdən bugünədək olan tarixinin mötəbər elmi mənbələr əsasında dərindən tədqiq olunduğunu deyən AMEA prezidenti vurğulayıb ki, nəşr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

AMEA rəhbəri qeyd edib ki, tarixi faktların təhrifinə yol vermədən, elmi həqiqətlər əsasında qələmə alınmış monoqrafiyada Qarabağ sözünün etimologiyasından başlayaraq Qafqaz Albaniyası dövrü, Hun və Xəzər imperiyaları, Səlcuqlar və Atabəylər mərhələləri, xanlıqlar dövrü və müasir tarix xronoloji ardıcıllıqla araşdırılıb. Bu faktlar Qarabağın qədim və əzəli Azərbaycan torpağı olduğunu elmi əsaslarla təsdiqləyir.

O, kitabda Birinci Qarabağ müharibəsi ilə yanaşı, İkinci Qarabağ müharibəsinin də tarixi reallıqlarının geniş şəkildə öz əksini tapdığını bildirib. Qeyd edib ki, əsərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılan Vətən müharibəsinin cəmi 44 gün ərzində tarixi Zəfərlə nəticələnməsi real faktlar və sənədlər əsasında təqdim olunub.

Akademik İsa Həbibbəyli çıxışının sonunda bu kimi təqdimat mərasimlərinin keçirilməsinin Avropa alimləri ilə elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə tədqiqatların aparılması və Azərbaycanla bağlı elmi əsərlərin beynəlxalq miqyasda nəşr olunması üçün mühüm platforma rolunu oynadığını vurğulayıb. 

Sonra siyasi şərhçi, Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Nil Uotson “Cənubi Qafqazın yeni reallığı: Patrik Uolşun Qarabağ konsepsiyası” adlı məruzəsini təqdim edib.

Məruzəçi kitabın həmmüəlifi olan professor Patrik Uolşun Azərbaycana və Qarabağ müharibəsi mövzusuna öz prinsiplərinə sadiq qalaraq, cəsarətli və obyektiv tarixçi mövqeyindən yanaşdığını bildirib. O, Patrik Uolşun 2018-ci ildə Azərbaycana və xüsusilə Milli Elmlər Akademiyasına səfərinin alimdə Azərbaycana qarşı böyük maraq yaratdığını söyləyib.

Nil Uotson ictimaiyyətə təqdim edilən nəşrin məziyyətlərindən də danışaraq qeyd edib ki, geniş araşdırmalara əsaslanan fundamental akademik əsər olan bu kitab müəlliflərin müasir hadisələrə analitik yanaşmasını əks etdirir. Əsərdə insan amilinə xüsusi diqqət ayrılır. Bu yanaşma müasir dünyanın mürəkkəbliyini, xarici qüvvələr və təcavüzkar erməni liderləri tərəfindən alovlandırılan müharibəni, Azərbaycanı tarixi qələbəyə aparan siyasi prosesləri, sülh təşəbbüslərini, eləcə də azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərini daha yaxşı anlamağa imkan yaradır. 

Tədbirdə, həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, prof. İlham Məmmədzadə “Tarixi həqiqət və Zəfər fəlsəfəsi: “44 gün: Qarabağ – işğaldan azadlığa” kitabı haqqında söz”, Gəncə Dövlət Universitetinin dosenti, tar.ü.f.d. Səidə İsmayılzadə “Tarixi yaddaş və dövlətçilik kontekstində Qarabağ məsələsi, ABŞ-nin Miçiqan Universitetinin müəllimi, s.e.ü.f.d. Mat Qarnet “Avropadan baxanda Qarabağ”, AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tar.ü.f.d., dos. Cəbi Bəhramov “Qarabağ: qədim tarixdən müasir münaqişəyə qədər sistemli elmi baxış” və Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəl.ü.f.d., dos. Zöhrə Əliyeva “Xalqları birləşdirən dəyərlər: insanlıq və qarşılıqlı hörmət” adlı məruzələrlə çıxış ediblər.

Məruzələrdə qeyd olunub ki, “44 gün: Qarabağ işğaldan - azadlığa” kitabı Qarabağ probleminin tarixi mərhələlərini, regionun etno-siyasi formalaşmasını və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən İkinci Qarabağ müharibəsini kompleks şəkildə araşdıran tədqiqat əsəridir. Nəşrdə Qarabağ bölgəsinin qədim və orta əsrlərdən başlayaraq tarixi-coğrafi xüsusiyyətləri, əhalinin etnik tərkibi və regionun Azərbaycan tarixindəki yeri elmi mənbələr əsasında təhlil olunur. Vurğulanıb ki, kitab Qarabağ probleminin tarixi köklərini, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəni ümumiləşdirən mühüm tədqiqat əsəridir.

Anar TURAN































Elm