Azərbaycan zəngin təbii müalicə resursları ilə sağlamlıq turizmi sahəsində böyük potensialı olan ölkələrdəndir. Əsas təbii müalicə ehtiyatlarımıza mineral sular, Naftalan nefti, yodlu-bromlu və duzlu göllər, əlverişli iqlim və landşaft xüsusiyyətləri, eləcə də qumlu çimərliklər daxildir.
Balneoloji ehtiyatlar ölkənin sağlamlıq turizmi sistemində əsas komponentlərdən biri hesab olunur. İstisu, Badamlı, Turşsu, İlisu, Xaltan və digər mənbələr profilaktika və müalicə-sağlamlaşdırma xidmətlərinin inkişafı üçün baza yaradır. Kəlbəcər və Laçın rayonları isə zəngin mineral bulaqları, dağ iqlimi ilə gələcək strateji sağlamlıq turizmi zonaları kimi qiymətləndirilir.
Dövlət siyasəti və davamlı dəstək
Sağlamlıq turizminin inkişafı Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahənin institusional, normativ və infrastruktur baxımından gücləndirilməsi məqsədilə ardıcıl və sistemli dəstək tədbirləri həyata keçirilir. Naftalan nefti isə ölkəmizin unikal sağlamlıq turizmi resursu kimi çıxış edir.
Ümummilli lider Heydər Əliyevin SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə Naftalan kurortunun inkişafı dövlət səviyyəsində xüsusi diqqət mərkəzində olmuşdur. Onun təşəbbüsü ilə şəhərin kurort kimi formalaşması sürətlənmiş, maddi-texniki bazası gücləndirilmiş, yeni sanatoriyalar, müalicə müəssisələri və sosial infrastruktur obyektləri tikilərək istifadəyə verilmişdir. Görülən işlər Naftalanın SSRİ əhəmiyyətli kurort kimi tanınmasına və geniş şöhrət qazanmasına şərait yaratmışdır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.
Ardıcıl inkişaf dinamikası
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində sağlamlıq turizmi və kurort infrastrukturu ölkənin prioritet inkişaf istiqamətlərindən birinə çevrilmişdir. Qəbul olunmuş dövlət proqramları və qanunvericilik bazası əsasında Naftalan şəhərində genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılmış, mühəndis-kommunikasiya sistemləri tam yenilənmiş, müasir hotel və müalicə kompleksləri yaradılmışdır.
Prezidentin 2008-ci il tarixli sərəncamı ilə Naftalan şəhərinin sanatoriya-kurort kompleksinin inkişafına dair tədbirlərin hazırlanması istiqamətində tapşırıq verilmiş, regional inkişaf proqramları çərçivəsində 2013-2014-cü illərdə Naftalanda genişmiqyaslı infrastruktur layihələri icra olunmuşdur. Bu çərçivədə “Çinar” sanatoriyası əsaslı təmir edilmiş, 5 yeni səhiyyə-kurort müəssisəsi, “Qaşaltı”, “Qarabağ” sanatoriyaları inşa edilmiş və istifadəyə verilmişdir. Ardıcıl inkişaf dinamikası Azərbaycanda sağlamlıq turizminin, xüsusilə Naftalan neftinin ölkənin ali rəhbərliyinin diqqət mərkəzində olduğunu göstərir.
Sağlamlıq turizmi axtarışları
Ölkənin sağlamlıq turizmi bazarında rəqabətqabiliyyətli məkan olaraq tanıdılması uğurlu dövlət siyasətinin bariz nümunəsidir. Bu siyasətin məntiqi davamı kimi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində 2019-2023-cü illər ərzində sağlamlıq turizmi istiqamətində tədqiqatlar aparılmışdır. Nəticədə, ölkənin sağlamlıq turizmi resursları sistemli şəkildə siyahıya alınmış, mövcud normativ və institusional boşluqlar müəyyən edilmiş, eyni zamanda, beynəlxalq müqayisəli təhlil əsasında inkişaf istiqamətləri formalaşdırılmışdır.
Respublikanın sağlamlıq turizmi potensialı nəzərə alınaraq Prezident İlham Əliyev 28 sentyabr 2024-cü il tarixli “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalamış və bu sahədə görüləcək işlərin əsas istiqamətləri müəyyən edilmişdir.
Bu mühüm sənədin icrası məqsədilə 2024-cü ildə Naftalan şəhərinə Nazirlər Kabinetinin Qərarı ilə rəsmi olaraq “kurort” statusunun verilməsi bu ərazinin sağlamlıq turizmi mərkəzi kimi əhəmiyyətini daha da artırmışdır. Növbəti mərhələlərdə isə Nazirlər Kabineti 9 oktyabr 2025-ci il tarixli “Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması Qaydaları”nın təsdiqi barədə qərar qəbul etmişdir.
Sağlamlıq turizminin xarici qonaqları
Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılması məqsədilə yeni tibbi araşdırmaların aparılması və bu məhsulların tibbi məqsədlər üçün daha geniş istifadəsini nəzərdə tutan Tədbirlər Planı təsdiq edilmişdir. Ardıcıl həyata keçirilən tədbirlər Naftalanın beynəlxalq səviyyəli sağlamlıq turizmi mərkəzinə çevrilməsini təmin etmiş, şəhərin turizm potensialını əhəmiyyətli dərəcədə artırmışdır.
Tibbi turizm istiqamətində ixtisaslaşmış klinikaların sayının artırılması, müasir və yüksək texnologiyalı tibbi avadanlıqların tətbiqi, eləcə də beynəlxalq akkreditasiya proqramlarında iştirak ölkənin bu sahədə rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edir. Məlumat üçün qeyd edək ki, 2025-ci ildə sağlamlıq turizmi məqsədilə Azərbaycana 20 min 135 xarici vətəndaş səfər etmişdir. Onların 85,4 faizi MDB ölkələrinin payına düşmüşdür. Əsas bazarlar Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan və Türkiyə olmuşdur.
Nadir sağlamlıq turizmi ünvanı – Naftalan
Uzun illərdir müxtəlif xəstəliklərin müalicəsində xüsusi balneoterapiya üsulu kimi istifadə olunan Naftalan nefti ilə müalicə həm yerli, həm də xarici turistlərin diqqətini cəlb edir. Kiçik Qafqaz dağlarının ətəklərində yerləşən bu yataq dünyada müalicəvi xüsusiyyətlərə malik yeganə neft yatağı olaraq Azərbaycanın sağlamlıq turizmi potensialının formalaşmasında mühüm rol oynayır. Tarixi mənbələr göstərir ki, bu neftin tibbi məqsədlərlə istifadəsi hələ orta əsrlərdən məlum olmuşdur. Səyyahların qeydlərində müalicəvi təsirindən bəhs olunan bu resurs Naftalan şəhərinin sanatoriya-kurort mərkəzinə çevrilməsində əhəmiyyətli təsirə malik olmuşdur.
Azərbaycanda sağlamlıq turizminin inkişaf tarixi XII əsrdə Naftalan müalicəvi neftindən istifadə ilə başlayır. Naftalan nefti barədə məlumatlar, xüsusilə Marko Polonun səfər qeydlərində yer alır. XIX əsrin sonlarında alman mühəndisi A.İ.Yeger burada ilk ödənişli müalicəxana quraraq Naftalan neftinin sənaye-kurort tətbiqinin əsasını qoymuşdur. Hətta 1904–1905-ci illərdə baş vermiş Rusiya-Yaponiya müharibəsi zamanı yapon əsgərlərinin tibbi çantalarında Naftalan mazının aşkar edilməsi bu müalicə vasitəsinin həmin dövrdə artıq beynəlxalq miqyasda tanındığını göstərən faktlardan biridir. 1899-cu ildə “Pharm Zeitung” jurnalı Naftalan yağının istifadəsi ilə bağlı 65 formul çap etmişdir. Naftalan yağı təkcə tibbi məqsədlər üçün deyil, həmçinin kosmetologiya sahəsində də istifadə edilirdi. 1900-cü ildə Parisin gözəllik mağazalarında Naftalan yağından müxtəlif preparatlar hazırlanırdı.
Möcüzəli neftin sirri
Professor Tağı Hacı oğlu Paşayev “Naftalan nefti, onun xassələri və müalicə təsiri” adlı kitabında qeyd edir ki, 1939-cu il may ayında Bakı şəhərində Naftalan haqqında ilk konfrans keçirilmişdir. Burada Naftalan neftinin müalicəvi əhəmiyyəti müəyyən olunmuşdur. Naftalan neftinin kimyəvi tərkibinin və müalicəvi xüsusiyyətlərinin elmi əsaslarla öyrənilməsi isə XX əsrin ortalarından etibarən sistemli xarakter almışdır. 1943-cü ildən başlayaraq görkəmli alim, akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aparılan fundamental tədqiqatlar nəticəsində neftin struktur-komponent tərkibi kompleks şəkildə araşdırılmışdır. Araşdırmaların nəticələri 1946-cı ildə SSRİ Elmlər Akademiyasının “Xəbərlər” jurnalında dərc edilmiş və Naftalan neftinin fiziki-kimyəvi xüsusiyyətləri barədə ilk sistemli elmi məlumatların formalaşmasına zəmin yaratmışdır.
Qeyd edilən istiqamətdə aparılan tədqiqatlar bu gün də davam etdirilir. Hazırda Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Naftalan neftinin tərkibi və müalicəvi təsiri üzərində fundamental və tətbiqi xarakterli elmi işlər davam etdirilir. Bu araşdırmaların əsas məqsədi müalicəvi neftin daha effektiv təmizlənmə texnologiyalarının hazırlanması, tibbi tətbiq imkanlarının genişləndirilməsi və beynəlxalq ictimaiyyətə daha geniş şəkildə təqdim olunmasıdır.
Naftalan neftinin tibbi xüsusiyyətləri və onun insan orqanizminə təsir mexanizmi ilə bağlı məsələlərə mütəxəssislər də aydınlıq gətirirlər. Uzun illər Naftalanda çalışmış, Naftalan nefti ilə müalicə sahəsində ekspert, fizioterapevt Gültəkin Süleymanovanın sözlərinə görə, Naftalan neftinin terapevtik təsiri əsasən onun tərkibindəki naften karbohidrogenləri ilə bağlıdır. Onun fikrincə, bu birləşmələr insan orqanizmindəki bəzi steroid hormonların strukturuna bənzər təsir göstərərək iltihabi və allergik proseslərin səngiməsinə kömək edir.
Dünyada analoqu olmayan təbii məlhəm
Bu fikirləri alimlər elmi tədqiqatlarla təsdiqləyirlər. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov qeyd edir ki, müalicəvi Naftalan nefti dünyada analoqu olmayan təbii mənbədir və onun tibbi məqsədlərlə istifadəsi qədim tarixə malikdir. Alimin sözlərinə görə, Naftalan neftinin müalicəvi təsiri əsasən çoxhəlqəli, qısa yan zəncirli naften karbohidrogenləri ilə bağlıdır. Bu maddələr insan orqanizmi ilə təmas zamanı fermentativ reaksiyalar nəticəsində bioloji aktiv birləşmələrə çevrilərək müalicə prosesinə müsbət təsir göstərir. Vaqif Abbasov həmçinin qeyd edir ki, Naftalan neftinin tərkibi və fiziki-kimyəvi xüsusiyyətlərinin sistemli şəkildə öyrənilməsinə hələ 1943-cü ildən akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə başlanılmış və bu istiqamətdə tədqiqatlar bu gün də institutda davam etdirilir.
Mütəxəssislərin qənaətlərinə görə, Naftalan terapiyası, xüsusilə dayaq-hərəkət sistemi və dermatoloji xəstəliklərin müalicəsində geniş tətbiq olunur. Fizioterapevt Gültəkin Süleymanova bildirir ki, revmatoid artrit, osteoxondroz, osteoartroz, nevritlər, periferik damar patologiyaları, eləcə də psoriaz və ekzema kimi dəri xəstəliklərində Naftalan prosedurlarının müsbət nəticələri müşahidə edilir. Akademik Vaqif Abbasov da vurğulayır ki, Naftalan neftindən osteoxondroz, deformasiyaedici osteoartroz, periferik sinir zədələnmələri, damar xəstəlikləri, stomatoloji problemlər, eləcə də müxtəlif dermatoloji xəstəliklərin müalicəsində uğurla istifadə olunur. Alimin fikrincə, Naftalan neftinin tərkibindəki naften karbohidrogenləri həm də antimikrob və antibakterial təsirə malikdir və bu xüsusiyyətlər də müalicə prosesində mühüm rol oynayır.
Naftalanın neft terapiyası
Naftalan nefti terapiyasının tətbiqi müəyyən tibbi qaydalar və nəzarət mexanizmləri əsasında həyata keçirilir. Mütəxəssislərin sözlərinə görə, ən geniş yayılmış müalicə üsullarından biri xüsusi Naftalan nefti vannalarıdır. Bu prosedurlar, adətən, 38 dərəcə temperaturda 8-10 dəqiqə davam edir və müalicə kursu, təxminən, 15-20 gündür. Bu müddətdə pasiyentlər həkim nəzarəti altında bir neçə seans qəbul edirlər. Bununla yanaşı, bəzi hallarda Naftalan yağının lokal tətbiqi və digər fizioterapiya üsulları ilə birlikdə kompleks müalicə proqramları da tətbiq edilir.
Mütəxəssislər onu da vurğulayırlar ki, Naftalan müalicəsi yalnız tibbi göstərişlər əsasında və ciddi nəzarət altında aparılmalıdır. Ağır ürək və böyrək çatışmazlığı, onkoloji xəstəliklər və bəzi damar patologiyaları zamanı xüsusi müalicə üsulları istifadə olunmalıdır. Bu baxımdan, Naftalan prosedurlarının standartlaşdırılmış tibbi protokollar əsasında həyata keçirilməsi vacib hesab olunur.
Azərbaycanın sağlamlıq turizmi potensialı
Naftalan nefti həm tibbi praktikada tətbiq olunan spesifik balneoloji vasitə, həm də Azərbaycanın sağlamlıq turizmi sistemində mühüm yer tutan unikal təbii mənbədir. Mütəxəssislərin fikrincə, bu müalicə üsulunun effektivliyi mərhələli terapiya və ciddi tibbi nəzarət prinsiplərinə riayət edildiyi halda daha aydın şəkildə özünü göstərir. Akademik Vaqif Abbasovun sözlərinə görə, Naftalan nefti ilə bağlı zaman-zaman yayılan bəzi mənfi məlumatlar elmi əsaslara söykənmir və tibbi protokollara uyğun şəkildə tətbiq edildikdə bu müalicə üsulunun mənfi yan təsirləri müşahidə olunmur.
Bu baxımdan, Naftalan nefti yalnız müalicə vasitəsi kimi deyil, həm də Azərbaycanın sağlamlıq turizmi potensialını gücləndirən strateji mənbə kimi qiymətləndirilir. Eyni zamanda, bu sahədə elmi tədqiqatların genişləndirilməsi, Naftalan əsasında yeni tibbi və kosmetik məhsulların hazırlanması və beynəlxalq əməkdaşlığın artırılması gələcək inkişaf üçün əsas istiqamətlərdən biri hesab olunur.
Naftalan şəhərində yerləşən, Naftalan nefti ilə müalicə həyata keçirən müəssisələrdən birinin təsisçi direktoru Surxay Ələkbərov bildirir ki, Naftalana turist axını əsasən turizm agentlikləri vasitəsilə formalaşır. Bununla yanaşı, “walk-in” qonaqlar da müşahidə olunur. Əsas bazarlar Qazaxıstan, Rusiya və Özbəkistandır. Mövsümi dinamika nəzərə çarpır: yay aylarında doluluq 85-90 faizə qədər yüksəlir.
Gələcək inkişaf istiqamətləri
Dövlət Turizm Agentliyinin (DTA) Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov bildirir ki, Naftalan kurortunun gələcək inkişafı onun unikal təbii resursunun elmi əsaslarla daha geniş tətbiqi, beynəlxalq səviyyədə tanıdılması və yüksək keyfiyyətli kurort xidmətlərinin inkişafı ilə birbaşa bağlıdır. 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncama uyğun olaraq, perspektiv inkişaf istiqamətləri sırasında Naftalan neftinin tibbi təsirinin beynəlxalq standartlara uyğun şəkildə daha dərindən tədqiq olunması, klinik sübut bazasının gücləndirilməsi və bu əsasda müalicə protokollarının yenilənməsi xüsusi yer tutur. Bununla yanaşı, kurort infrastrukturunun modernləşdirilməsi, rəqəmsal xidmətlərin tətbiqi və inteqrasiya olunmuş sağlamlıq turizmi paketlərinin hazırlanması Naftalanın rəqabət qabiliyyətini artıracaq əsas amillər kimi qiymətləndirilir.
Agentliyin şöbə müdirinin sözlərinə görə, müasir yanaşmada sağlamlıq turizmi artıq yalnız müalicə ilə məhdudlaşmır. Belə ki, sağlamlıq turizmi dedikdə profilaktika, həyat keyfiyyətinin artırılması, reabilitasiya və uzunmüddətli rifah anlayışları əhatə olunur və bu sahədə ictimai maarifləndirmə mühüm rol oynayır. Elgün Cavadov qeyd edir ki, insanların düzgün məlumatlandırılması həm müalicə üsullarına daha rasional yanaşmanı təşviq edir, həm də sağlam həyat tərzinə cəmiyyətdə marağı artırır. Xüsusilə Naftalan nefti kimi spesifik müalicə üsulları üzrə göstərişlər və əks-göstərişlər barədə dəqiq məlumatlılığın təmin edilməsi bu sahədə etimadın formalaşdırılması baxımından vacibdir.
Dayanıqlı inkişaf bazası
Naftalanın yalnız müalicə məkanı kimi deyil, həm də beynəlxalq sağlamlıq turizmi brendi kimi formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən tədbirlər və qəbul edilən normativ qərarlar Naftalanın uzunmüddətli və dayanıqlı inkişafı üçün institusional baza yaradır.
Dünya, xüsusilə də Şərqi Avropa təcrübələri göstərir ki, sağlamlıq turizminin təşviqi baxımından beynəlxalq tədbirlərdə iştirak da əsas mexanizmlərdən biridir. Bu fikirlə bağlı agentliyin şöbə müdiri qeyd etmişdir ki, sərgilər, forumlar və ixtisaslaşmış konfranslar yalnız təqdimat platforması deyil, həm də real əməkdaşlıqların qurulduğu, investisiya imkanlarının müzakirə edildiyi və təcrübə mübadiləsinin aparıldığı peşəkar mühitdir.
DTA rəsmisi Elgün Cavadov deyir ki, Azərbaycan son illərdə bu istiqamətdə aktiv iştirak etməklə yeni və mövcud potensial bazarlara çıxış imkanlarını genişləndirmiş, tibbi turizm operatorları və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq perspektivlərini artırmışdır. Şöbə müdirinin sözlərinə görə, Avropa və Asiya ölkələrinin uğurlu modellərinin öyrənilməsi və yerli kontekstə uyğunlaşdırılması Azərbaycanın sağlamlıq turizmi məhsulunun beynəlxalq bazarda rəqabətqabiliyyətli və etibarlı brend kimi formalaşdırılmasına töhfə verir.
Yeni əməkdaşlıq imkanları
Sonda onu da vurğulamaq yerinə düşər ki, Dövlət Turizm Agentliyi tərəfindən sağlamlıq turizmi sahəsinə həsr olunmuş beynəlxalq konfranslar sağlamlıq turizmi destinasiyası kimi xarici bazarlara çıxış üçün xüsusi əhəmiyyət daşıyır. 2024-cü ildə Şuşada, 2025-ci ildə isə Bakıda keçirilmiş konfranslar çərçivəsində yerli və xarici mütəxəssislər, dövlət qurumları, özəl sektor nümayəndələri və beynəlxalq təşkilatlar arasında fikir mübadiləsi aparılmış, yeni əməkdaşlıq imkanları müzakirə olunmuş və tərəfdaşlıqların formalaşdırılması üçün platforma yaradılmışdır.
Beləliklə, Azərbaycan zəngin təbii müalicə resursları və ardıcıl dövlət siyasəti ilə sağlamlıq turizmi sahəsində öz mövqeyini getdikcə gücləndirir. Xüsusilə Naftalan nefti kimi unikal sərvət ölkənin bu istiqamətdə beynəlxalq arenada tanınmasını sürətləndirərək onu cəlbedici sağlamlıq turizmi mərkəzlərindən birinə çevirəcək.
Hazırladı:
T.RÜSTƏMLİ
XQ






