WUF13 də COP29 kimi ölkəmizi möhtəşəmlik zirvəsinə yüksəltdi

post-img

Müasir dünyada dövlətlərin beynəlxalq nüfuzu yalnız iqtisadi güc və siyasi imkanlarla müəyyən olunmur. Qlobal proseslərdə fəal iştirak, beynəlxalq əməkdaşlığa töhfə vermək, nüfuzlu tədbirlərə ev sahibliyi etmək və dünyada etibarlı tərəfdaş kimi qəbul olunmaq da dövlətlərin güc göstəricilərindən hesab edilir. Azərbaycan son illər mühüm uğurlara imza ataraq beynəlxalq arenada öz mövqeyini daha da möhkəmləndirib. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – WUF13 bunun növbəti parlaq nümunəsidir.

WUF13 kimi mötəbər mərasimin Azərbaycanda keçirilməsi ölkəmizin dünya miqyasında artan nüfuzunun, sabitlik və inkişaf modelinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyinin bariz göstəricisidir. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, beynəlxalq təşkilatların, şəhərsalma və urbanizasiya üzrə mütəxəssislərin Bakıya toplaşması Azərbaycanın artıq regional çərçivələri aşaraq qlobal əməkdaşlıq və dialoq məkanına çevrildiyini təsdiqləyir.

Bu uğurların əsasında isə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasəti dayanır.

WUF13-ün açılış mərasimindəki çıxışında dövlət başçımız demişdir: “Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq”.

Son illər uğurla ev sahibliyi etdiyi humanitar forumlar, beynəlxalq idman yarışları, enerji və nəqliyyat layihələri, mədəniyyətlərarası dialoq platformaları Azərbaycanın dünya birliyindəki rolunu daha da artırmışdır. WUF13 isə bu uğurlu siyasətin davamı olmaqla Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində də beynəlxalq gündəliyə töhfə vermək imkanlarını nümayiş etdirir.

Bakının sürətlə yenilənməsi, müasir infrastruktur layihələrinin həyata keçirilməsi, ekoloji yanaşmaların tətbiqi və şəhərsalma sahəsində aparılan islahatlar paytaxtımızı regionun ən müasir şəhərlərindən birinə çevirmişdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm göstəricisidir. Bu layihələr dünya miqyasında da maraqla izlənilir və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

WUF13 yalnız şəhərsalma forumu deyil, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik uğurlarının və müasir inkişaf modelinin dünyaya təqdimatıdır.

Bu gün Bakı yalnız Azərbaycanın paytaxtı deyil, həm də beynəlxalq əməkdaşlığın, sivilizasiyalararası dialoqun və qlobal inkişaf ideyalarının müzakirə olunduğu mühüm mərkəzlərdən biridir. WUF13 isə Azərbaycanın müstəqillik yolu ilə qazandığı uğurların, beynəlxalq etimadın və güclü dövlətçilik ənənələrinin növbəti təntənəsi kimi tarixə düşür.

Ələkbər HƏSƏNOV,
BDU-nun humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi

Son xəbərlər