Körfəz müharibəsi: neft, yoxsa su?

post-img

Bəşəriyyətin gələcəyi bunların hansından daha çox asılıdır?

ABŞ və İsrail alyansının İrana qarşı hərbi əməliyyatların başlamasından bəri analitiklər ənənəvi olaraq əmtəə bazarlarına - karbohidrogenlər, alüminium və ya gübrələrə daha çox diqqət yetirirlər. Lakin bir amili unudurlar ki, hücum altında olan əsl strateji resurs şirin sudur.

Ümumiyyətlə, şirin su çatışmazlığı dövrümüzün ən aktual problemlərindən biridir, lakin bu məsələ çox nadir hallarda mövcud silahlı münaqişələr kontekstində müzakirə olunur. Bu il fevralın 28-də ABŞ və İsrail tərəfindən başladılan təcavüz hərbi əməliyyatların su təhlükəsizliyinə dağıdıcı təsirinin bariz nümunəsinə çevrilib. “Fortune” jurnalının qeyd etdiyi kimi, İranla müharibədə müəyyənedici amil neft deyil, sudur. Bu yanaşma nə qədər doğrudur?

Təmiz su çatışmazlığı Fars körfəzi dövlətləri üçün əsas zəif yerlərdəndir və bu cür hücumlar bu ölkələri humanitar fəlakətin astanasına apara bilər. Mənbələr göstərir ki, yalnız böyük çayları və gölləri olan İran və İraqda bərpaolunan şirin su mənbələri mövcuddur. Bununla belə, hətta bu ölkələrdə də quraqlıq və artan su istehlakı səbəbindən su çatışmazlığı artmaqdadır. Fars körfəzinin digər dövlətləri dəniz suyunun emalından daha çox asılıdırlarr: Səudiyyə Ərəbistanında sutəmizləmə zavodları içməli suyun 70 faizini, Omanda 86 faizini, BƏƏ-də və Küveytdə 90 faizini təmin edir. Hətta İsrail əhalisinin əksəriyyətini içməli su ilə təmin etmək və qonşu ölkələrə satmaq, eləcə də daxili şirin su mənbəyi olan getdikcə dayazlaşan Qalileya dənizini bərpa etmək üçün beş böyük sahil sutəmizləmə zavodunun imkanlarından istifadə edir.

Bu səbəbdən də hələ 2010-cu ildə ABŞ kəşfiyyatı hərbi əməliyyatlar başlanacağı təqdirdə Yaxın Şərqdə kritik susaflaşdırma infrastrukturuna risklər barədə xəbərdarlıq etmişdi. Qurğuların təhlükəsizliyini təmin etmək çətindir: dəniz suyu və elektrik enerjisinə çıxışı təmin etmək üçün zavodlar sahildə yerləşir. Ona görə də bu yerlər sutəmizləyici zavodları hücum üçün asan hədəfə çevirir.

Aydın məsələdir ki, yanacaq ehtiyatlarından fərqli olaraq, su Fars körfəzi ölkələri üçün mühüm əhəmiyyət kəsb edir, çünki defisiti əvəz etməyin başqa yolu yoxdur. Region artıq təkcə içməli su deyil, həm də istehsalı böyük resurs tələb edən kənd təsərrüfatı məhsulları idxal edir. Buna görə də sutəmizləmə zavodlarına endirilən zərbə, xüsusən də Hörmüz boğazının faktiki olaraq bağlandığını və qida idxalının dayandırıldığını nəzərə alsaq, Körfəz ölkələrinin ərzaq təhlükəsizliyinə də zərbədir.

Daha vacib bir sahə enerji obyektləri ilə bağlıdır. Çünki enerji obyektlərinə edilən hücumlar da nəticədə sutəmizləməyə təsir göstərir. Yaxın Şərqdə dəniz suyunu içməli suya çevirmək üçün iki texnologiyadan istifadə olunur: suyu yüksək temperatura qədər qızdırmaq və kondensat toplamaq, sonra suyun çirkləri saxlayan membran vasitəsilə təzyiq altında tərs axını. Hər iki variant da enerji tələb edir: Səudiyyə Ərəbistanında, təxminən, 30 sutəmizləmə qurğusu gündə 300 min barel xam neft istehlak edir.

Beləliklə, alyansın başladığı müharibə həm birbaşa məhv, həm də dolayısıyla – iqtisadi və iqlim mexanizmləri vasitəsilə, su ehtiyatları çatışmazlığına kəskin mənfi təsir göstərir. Problemin regional miqyası aydındır. Söhbət vacib infrastrukturun birbaşa məhv edilməsini əhatə edir. Münaqişənin ən aşkar və həyəcanverici aspektlərindən biri su təchizatı qurğularına hədəflənmiş hücumlar olub. Çünki bu məqamda dünyanın ən çox su çatışmazlığı olan Fars körfəzi ölkələrinin sutəmizləmə qurğularına arxayınlaşması bu məqamda strateji zəifliyə çevrilir. Problemin ciddiliyi ondadır ki, dünyanın saflaşdırılmış suyunun, təxminən, 40 faizini istehsal edən region sahilləri boyunca 400-dən çox sutəmizləyici zavod işlədir. Aydın görünür ki, Körfəz ölkələrinin ən məhsuldarları sahil boyunca yerləşən minlərlə sutəmizləyici qurğuya güvənirlər. Bu da onları raket və pilotsuz aparatların hücumlarına qarşı həssas edir. Belə olan halda su infrastrukturuna hər hansı ciddi ziyan humanitar fəlakətə bərabərdir.

İrana gəldikdə isə, ölkə sutəmizləyici qurğuların gücünə daha az güvənsə də, mənbələr ölkədə su çatışmazlığının hələ də olduqca ciddi problem olduğunu bildirirlər. Onilliklər boyu bənd tikintisi və kütləvi su çıxarılması təbii ehtiyatları tükəndirib. İranlıların təxminən üçdəbiri su çatışmazlığı ilə üzləşir. Mövcud vəziyyəti nəzərə alsaq, müharibənin Tehranın qonşu ölkələrlə su məsələləri üzrə onsuz da təvazökar əməkdaşlığına kömək etməsi ehtimalı azdır. Münaqişə davam etdikcə, İran Fars körfəzi qonşularının su təchizatını dayandıra bilər. Lakin “The Economist” jurnalının qənaətinə görə, İranın özünün də susuz qalma ehtimalı böyükdür.

Mülki su infrastrukturuna hücumlar ənənəvi olaraq müharibə cinayətləri hesab olunur. Artıq hazırkı münaqişə zamanı sutəmizləmə zavodlarına zərbələr qeydə alınıb. Martın 7-də İran Xarici İşlər Nazirliyi ABŞ-ın Qeşm adasında sutəmizləmə zavoduna zərbə endirməklə presedent yaratdığını və nəticədə 30 kəndin susuz qaldığını bildirib. Vaşinqton bu məlumatı nə təsdiq, nə də təkzib edib: ABŞ Prezidenti Donald Tramp “sutəmizləmə zavodu haqqında heç nə bilmədiyini” söyləyib. İsrail infrastruktura zərbənin BƏƏ tərəfindən həyata keçirildiyini iddia edib.

Martın 8-də isə Bəhreyn İranın zərbəsi nəticəsində ərazisindəki sutəmizləmə zavoduna ziyan dəydiyini bildirib. Ölkənin Xarici İşlər Nazirliyi maddi ziyan barədə məlumat verib, lakin zavodun yerini və ya zərərin miqyasını dəqiqləşdirməyib. İran Bəhreynə hücumla bağlı şərh verməyib.

Yaxın tarixdə sutəmizləmə zavodlarına hücum presedentləri olub, həm də Fars körfəzi ölkələrində. Belə ki, 1991-ci il Körfəz müharibəsi zamanı Küveyti işğal edən İraq hərbi qüvvələri ölkədəki bir neçə sutəmizləmə zavodunu məhv edib. Hərbi əməliyyatlar zamanı İraq həmçinin Fars körfəzinə 816 min ton xam neft töküb və 700-dən çox neft quyusunu yandırıb. Əlbəttə, bu təkcə neftə həssas olan sutəmizləmə zavodlarını dayandırmayıb, həmçinin bölgədəki çirklənmiş yeraltı suları da sıradan çıxarıb.

Doğrudur, münaqişə zamanı sutəmizləmə infrastrukturuna edilən zərbələr az ziyan vurub və ziyan görən ölkələr vəziyyəti gərginləşdirməmək yolu seçiblər. Sutəmizləmə qurğularının təhlükəsizliyi region üçün olduqca həssas bir məsələdir, çünki zərər humanitar fəlakətə səbəb ola bilər və zavodların bərpası aylarla uzanar. Dağıntıya məruz qalan ölkənin qarşılıqlı hərəkətləri bölgəni sutəmizləmə qabiliyyətindən məhrum edəcək və sülh bərpa edildikdən sonra içməli su çatışmazlığını həll etmək üçün qonşu ölkələrin resurslarından istifadə etmək mümkün olmayacaq.

Avstriyanın “Macquarie” investisiya qrupunun analitikləri sutəmizləmə qurğuları kimi əsas obyektlərə zərbə endirməyin kəskin eskalasiyaya səbəb olacağı ilə bağlı ciddi xəbərdarlıq edirlər. Bununla bağlı ciddi hesablamalar da var: bir neçə il əvvəl dərc edilmiş bir analitik hesabatda qeyd edilir ki, əgər Səudiyyə Ərəbistanının su infrastrukturu sıradan çıxarılarsa, 8,5 milyon əhalisi olan paytaxt Ər-Riyad bir həftə ərzində təxliyə edilməli olacaq. Tək bir qurğudan asılılığın miqyası heyrətamizdir: Cübeyl kompleksi gündə 1,6 milyon kubmetr təmiz su istehsal edir. Krallıqdakı Amerika səfirliyi hətta bir dəfə Cübeyl qurğusu olmasa, Səudiyyə hökumətinin sadəcə fəaliyyətini dayandıracağını bildirmişdi.

Demək doğru olmaz ki, İranın regiondakı Amerikapərəst ölkələrin su infrastrukturuna hücum etməkdən imtina etməsi zəiflikdir, əksinə, bu daha çox düşünülmüş diplomatik addımdır. Tehran qonşularının infrastrukturundakı ən həssas halqaya hücumlardan yayınmaqla onlara birmənalı siqnal göndərir: “Biz vəziyyəti kəskin şəkildə gərginləşdirməyə qadirik, amma hələlik bunu şüurlu şəkildə etmirik. Biz bu xətti keçməzdən əvvəl siz ABŞ-a təzyiq göstərməli və gərginliyin azaldılmasını tələb etməlisiniz”.

Bu arada, birbaşa məhvdən əlavə, münaqişə su ehtiyatlarına təsiri gecikən, lakin heç də az dağıdıcı olmayan mexanizmləri işə saldı. Bu mexanizmlər qlobal xarakter daşıyır və regional müharibəni qlobal su qeyri-sabitliyi amilinə çevirir.

Amma münaqişə nəticəsində qlobal karbamid və kükürd ixracının, təxminən, 50 faizinin keçdiyi Hörmüz boğazının bağlanması gübrə bazarının çökməsinə də səbəb olub. FAO vəziyyəti “son dövrlərdə qlobal ticarət axınlarında ən sürətli və ciddi pozuntulardan biri” kimi qeyd edir. Karbamidin qiymətləri 2026-cı ilin fevral-mart ayları arasında, təxminən, 46 faiz artdı. Bu, kənd təsərrüfatına birbaşa təsir göstərir: dünya üzrə fermerlər gübrə ala bilməməklə üzləşirlər və bu da məhsuldarlığın azalmasına səbəb olur.

Gübrələrlə su ehtiyatları arasındakı əlaqə ikiqatdır. Bir tərəfdən, məhsuldarlığın azalması fermerləri kompensasiya etmək üçün əkin sahələrini genişləndirməyə və ya suvarma suyunun çəkilməsini artırmağa məcbur edir ki, bu da tükənmiş su hövzələrinə təzyiqi artırır. Digər tərəfdən, uzunmüddətli perspektivdə ərzaq böhranı dövlətlərin qeyri-sabitliyinə və nəticədə onların suya qənaət edən texnologiyalara investisiya qoymaq və su infrastrukturunu saxlamaq qabiliyyətinin zəifləməsinə gətirib çıxarır.

Hadisələrin gedişi göstərir ki, suya çıxış kənd təsərrüfatı üçün yeni qaydalar diktə edir. Məhsuldarlığın artması torpaq sahəsindən və kənd təsərrüfatı təcrübələrindən elə də ciddi asılı olmayacaq, çünki su, demək olar ki, həlledici amilə çevrilir. Dünya Bankının mütəxəssisləri hesablayıblar ki, planetin ekoloji məhdudiyyətləri daxilində biz yalnız 3,4 milyard insanı doyura bilərik. Qalan ərzaq təchizatı resursların amansızcasına tükənməsinin nəticəsidir. Əsas problem nə qədər suyun istehlak edilməsi deyil, ölkələr və sektorlar arasında son dərəcə qeyri-bərabər paylanmadır. Bank mütəxəssisləri əmindirlər ki, həm kənd təsərrüfatı sektorunun arxitekturası, həm də büdcə siyasəti bu amili nəzərə almır. Nəticədə, istehsal həcmləri artır, lakin bununla bərabər, sistem məhdudiyyətləri də böyüyür.

Münaqişənin siyasi nəticələri beynəlxalq su əməkdaşlığı sistemi üçün də son dərəcə mənfi ola bilər. Cenevrə konvensiyalarının pozulması kimi təsnif edilən mülki su infrastrukturuna edilən hücumlar cəzasızlığın təhlükəli bir presedentini yaradır. Sərhədlərarası su mübahisələrinin gücləndiyi bir dünyada beynəlxalq hüquq normalarının aşınması su mənbələrinə nəzarət üzərində münaqişələrin artmasına səbəb ola bilər. Analitiklər vurğulayırlar ki, sutəmizləmə zavodlarına davamlı hücumlar təxminən 100 milyon insanın həyat təminatı sistemlərini sıradan çıxarmaq təhlükəsi yaradır. Tək bir zavodun məhv edilməsi alternativ mənbələrin demək olar ki, mövcud olmadığı ölkələrdə bütün şəhərləri susuz qoya bilər.

Belə olan halda, qarşıya sual çıxır: Sutəmizləmə infrastrukturlarına hücum kimə sərfəlidir?

Bir müddət əvvəl Vaşinqtonun Hörmüz boğazı 48 saat ərzində açılmadığı təqdirdə İranın elektrik stansiyalarını məhv etmək təhdidinə cavab olaraq, Tehran martın 22-də sutəmizləmə zavodları da daxil olmaqla, bölgədəki bütün ABŞ enerji və rabitə obyektlərinə zərbələrlə cavab verəcəyi ilə hədələdi. Xarici analitiklər İranın daxili gərginliyi pozmaq və əhalini bölgədə atəşi dayandırmaq üçün hökumətlərə təzyiq göstərməyə məcbur etmək üçün sutəmizləmə zavodlarına hücum edə biləcəyini istisna etmirlər. Lakin bu cür hücumların həyata keçirilməsinin İran üçün əhəmiyyətli risk yaradacağı ehtimalı daha böyükdür. Çünki ölkənin bölgədə az sayda müttəfiqi var və qonşuları ilə münasibətlərin gərginləşməsi Yaxın Şərq dövlətlərinin Tehranın hərəkətlərini ekzistensial riski kimi qəbul etməsinə səbəb ola bilər. Belə olan halda, Fars körfəzi ölkələri İrana qarşı vahid cəbhə yarada bilərlər ki, bu da ABŞ və İsrailin xeyrinə işləyəcək. Bu, İran üçün arzuolunmazdır. Ona görə də analitiklər Tehranın sutəmizləmə zavodlarına mümkün zərbələr endirə biləcəyi ilə bağlı təhdidlərini daha çox siyasi şantaj hesab edirlər.

Diqqətçəkən bir məqam da ondan ibarətdir ki, İsrail və ABŞ sutəmizləmə infrastrukturuna hücum etsələr belə, formal olaraq beynəlxalq hüququ pozmurlar, çünki hər iki ölkə 1977-ci il Cenevrə konvensiyalarına Əlavə Protokolunu imzalayıb, lakin ratifikasiya etməyiblər. Bu sənəd aclığı müharibə üsulu kimi və mülki əhalinin yaşaması üçün vacib olan obyektlərin məhv edilməsini qadağan edir. Təl-Əviv artıq regionda sutəmizləmə zavodlarına hücum təcrübəsinə malikdir. Belə ki, 2023-cü ilin oktyabrında HƏMAS-ın hücumuna cavab olaraq İsrail Fələstinin su infrastrukturuna hücum etdi və bu da, sutəmizləmə zavodları da daxil olmaqla, Qəzzanın su təchizatının əksəriyyətinin dayandırılmasına səbəb oldu.

Bütün bunlardan çıxış edən analitiklər və politoloqlar hesab edirlər ki, İrana qarşı Amerika–İsrail müharibəsi, su təhlükəsizliyi probleminin qlobal sabitliyin ayrılmaz hissəsi kimi tanınmasında dönüş nöqtəsi ola bilər. Çünki münaqişə artıq su infrastrukturunun ictimai xidmətlərin passiv elementindən strateji hədəfə və təzyiq alətinə çevrildiyini açıq şəkildə göstərir. Yaxın Şərqdəki regional böhran, ərzaq və gübrə təchizatı zəncirlərinin pozulması, iqlim ziyanı və beynəlxalq hüququn aşınması yolu ilə – dünya miqyasında su siyasətinə güclü mənfi təsir göstərir.

ABŞ, İsrail və İran arasındakı münaqişədə qlobal ictimaiyyətin əsas diqqəti birbaşa itkilərə və geosiyasi nəticələrə yönəlib. Lakin su ehtiyatlarına və infrastruktura dəyən ziyan nəzərə alınmamış kimi görünür. Lakin son Körfəz müharibəsi yalnız quraq Yaxın Şərqdə su sistemlərinin kritik zəifliyini üzə çıxarmadı, həm də planetin böyük bir hissəsində onsuz da gərgin olan su vəziyyətini daha da ağırlaşdıra biləcək bir sıra qlobal nəticələrə səbəb oldu.

Suyun Yer səthinin 70 faizini əhatə etməsinə baxmayaraq, kim düşünərdi ki, onun yalnız 3 faizi içməyə yararlıdır. İndi siz deyin, dünyaya daha çox lazım olan nədir: NEFT, yoxsa SU?

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Dünya