Gələcəyin şəhərsalma modeli: “yaşıl və ağıllı” məskənlər

post-img

BMT-nin məlumatına görə, yaxın onilliklərdə dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayacaq. Bu isə urbanizasiya prosesinin daha planlı, dayanıqlı və innovativ şəkildə idarə olunmasını zəruri edir. Məhz buna görə “yaşıl şəhər” və “ağıllı şəhər” konsepsiyaları XXI əsrin əsas inkişaf modeli hesab olunur.

“Yaşıl şəhərlər”də karbon emissiyalarının azaldılması, ictimai nəqliyyatın inkişafı, tullantıların təkrar emalı və yaşıllıq zonalarının genişləndirilməsi əsas prioritetlər hesab olunur. “Ağıllı şəhər” modeli isə rəqəmsal texnologiyalar vasitəsilə şəhər idarəçiliyinin daha effektiv və təhlükəsiz təşkilini nəzərdə tutur. Süni intellekt, böyük məlumat analitikası, sensor sistemləri və rəqəmsal xidmətlər bu modelin əsas elementləri sayılır.

Hazırda dünyanın bir çox şəhərləri hər iki yanaşmanı birləşdirərək “yaşıl və ağıllı şəhər” modelinə keçid etməyə çalışır. Sinqapur, Kopenhagen və Amsterdam bu istiqamətdə qabaqcıl nümunələr hesab olunur. Xüsusilə Amsterdamda “smart mobility” layihələri, elektrik nəqliyyatı, enerjiyə qənaət edən işıqlandırma sistemləri və rəqəmsal idarəetmə geniş tətbiq edilir. Şəhər sakinlərinin qərarvermə prosesinə cəlb olunması isə “ağıllı şəhər” modelinin yalnız texnologiyaya deyil, sosial iştirakçılığa da əsaslandığını göstərir.

Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Masdar City” isə “yaşıl şəhər” konsepsiyasının diqqətçəkən nümunələrindən biridir. Şəhərin əsas məqsədi karbon emissiyasını minimuma endirmək və alternativ enerji əsasında fəaliyyət göstərən urban model formalaşdırmaqdır. Burada günəş enerjisindən geniş istifadə edilir, enerji səmərəli binalar tikilir və ekoloji nəqliyyat sistemləri tətbiq olunur.

Bu modellərin qlobal əhəmiyyəti BMT səviyyəsində xüsusi diqqət mərkəzindədir. Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bu istiqamətdə beynəlxalq əməkdaşlığın əsas platformalarından birinə çevrildi. “Dünyanı məskunlaşdırmaq: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunan forumda urbanizasiya, mənzil böhranı, iqlim dəyişiklikləri, dayanıqlı infrastruktur və ağıllı şəhər həlləri geniş müzakirə edildi.

WUF13-də çıxış edən mütəxəssislər “ağıllı şəhər” texnologiyalarının artıq lüks deyil, zərurətə çevrildiyini bildirdilər. Forumda “yaşıl şəhər” konsepsiyası əsas müzakirə mövzularından biri oldu. İştirakçılar yaşıl zonaların artırılması, ictimai nəqliyyatın inkişafı və bərpaolunan enerji mənbələrinin istifadəsinin iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynadığını vurğuladılar. Xüsusilə “15 dəqiqəlik şəhər” modeli geniş maraq doğurdu. Bu konsepsiya insanların gündəlik ehtiyaclarını yaşadıqları əraziyə yaxın məsafədə təmin etməyə imkan verir və nəticədə həm nəqliyyat sıxlığını, həm də zərərli emissiyaları azaldır.

Forum çərçivəsində sosial inklüzivlik məsələləri də gündəmə gətirildi. BMT nümayəndələri bildirdilər ki, gələcəyin şəhərləri bütün sosial qruplar üçün əlçatan olmalıdır. Mənzil təminatı, təhlükəsiz ictimai məkanlar, əlillər üçün uyğun infrastruktur və rəqəmsal xidmətlərə bərabər çıxış dayanıqlı urbanizasiyanın əsas prinsipləri kimi qiymətləndirildi.

WUF13 Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyırdı. Forum ölkənin beynəlxalq şəhərsalma və dayanıqlı inkişaf platformalarında fəal iştirakını nümayiş etdirdi. Tədbirdə Azərbaycanın “ağıllı şəhər” və “ağıllı kənd” layihələri xüsusi maraqla qarşılandı. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrində yaşıl enerji, rəqəmsal idarəetmə və müasir infrastruktur həllərinin tətbiqi beynəlxalq ekspertlər tərəfindən müsbət qiymətləndirildi.

WUF13 iqlim dəyişikliklərinin şəhərlərə təsiri ilə bağlı mühüm mesajlar verdi. Tədbirin iştirakçıları vurğuladılar ki, gələcəyin şəhərləri daşqınlar, istilik dalğaları və su çatışmazlığı kimi ekstremal hava hadisələrinə qarşı daha dayanıqlı olmalıdır. Bu səbəbdən urbanizasiya siyasətində ekoloji planlaşdırma və iqlimə uyğun infrastruktur prioritet istiqamətlərdən biri hesab olunur. Forumda diqqətçəkən məsələlərdən biri də qlobal mənzil böhranı oldu. BMT hesabatına görə, hazırda təxminən 3 milyard insan adekvat yaşayış şəraitindən məhrumdur. Bu problem xüsusilə sürətli urbanizasiya yaşayan ölkələrdə daha ciddi şəkildə hiss olunur. Əhalinin şəhərlərə kütləvi axını nəticəsində bir çox ölkələrdə əlçatan mənzil çatışmazlığı, qeyri-rəsmi yaşayış məntəqələrinin artması və sosial infrastrukturun yüklənməsi müşahidə edilir. Mənzil problemi artıq yalnız sosial məsələ deyil, həm də iqtisadi və ekoloji təhlükəsizlik məsələsinə çevrilib.

Forum çərçivəsində vurğulandı ki, gələcəyin şəhərləri yalnız texnoloji baxımdan inkişaf etmiş olmamalı, eyni zamanda, sosial baxımdan inklüziv və əlçatan olmalıdır. Şəhərsalma siyasəti cəmiyyətin bütün təbəqələrinin maraqlarını nəzərə almalı, xüsusilə aztəminatlı əhali, yaşlı insanlar, uşaqlar və əlillər üçün təhlükəsiz və rahat yaşayış mühiti formalaşdırmalıdır. Bu baxımdan “insan mərkəzli urbanizasiya” anlayışı forumun əsas ideyalarından biri kimi ön plana çıxdı. Bakı forumu bir daha göstərdi ki, “yaşıl və ağıllı şəhərlər” artıq nəzəri konsepsiya deyil, qlobal inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Müasir şəhərlər texnologiya, ekologiya və sosial rifah arasında balans yarada bildiyi halda davamlı inkişaf modelinə çevrilə bilər.

***

Bu forumla bağlı azərbaycanlı mütəxəssislərin də fikirləri maraqlıdır. Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, dosent Mahir Zeynalov XQ-yə bildirdi ki, XXI əsrdə şəhərləşmə prosesinin sürətlənməsi dünya ölkələrini yeni inkişaf modelləri axtarmağa sövq edir: “BMT-nin proqnozlarına görə, yaxın onilliklərdə dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayacaq. Bu isə enerji istehlakının artması, ekoloji çirklənmə, nəqliyyat sıxlığı, su və ərzaq təhlükəsizliyi kimi problemləri daha da aktuallaşdırır. Belə şəraitdə “yaşıl şəhər” və “ağıllı şəhər” konsepsiyaları müasir urbanizasiya siyasətinin əsas istiqamətlərindən birinə çevrilib”.

Ekspert qeyd etdi ki, Azərbaycan da bu qlobal tendensiyadan kənarda qalmır: “Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma prosesi “yaşıl və ağıllı şəhər” konsepsiyasının tətbiqi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə strateji yanaşmanın formalaşdırıldığını göstərir. Qarabağda həyata keçirilən layihələr sırasında ən diqqətçəkəni Agalı kəndində icra olunan “Ağıllı kənd” layihəsidir. Layihə yaşayış, alternativ enerji, ağıllı kənd təsərrüfatı, rəqəmsal xidmətlər və müasir infrastruktur komponentlərini özündə birləşdirir. Burada evlər enerji effektiv texnologiyalar əsasında tikilir, günəş enerjisindən istifadə olunur, rəqəmsal idarəetmə sistemləri tətbiq edilir. Eyni zamanda, Ağdam, Füzuli və digər yaşayış məntəqələrinin baş planları hazırlanarkən beynəlxalq “smart-city” prinsipləri nəzərə alınır. Yeni salınan yollar, rəqəmsal kommunikasiya şəbəkələri, alternativ enerji layihələri və ekoloji yanaşmalar Qarabağın gələcəyinin müasir texnologiyalar üzərində qurulduğunu göstərir. Ağdam Sənaye Parkında günəş enerjisindən istifadə olunması və yaşıl texnologiyaların tətbiqi bu siyasətin tərkib hissəsidir. Bu baxımdan Azərbaycan bir çox ölkələrdən fərqli olaraq “köhnə şəhərlərin modernləşdirilməsi” deyil, birbaşa yeni nəsil ağıllı şəhər və kəndlərin qurulması imkanına malikdir.

Şübhəsiz, gələcəyin şəhərləri ekoloji təhlükəsizlik, rəqəmsal idarəetmə və insan mərkəzli inkişaf prinsipləri üzərində formalaşacaq. “Yaşıl və ağıllı şəhər”lər yalnız texnologiyanın deyil, həm də yeni həyat tərzinin rəmzinə çevrilir. Azərbaycanın Qarabağda həyata keçirdiyi layihələr isə ölkənin bu qlobal transformasiyaya inteqrasiya olunduğunu və regionda innovativ urbanizasiya modelinin yaradıldığını göstərir.

Beləliklə, “yaşıl və ağıllı şəhər”lər artıq gələcəyin deyil, bugünün reallığıdır. Qarabağda qurulan yeni şəhər və kəndlər isə təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun ən müasir urbanizasiya nümunələrindən birinə çevrilmək potensialına malikdir.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət