BMT Məskunlaşma Proqramının Bakı Forumunun qlobal uğur düsturu

post-img

6 gün davam edən beynəlxalq müzakirələr Azərbaycanı dünyaya bir daha strateji məkan kimi tanıtdı

Bu yol 23 il bundan əvvəl başlasa da, yeni nəfəs, yeni sürət və yeni miqyası Böyük Zəfərdən sonra qazandı. Söhbət ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın dünyanın aparıcı dövlətlərinin üzvü və iştirakçısı olduğu çoxsaylı platformalarda söz sahibinə çevrilməsi, Bakının ən qlobal və nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, XXI əsrin çağırışlarının səsləndiyi tribunaya çevrilməsi prosesindən gedir. Bəli, dünyanın siyasi düzəninin dəyişdiyi, qlobal problemlərin birgə səylərlə həllinin vacibliyinin gündəmə çevrildiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının – WUF13-un davam etdiyi beş 5 ərzində Azərbaycan paytaxtı beynəlxalq dialoq platformalarının, qlobal idman və mədəniyyət layihələrinin müzakirə tribunası olmaqla yanaşı, həm də müasir urbanizasiya tendensiyalarının müəyyənləşdiyi strateji məkan rolunu oynadı.

Forumun coğrafiyası və əzəməti

Bakı Forumunun iştirakçı sayı, coğrafiyası və əzəməti ilə BMT-nin ən nüfuzlu tədbirlərinin tarixində xüsusi iz buraxacağı öncədən məlum idi. Bunu WUF13-ün hazırlıq mərhələsində Təşkilat Komitəsi tərəfindən verilən rəsmi məlumatlardan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində dediyi sözlər də təsdiqləyirdi: “Azərbaycan uğurlu təcrübələrini bölüşərək, digər ölkələrə nümunə göstərir. Eyni zamanda, müxtəlif sahələrdə beynəlxalq təcrübədən öyrənmək və fikir mübadiləsi aparmaq da çox vacibdir. Müasir dövrdə şəhərlərin qarşısında duran çağırışlar dayanıqlı inkişaf məsələsini daha da акtual edir. Bu kimi beynəlxalq tədbirlər ölkələr və şəhərlər arasında bilik və təcrübə mübadiləsi baxımından mühüm platformadır”.

Dövlət və hökumət başçılarının, dünyanın aparıcı beyin mərkəzlərinin, tanınmış ekspertlərin çıxışlarının yer aldığı yüzlərlə sessiya, konfrans, debat və panel müzakirələri Bakı forumunun uğur düsturunu və əzəmətini şərtləndirən əsas amillər sırasındadır. Azərbaycanın uğurla ev sahibliyi etdiyi WUF tədbirinin əsas leytmotivi Bakının şarmı və qonaqpərvərliyi ilə sintez təşkil edirdi: müasir dünyada dayanıqlı inkişaf, ekoloji balans və innovativ idarəetmə, düzgün planlaşdırılmış şəhərsalma siyasəti.

Təcrübə, axtarış və miqyas

Paytaxtın ən nəhəng arenasında – Bakı Olimpiya Stadionunun ərazisində 5 gün davam edən və “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13-ün əhatə dairəsi, ərazisi, iştirakçı sayı, qonaqlara yaradılan şərait, eləcə də siyasi coğrafiyasına görə planetar tədbir kimi tarixə düşəcəyini əminliklə söyləmək olar. BMT-nin COP-dan sonra ikinci ən böyük, irimiqyaslı, qlobal əhəmiyyətli tədbirinin – WUF13-ün yüksək səviyyədə, qüsursuz və təhlükəsiz keçirilməsinin təmin edilməsi ölkəmiz üçün təkcə imic və nüfuz məsələsi deyildi. Burada beynəlxalq miqyaslı məclislərin təşkilində qazanılan təcrübənin, peşəkarlıq və səriştənin xüsusu rol oynadığını qeyd etməmək mümkün deyil. Təşkilat Komitəsi Forumun hazırlıq mərhələsindən başlayaraq ərazidə zəruti infrastrukturun qurulmasına, humanitar və logistik fəaliyyətin harmoniyasına qədər hər şeyi zərgər dəqiqliyi ilə nəzərə almış, görülən işlər daim ciddi nəzarətdə saxlanılmışdı. Həyata keçirilən əməliyyatların sinxronlaşdırılması, dövlət qurumları ilə beynəlxalq tərəfdaşlar arasında səmərəli koordinasiyanın qurulması məhz təcrübənin və səriştənin bəhrəsi idi.

Forumun mövzusu ilə bağlı qeyd etməliyk ki, ölkəmizdə memarlıq ənənələrinin qorunması, eyni zamanda, müasir urbanizasiya çağırışlarına cavab verən ekosistemlərin qurulması dövlət siyasətinin ana xəttini təşkil edir. Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə dövlət səviyyəsində göstərilən ali diqqətin, verilən böyük əhəmiyyətin bariz ifadəsidir.

Sessiyalar, konfranslar və nəqliyyat

WUF13-ün keçirildiyi məkan – Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi 53 hektar sahəni təşkil edirdi. Forumun logistik və infrastruktur bölgüsü beynəlxalq standartlara uyğun olaraq xırdalıqlarına qədər planlaşdırılmışdı. 53 hektarlıq sahənin 43 hektarı əsas tədbir məkanı, 10 hektarı nəqliyyat terminalı və parklanma-transfer zonası kimi ayrılmış, vahid əməliyyat sistemi – qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri tam inteqrasiya olunmuşdu. Yüksəksəviyyəli qonaqlar üçün xüsusi zonalar – dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi xidmət məkanları qurulmuş, böyük tədbir zalı – açılış və bağlanış mərasimlərinin keçiriləcəyi əsas zal eyni vaxtda 6 min nəfərə qədər iştirakçını qəbul etmək imkanına malik idi. Sessiyanın əsas müzakirələrin aparıldığı və paralel tədbirlərin keçirildiyi xüsusi zona 3,55 hektar sahəni əhatə edirdi. İclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulan zonada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün mükəmməl şərait yaradılmışdı. Tədbir çərçivəsində gündə təxminən 300-ə yaxın paralel sessiya, görüş və müzakirələr keçirildi. İştirakçı axınının səmərəli idarə edilməsi məqsədilə ərazisi üzrə məkanlarda və açıq hava zonalarında 35-dən çox iaşə məntəqəsi yerləşdirilmişdi ki, bu da qonaqların xidmətlərə əlçatanlığını maksimum dərəcədə təmin edirdi.

“WUF13 bulvarı” və ən böyük sərgi

Forumun təşkili prosesində iştirakçı kontingentinin maraq dairəsinin nəzərə alınması da diqqətdən yayınmadı. İştirakçıların Bakının gözəl mühitindən zövq almaları üçün 2,5 hektar ərazidə, açıq havada “WUF13 bulvarı”nın yaradılmasında mədsəd bu əsrarəngiz məkanda iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən rahat istifadəsi və tədbir məkanında real şəhər mühiti ab-havasını hiss etmələri idi. Tədbirin ən maraqlı, vizual baxımdan yaddaqalan hissələrindən biri də 3,5 hektar sahəni əhatə edən “Urban Expo” zonası oldu. “Urban Expo” özünün miqyasına və tərtibatına görə WUF tarixinin ən böyük sərgisi sayıldı. Bu ərazidə milli pavilyonlar, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, QHT-lər, fondlar, təhsil və tədqiqat qurumları öz layihələrini nümayiş etdirdilər. “Urban Expo”nu dünyanın müxtəlif ölkələrindən 210-dan çox təşkilatı ziyarət etdi, 66 ölkə isə milli pavilyonlarla təmsil olundu.

Bakı Forumunun işıqlandırılması üçün 2 hektar ərazidə qurulmuş “Media mərkəzi” ayrıca qeyd olunmalıdır. Burada “Dəyirmi masa”, “Xüsusi sessiya” və “Dialoq zalları” yerləşirdi. Ümumi tutumu 600 nəfər olan müasir “Media mərkəzi”ndə eyni vaxtda 400 jurnalistin sərbəst işləməsi üçün iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi fəaliyyət göstərirdi.

Rekordlar, ilklər və nəticələr

Bakının ev sahibliyi etdiyi bu beynəlxalq tədbir WUF tarixində həm də rekordlarla yadda qalacaq. Tədbirdə iştirak etmək üçün 182 ölkədən 40 mindən artıq şəxs qeydiyyatdan keçmişdi ki, bu da forumun tarixində rekord göstəricidir. Həmçinin WUF13 qlobal şəhərsalma forumları tarixində ilk dəfə olaraq proqrama Liderlər Sammiti seqmentinin daxil edilməsi baxımından da müstəsna əhəmiyyətə malikdir. Bakı forumunun beynəlxalq əhəmiyyəti barədə iki iştirakçının fikirlərini diqqətinizə çatdırırıq. “Bakıda aparılan qlobal müzakirələr, formalaşan tərəfdaşlıqlar gələcəkdə şəhər böhranlarının qarşısının alınması və şəhərlərin daha dayanıqlı qurulması üçün mühüm yol xəritəsi rolunu oynayacaq”. Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Nayrobidəki baş qərargahının assosiasiyalı eksperti Karolina Kinast fon Aynem deyib. “Bu, mənim iştirak etdiyim ilk Ümumdünya Şəhərsalma Forumudur. Bakıda son dərəcə səmərəli və məhsuldar görüşlərim oldu”. Bu sözləri isə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Maldiv adaları təmsilçisi Hüseyn Ziyat ifadə edib.

Böyük Qayıdış və erməni vandalizmi

Hesab edirik ki, WUF13-ü Azərbaycan üçün əhəmiyyətli edən amillərdən biri də dünyanın 182 ölkəsinin təmsilçisinin işğal dövründə Ermənistanın Qarabağda, Şərqi Zəngəzurda törətdiyi vandalizm aktları ilə əyani surətdə tanış olmalarıdır. İlham Əliyevin forumun açılış mərasimində dediyi sözlər qonaqlarda dəqiq və aydın təsəvvürün yaranmasına xidmət edirdi: “İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Tamamilə yerlə-yeksan edilmiş və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman tarixi və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır. Hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim: artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub”.

Beləliklə, dünən öz işini yekunlaşdıran WUF13 sessiyasının Bakı forumunun rekordları, ilkləri və müasir Azərbaycan reallığının dünyaya təqdimatı ilə tarixin yaddaşında qalacağı şübhəsizdir. BMT-nin bu nüfuzlu platformasının siyasi tərəfinə gəldikdə isə Azərbaycan 5 gün ərzində dünya miqyaslı problemlərin həllində aparıcı aktor olduğunu, təhlükəsiz, dayanıqlı və inklüziv gələcəyin qurulmasına verdiyi qlobal töhfəni bir daha bütün bəşəriyyətə nümayiş etdirdi.

XQ-nin Analitik Mərkəzi





Siyasət