Bakıda VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı

post-img

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının önündəki parkda VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (VI LitBookFest) açılışı olub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açılış nitqində VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalını Azərbaycanın Türk dünyası ilə əlaqələrinin ardıcıl şəkildə qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin məntiqi nəticəsi kimi dəyərləndirib. Bildirib ki, bu festival Türk dünyası ölkələri arasında inteqrasiya proseslərinin dərinləşməsinə, elmi, ədəbi və mədəni əməkdaşlığın coğrafiyasının genişlənməsinə mühüm töhfə verməkdədir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalından ötən dövr ərzində aparılan müşahidələr festivalın əhatə dairəsinin ildən-ilə genişləndiyini, iştirakçı ölkələrin sayının artdığını və Türk dünyasının intellektual, yaradıcı potensialının daha geniş platformada bir araya gəldiyini göstərir: “İlk dəfə Bakıda əsası qoyulan və artıq 6-cı dəfə Azərbaycanda təşkil edilən bu mötəbər mədəniyyət hadisəsi bu il qardaş Türkiyə Cümhuriyyətində də eyni ruh və yüksək təşkilati səviyyə ilə keçirilib və uğurla davam etdirilib”.

Bu festivalı kitabın, elmin və mədəniyyətin təntənəsi olmaqla yanaşı, Türk dünyasında birlik və həmrəyliyin rəmzi kimi dəyərləndirən AMEA rəhbəri İnternetin, süni intellektin və rəqəmsal cəmiyyətdə artan informasiya rəqabəti fonunda bu festivalın kitabın rolunun gücləndirilməsi, oxu mədəniyyətinə marağın artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, millət vəkili Elçin Mirzəbəyli, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner, Beynəlxalq Türk Akademiyasının təmsilçisi, professor Əbülfəz Süleymanlı, Özbəkistan Asiya Texniki Universitetinin rektoru Laçın Rəhmanov, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza və digərləri çıxış edərək Türk dünyasının sarsılmaz birliyinə, türk dövlətləri arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətindən danışıblar.

Festival ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Festivalın ilk günü Azərbaycan–Türkiyə, ikinci günü Özbəkistan–Türkmənistan, üçüncü günü Qazaxıstan–Qırğızıstan, dördüncü günü Macarıstan–Şimali Kipr Türk Respublikası, sonuncu günü isə Türk Dünyası – Yunus Əmrə günü adlandırılıb.

Festival mayın 26-dək davam edəcək.

Ə.QABİL
XQ

Mədəniyyət