Qərbi Azərbaycan İcmasının (QAİ) Sumqayıt şəhər nümayəndəliyi və Azərbaycan Yazıçılar Birliyinin AYB-nin yerli bölməsinin birgə təşkilatçılığı ilə pedaqoq-şair, publisist və dramaturq Əvəz Mahmud Lələdağın “Düşmənə inanan özünə düşməndir” kitabının təqdimatı keçirilib.
Ömrünün 70 ilini pedaqoji sahəyə, şeirə, sənətə həsr etmiş Əvəz Mahmud Lələdağ əslən Qərbi Azərbaycandandır. Doğulub böyüdüyü, məktəbdə oxuduğu, ali təhsil aldıqdan sonra qayıdıb müəllim işlədiyi Sisyan rayonununda və digər əzəli ellərimizdə ermənilərin millətimizə qarşı törətdikləri vəhşiliklərin şahidi olub, bütün bunları özünün yazdığı şeir, poema, pyes, məqalə və xatirələrində qələmə alıb. Onun çoxsaylı kitablarını hər zaman oxucular maraqla qarşılayıblar.
Sumqayıt Dövlət Dram Teatrının binasında təşkil olunan təqdimat mərasiminə şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri, QAİ təmsilçiləri, şair və yazıçılar, tələbələr toplaşmışdılar. Mərasimi AYB-nin poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı açaraq, müəllifin çoxşaxəli yaradıcılığı, o cümlədən bədii-publisistik yazılarında erməni şovinizmi, terroru və vandalizmini ifşa edən, tarixi faktlara və xatirələrə əsaslanan əsərləri barədə məlumat verdi. Onun yeni kitabının da bu mövzuya həsr olunduğunu bildirdi.
Sonra çıxış edənlər kitabın məziyyətlərindən danışdılar. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov ötən il 90 yaşı tamam olan Əvəz Mahmud Lələdağın Sumqayıtın fəxri vətəndaşı adına layiq görüldüyünü, şəhərin ictimai-siyasi həyatında fəal iştirak etdiyini diqqətə çatdırdı və “Düşmənə inanan özünə düşməndir” kitabı ilə bağlı özəl fikirlərini səsləndirdi.
Digər natiqlər – Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov, filologiya elmləri doktorları, professorlar Avtandil Ağbaba və Rafiq Yusifoğlu, Əməkdar müəllim Sabir Məmmədov, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev, Əməkdar jurnalist Vaqif Bayramov və başqaları milli düşüncənin formalaşmasında Əvəz Mahmud yaradıcılığının mühüm rol oynadığını bildirdilər. Qeyd olundu ki, onun əsərlərində vətənpərvərlik, milli birlik ideyası və mənəvi dəyərlər xüsusi yer tutur. Müntəzəm olaraq “Xalq qəzeti”ndə və digər mətbu orqanlarda dərc edilən məqalələri həm tarixi faktlara söykənir, həm də erməni məkrinin ən müxtəlif təzahürlərini görmüş müəllifin şəxsi müşahidələrinin məhsuludur. Oxuculara düşündürücü mesajlar verən bu yazılar cəmiyyətin maariflənməsi baxımından mühüm önəmə malikdir.
Sonda mərasim iştirakçılarına yeni kitabın nüsxələri paylandı. Əvəz Mahmud Lələdağ onun yaradıcılığına böyük diqqətə görə təşkilatçılara minnətdarlığını bildirdi. Mərasim məktəblilərdən ibarət aşıqlar qrupunun ifasında şairin yurd həsrətli şeirlərinin ifası ilə başa çatdı.
Əli NƏCƏFXANLI
XQ


