22 may - Beynəlxalq Biomüxtəliflik Günüdür

post-img

Təbiətin səsi susarsa...

İnsanlıq əsrlər boyu texnologiya, sənaye və iqtisadi inkişafla fəxr edib. Lakin çox vaxt unudub ki, həyatın özü görünməyən bir tarazlıq üzərində qurulub - biomüxtəliflik üzərində. Meşədəki bir ağacın, çayda üzən bir balığın, torpaqda yaşayan mikroorqanizmin yox olması təkcə təbiətin deyil, insanın gələcəyinin də zəifləməsi deməkdir. Bu gün dünya artıq biomüxtəlifliyin itirilməsini iqlim böhranı qədər ciddi təhlükə hesab edir. Məhz buna görə hər il mayın 22-si bütün dünyada Beynəlxalq Biomüxtəliflik Günü kimi qeyd olunur. 

BMT-nin qərarı ilə təsis olunan bu günün əsas məqsədi cəmiyyətin biomüxtəlifliyin qorunmasına diqqətini artırmaqdır. 2026-cı il üçün müəyyənləşdirilən “Qlobal təsir üçün yerli fəaliyyət” mövzusu isə mühüm mesaj verir: təbiətin xilası hər bir insanın yaşadığı mühitdən başlayır. 

Rəsmi məlumatlara görə, əvvəllər bu gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiyası qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib. Azərbaycan da Beynəlxalq Konvensiyaya həmin ildən qoşulub. Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilib, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılıb, həmin ərazilərdə mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi biomüxtəlifliyin qorunması istiqamətində işlər görür, təbiətə zərər verənləri cəzalandırır.

Mütəxəssislərin fikrincə, biomüxtəliflik təkcə flora və fauna zənginliyi deyil. Bu anlayış ekosistemlərin, genetik ehtiyatların və bütün canlıların qarşılıqlı əlaqəsinin qorunmasını əhatə edir. BMT-nin məlumatına görə, hazırda Yer kürəsində təxminən 1 milyon heyvan və bitki növü məhv olmaq təhlükəsi ilə üz-üzədir. İnsan fəaliyyəti nəticəsində quru ərazilərinin 75 faizi, dəniz ekosistemlərinin isə 66 faizi ciddi şəkildə dəyişdirilib. 

Statistik göstəricilər vəziyyətin nə qədər təhlükəli olduğunu açıq şəkildə göstərir. Dünyada insanların qida rasionunun 80 faizdən çoxu bitkilərdən əldə olunur. Təxminən 3 milyard insanın əsas zülal mənbəyi balıq məhsullarıdır. İnkişaf etməkdə olan ölkələrdə kənd əhalisinin 80 faizi ilkin tibbi müalicədə bitki mənşəli vasitələrdən istifadə edir. Biomüxtəlifliyin azalması isə qida təhlükəsizliyinə, səhiyyəyə və iqtisadiyyata birbaşa təsir göstərir. 

Bu baxımdan biomüxtəlifliyin qorunması artıq təkcə alimlərin deyil, bütün cəmiyyətin məsuliyyətidir. İqlim dəyişmələri, qanunsuz ovçuluq, meşələrin qırılması və su ehtiyatlarının çirklənməsi canlı aləmin sürətlə azalmasına səbəb olur. Təbiətdə hər növ bir zəncirin halqasıdır. Bir növün yox olması digər canlıların da həyatına təsir edir. Əgər biomüxtəlifliyi qoruya bilməsək, gələcəkdə ərzaq, su və sağlamlıq problemləri daha da dərinləşəcək.

Azərbaycan biomüxtəliflik baxımından dünyanın nadir regionlarından biri hesab olunur. Qafqaz ekoregionunun mühüm hissəsi olan ölkəmizdə minlərlə bitki və heyvan növü yaşayır. Burada relikt meşələr, nadir endemik bitkilər, Xəzər suitisi kimi xüsusi qorunan canlılar mövcuddur. Eldar şamı isə dünyada təbii halda əsasən yalnız Azərbaycanda yayılan nadir ağac növlərindən biridir. 

Son illərdə ölkədə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli parkların yaradılması və “Qırmızı kitab”a daxil edilən növlərin qorunması istiqamətində mühüm addımlar atılır. Bununla belə, urbanizasiya, su ehtiyatlarının azalması və iqlim dəyişiklikləri Azərbaycanın biomüxtəlifliyi üçün də ciddi risklər yaradır.

BMT-nin qəbul etdiyi Kunmin-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsinə əsasən, 2030-cu ilə qədər dünyada deqradasiyaya uğramış ekosistemlərin ən azı 30 faizinin bərpası və quru-sahil ərazilərinin 30 faizinin qorunması nəzərdə tutulur. 

Biomüxtəlifliyin qorunması yalnız dövlət proqramları ilə mümkün deyil. Hər bir insanın gündəlik davranışı - ağac əkməsi, suya qənaət etməsi, tullantıları azaltması, təbiətə münasibəti gələcək üçün böyük əhəmiyyət daşıyır. Çünki təbiət insanın sahib olduğu sərvət deyil, gələcək nəsillərdən alınmış əmanətdir.

Bu gün biomüxtəlifliyi qorumaq əslində həyatın özünü qorumaq deməkdir. Təbiətin səsi susarsa, insanlığın gələcəyi də səssiz qalacaq. Ona görə də mayın 22-si sadəcə təqvim günü deyil - insanın təbiətlə münasibətinə yenidən baxması üçün mühüm çağırışdır.

Nurəngiz Adilqızı

XQ

 

 

 

 

Ekologiya