Azərbaycan çayının dünya şöhrəti

post-img

Son illər ölkəmizdə çayçılıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu məqsədlə çayçılığın inkişafı strateji hədəf olaraq müəyyən edilib və bu sahəyə dövlət dəstəyi xeyli genişləndirilib. İxracın strukturunda çay məhsulunun payını artırmaq və yerli tələbatı ödəmək məqsədilə birbaşa subsidiyalar və imtiyazlar tətbiq olunur.

Bu baxımdan dövlətin müəyyən etdiyi subsidiya mexanizmini xüsusi qeyd etmək olar. Belə ki, son 3 il ərzində salınan yeni çay plantasiyalarının hər hektarına görə fermerlərə 800 manat məbləğində subsidiya verilməsi nəzərdə tutulur. 2019-cu ilə qədər salınan plantasiyalar üçün də dəstək tədbirləri mövcuddur.

Hazırda ölkədə idxaldan asılılığı azaltmaq üçün qəbul edilən “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” icra olunur. Bununla yanaşı, yeni çay plantasiyalarının salınması üçün torpaq sahələrinin ayrılması və suvarma sistemlərinin qurulması istiqamətində işlər aparılır. Əsas hədəf isə əkin sahələrinin və məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, Azərbaycan çayının ixrac coğrafiyasının genişləndirilməsi, regionlarda yeni iş yerlərinin yaradılması və kənd təsərrüfatının gəlirliliyinin yüksəldilməsindən ibarətdir.

Azərbaycanda çayçılıq, əsasən, Lənkəran-Astara və qismən Şəki-Zaqatala iqtisadi rayonlarında inkişaf edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-aprel aylarında ölkədə 3 min 558,9 ton quru çay istehsal olunub. Bu da daxili bazarın keyfiyyətli məhsulla təminatında, idxaldan asılılığın azaldılmasında, eləcə də ölkəmizin ixrac potensialının artmasında əhəmiyyətli rol oynayır. Elə cari ilin birinci rübünün məlumatları da bunun təsdiqləyir. Belə ki, yanvar-mart aylarında Azərbaycana 3 min 158,6 ton çay idxal olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 23,6 faiz azdır.

Qeyd edək ki, çay təkcə gündəlik içki deyil, həm də kənd təsərrüfatı və ixrac potensialına malik məhsuldur. Cari ilin birinci rübündə ölkə üzrə çay ixracı 18,3 faiz artaraq 204,1 tona çatıb. Ümumilikdə, hazırda Azərbaycan quru və ya qara çay məhsullarını 20-yə yaxın ölkəyə ixrac edir. Çayımızın əsas alıcıları isə Rusiya (xüsusilə Dağıstan), Gürcüstan, Ukrayna, Səudiyyə Ərəbistanı, Almaniya, İsrail və başqa ölkələrdir.

Yeri gəlmişkən, Azərbaycanda ən böyük çay istehsalçılarından sayılan “Azərsun Holdinq”in təşkilatçılığı ilə 21 May–Beynəlxalq Çayçılıq Günü ilə əlaqədar jurnalistlər üçün Masallıya mediatur təşkil olunub.

Səfər çərçivəsində media nümayəndələri “Azerçay”ın çay plantasiyalarına baş çəkərək ilin ilk çay yığımı prosesi ilə yaxından tanış olublar. Mediatur iştirakçılarına yerli çayçılığın inkişafı istiqamətində görülən işlər, plantasiyalarda tətbiq olunan aqrotexniki üsullarla bağlı məlumat verilib.

“Sun Tea” çay fabrikinin direktoru Nuriyyə Rəhmanova yağış mövsümünün məhsuldarlığa müsbət təsir etdiyini diqqətə çatdıraraq deyib: “Artıq bağlarda çay yığımı başlayıb. Bu il məhsuldarlığın daha yaxşı olacağını gözləyirik. Ötən ilə nisbətən, təxminən, 10-12 faiz artım müşahidə olunacaq”.

Müəssisənin məsul işçisi Altay Abbasov isə əvvəlki illə müqayisədə bu il əkin sahələrinin artdığını və mövsüm ərzində 22 minə yaxın şitil əkildiyini bildirib.

Qeyd edək ki, “Azerçay” məhsulları yerli bazarla yanaşı, dünyanın 40-dan çox ölkəsinə ixrac olunur. “Made in Azerbaijan” markasını daşıyan məhsullar beynəlxalq sərgilərdə uğurla təmsil edilir və Azərbaycan çayçılıq ənənələrinin dünyada tanıdılmasına töhfə verir.

M.YAQUBZADƏ
XQ

İqtisadiyyat