Azərbaycan rəssamlarının yaradıcılığı Çində təqdim olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Azərbaycan rəssamlarının əl işləri Pekində “Today Art” muzeyində nümayiş olunub.

XQ xəbər verir ki, ölkəmizin Çindəki səfirliyi “Innovation” İncəsənət və Səyahət Mərkəzi, “AYDANİ” incəsənət qalereyası ilə birgə Pekində “İncəsənət vasitəsilə dialoq” adlı sərgi təşkil edib. Sərgidə Azərbaycanın 20-yə yaxın rəssamının klassik təsviri sənət və rəqəmsal incəsənət nümunələri nümayiş olunub.

Sərginin açılışında çıxış edən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov mədəni əlaqələrimizin tarixindən danışıb, xalqlarımızın incəsənət və ortaq mənəvi dəyərlər vasitəsilə bir-birinə bağlı olduqlarını deyib. Diqqətə çatdırıb ki, sərgi xalqlarımız arasında mədəni dialoqun, qarşılıqlı anlaşmanın və dostluğun əksidir.

“Today Art” muzeyinin rəhbəri xanım Su Bo bu cür tədbirlərin xalqlarımızın mədəniyyətini, incəsənətini daha yaxından tanımasına imkan yaratdığını deyib.

“Dillərimiz fərqli olsa da, incəsənət hamımızın anladığı ortaq bir dildə danışır. Bu gün isə bizim yerimizə əsərlərimiz — rəsm və heykəllər danışacaq”, deyə “Innovation” İncəsənət və Səyahət Mərkəzinin direktoru Çinarə Məmmədova bildirib.

“AYDANİ” incəsənət qalereyasının direktoru Aydan Məmmədova bildirib ki, sərgidə həm tanınmış və xalq rəssamlarının, həm də gənc rəssamların əsərləri təqdim olunur. Azərbaycan yalnız klassik incəsənətlə deyil, həm də rəqəmsal incəsənət və animasiya vasitəsilə təqdim olunur.





















Mədəniyyət