Praqada azərbaycanlı rəssamın sərgisi açılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Praqanın tarixi mərkəzində, Köhnə Şəhər Meydanına yaxın ərazidə “Delyafruz” qalereyasının rəsmi açılışı baş tutub. Yeni yaradılmış bu incəsənət məkanı artıq müasir sənət və rəngkarlıq həvəskarlarının marağını cəlb etməyi bacarıb.

XQ xəbər verir ki, “Delyafruz” Praqada azərbaycanlı rəssam tərəfindən təsis edilən ilk qalereya kimi diqqət çəkir. Qalereyanın təsisçisi təsviri incəsənət üzrə fəlsəfə doktoru, rəssamlıq və batika sahəsində tanınan sənətkar Deləfruz Bağırovadır. Burada həm onun Azərbaycan milli üslubu ilə Praqa motivlərini birləşdirən əsərləri, həm də digər rəssamların sərgiləri nümayiş olunacaq.

Açılış mərasimində Praqanın yaradıcı ictimaiyyətinin nümayəndələri, Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin əməkdaşları və “Natəvan” Çex mədəniyyət cəmiyyətinin üzvləri iştirak ediblər.

Tədbir mədəni dialoq və yaradıcılıq mühitində keçib. Qonaqlar qalereyanın ekspozisiyası ilə tanış olublar, burada D. Bağırovanın simvolizmə, fəlsəfi dərinliyə və ifadəli rəng çalarlarına əsaslanan əsərləri nümayiş etdirilib.

“Delyafruz” qalereyasının açılışı yalnız rəssamın yaradıcılıq yolunda deyil, həm də Praqanın mədəni həyatında mühüm hadisə kimi qiymətləndirilir. Butik qalereya görüşlər, sərgi layihələri və beynəlxalq bədii əməkdaşlıq üçün platforma kimi nəzərdə tutulub və müasir incəsənət tendensiyalarına açıqdır.

Mədəniyyət