Ozan babamızın ruhu bizi çağırır...

post-img

Azərbaycanın tarixi torpaqları olan İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz, Ağbaba mahalları erməni şovinistləri tərəfindən havadarlarının köməyi ilə Azərbaycandan zor gücünə qoparılaraq özününküləşdirilmiş, türk-müsəlman əhalisi deportasiya edilmişlər. Artıq o göynərtilərə son qoyulub. Bu gün Qarabağ torpaqlarına yeni nəfəs gəlib, bu ocaqlar doğma övladlarına qucaq açıb. Qərbi Azərbaycandan ayrı düşmüş həmvətənlərimiz də tam əminliklə doğma torpaqlarına qovuşacaqları günü səbirsizliklə gözləyirlər.

Oğuz yurdu, Qərbi Azərbaycanın dilbər guşələrindən olan dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən zümrüd qaşlı Göyçə mahalı 38 ildir ki, öz sakinlərinin həsrətindədir. Mavi gözlü, nəğməli Göyçə gölü sahilində yerləşən kəndlərdən söhbət salmaq, onların adət-ənənələrini, elm və mədəniyyətini çatdırmaq hər kəs üçün maraqlıdır. Göyçənin bərəkətli torpaqları, yaşıl yamacları, buz bulaqları, min bir dərdin dərmanı olan bitkiləri, təəssübkeş, qeyrətli, qonaqpərvər insanlarının xeyirxahlığı, əməksevərliyi, haqqında kitablar yazmaq olar. Bu yazıda əsas məqsəd Ozan davamçıları, korifey ustadlardan, görkəmli sənəd adamlarından söhbət açmaqdır. Müsahiblərimiz Azərbaycan aşıq sənətinin korifeyi Aşıq Ələsgərin nəslindən olan, tanınmış sənətkarlar Göyçə mahalının Ağkilsə kənd sakinləri Ləyaqət Məmmədov və Azər Məmmədovdur.

Ləyaqət Məmmədov ürək yanğısı ilə qeyd etdi ki, dünyada tayı olmayan doğma el-obamızdan, kəndimizdən söhbət açmaq mənim üçün olduqca çətindir:

– Tarixə nəzər salsaq, görərik ki, Göyçə mahalı hələ qədim dövrlərdən türkdilli xalqların məskəni olmuşdur. Məlumdur ki, Osmanlı imperiyası Asiyanın çox hissəsini, Avropanın şərq və cənub, Afrikanın şimal hissəsini əhatə etmiş, bir neçə əsr bu yerlərdə hökmranlıq etmişdir. Bu illər türk xalqının intibahı olmuşdur. Zaman keçdikcə imperiya süqut etmiş, tükdilli xalqlar təşəkkül tapmış və dövlətlərini bərqərar etmişlər.

Türkdilli xalqlar öz zəngin mədəniyyəti, qüdrəti ilə həmişə öyünə bilərlər. Göyçənin 85 faizi öz qədim torpaqlarında yurd salmış azərbaycanlılar idi. Onlar maldarlıq-qoyunçuluq, əkin-biçin, kənd təsərrüfatının bütün sahələri ilə məşğul olmuş, rahat yaşamışlar. Zaman-zaman xarici ölkələrdən ermənilər bura köçürülmüş, rəhbər vəzifələri tutmuşlar. Babam Bilal Məmmədov Şərq dünyasının ustad ozanı olan Dədə Ələsgərin qardaşı oğludur. Uzun müddət Basarkeçər Rayon Partiya Komitəsinin katibi, Basarkeçər Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, Krasnoselsk Rayon Partiya Komitəsinin katibi olmuşdur. 40 ildən çox işlədiyi rəhbər vəzifələrdə şovinist ermənilərə qarşı qətiyyətlə mübarizə aparmış, imkan verməmişdir ki, azərbaycanları incitsin, haqlarını tapdalasınlar.

Mərdliyi, cəsarəti, qonaqpərvərliyi ilə yanaşı, müxtəlif səpkili şeirlərin də müəllifi olmuşdur. Yüksək atıcılıq qabiliyyətinə görə “Döyüş silahı” medalı və mükafatı ilə təltif edilmişdir. Dövlətə nümunəvi xidmətlərinə görə “Şərəf nişanı” ordeni və bir sıra medallar sinəsini bəzəmişdir. Məhz babam kimi qorxmaz, xalqının mənafeyini hər şeydən üstün tutan rəhbərlərimizin sayəsində ermənilər həmişə “qınında” qalmış, səslərini çıxara bilməmişlər. Zaman keçdikcə, himayədarlarının köməyi ilə quduzlaşmış erməni vandalları öz çirkin, eybəcər sifətlərini açıb göstərmişlər...

1985-ci ildən başlayaraq erməni vandalları hər yerdə azərbaycanlıları sıxışdırır, rayonun mərkəzinə gedib-gəlmələrini çətinləşdirirdilər. Ağkilsə kəndi, rayon mərkəzi Basarkeçərdən 16 kilometr məsafədə yerləşirdi. Kəndin yaranma tarixi XVI əsrin əvvəlinə (1610) təsadüf edir, bünövrəsi Cənubi Azərbaycanın Ərdəbil və Sulduz əyalətlərindən Göyçə mahalına gələn Məşədi Xavərlilər tayfasından olan dörd qardaş tərəfindən qoyulmuşdur.

Xavərlilər Cənubi Azərbaycan xanları ilə aralarında olan uzunmüddətli çəkişmələrə tab gətirə bilmədiklərinə görə Ağkilsə kəndində məskunlaşmışlar. Kənd şərq tərəfdən Zərzibil kəndi ilə 2 kilometr, qərb tərəfdən Nərimanlı kəndi ilə 5 kilometr, şimal tərəfdən Zod kəndi ilə 2 kilometr, cənub tərəfdən isə Qaraqoyunlu kəndi ilə 4 kilometr həmsərhəddir. Kəndin ərazisində adları Türk toponimlərdən ibarət çox mənzərəli və gəzməli qədim yurd yerləri vardır.

Onlardan Qaraqoyunlu kəndinin ərazisi olan Hüsən çayına 100 metr qalmış Ocaq daşı, Axund təpəsinin sol tərəfindəki "Bəzirxana", kəndin mərkəzindəki Dədə Ələsgərin qəbirüstü abidəsi və XIX əsrin sonlarında kəndin Hacılar tayfasının sakinləri tərəfindən tikilmiş məscidi göstərmək olar. Şəfalı Səhnəbani bulağı (Böyük bulaq), Mehdi bulağı, Döş bulağı, (Hallaclı yurdu) Bəzirxana bulağı, Qumlu bulağı, Bəşir düşən dərə, Dərə yurdu, Yelvə dərəsi, Axund təpəsi, Daşlı güney, Qalaq daşlarının hər torpağı-daşı kəndin ərazisində türklərin yaşayışından xəbər verir. El aşığı, babam sadaladığımız məkanların qeyri-adi gözəlliklərini şeirlərində tərənnüm etmişdir.

Kəndin ərazisində 3 ədəd su ilə işləyən un dəyirmanı olmuşdur. Yadımdadır, orta məktəb uşaqları tez-tez Aşıq Ələsgərin məzarını ziyarət edir, əzbərlədiyimiz şeirlərini avazla söyləyərdik. Hamımızın saz sənətinə rəğbətimiz var idi. Çünki Aşıq Ələsgər sözü, poeziyası alnına Tanrının möhür qoyduğu kamil insan təxəyyülünün, təfəkkürünün ifadə edə biləcəyi gözəlliklə, nurla, hikmətlə, müdrikliklə nəfəs alan sirli, müəmmalı, möcüzəli, tilsimli poeziya ümmanıdır! Bu ümmanın dərinliklərinə baş vurduqca, hətta poeziyanı az-çox bilən, onu sevən insan Ələsgər dühasının düşüncə, fikir tərzinin poetik-fəlsəfi mənasını anlamaqda çətinlik çəkir.

Tale elə gətirdi ki, erməni vandalları tərəfindən didərgin salındıq. Mən imkan taparaq o torpaqlardan bir ovuc götürə bildim, bu gün onu qoxulayaraq, təsəlli tapıram. Rayonumuzun, kəndimizin şəkillərinə baxdıqca ürəyim qubar edir. Prezident İlham Əliyevin qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi və sentyabrın 30-da doğma Bakı şəhərinin ən gözəl yerində, paytaxtın mərkəzində, füsunkar parkda abidəsinin ucaldılması bizi həddindən artıq sevindirdi. Bu, xalqımızın milli-mədəni irsinə silinməz hərflərlə yazılacaq çox əlamətdar, uzun illər gözlədiyimiz hadisə oldu. Eyni zamanda, bunu Ağkilsə kəndimizə qayıdışın müjdəsi hesab edirik.

Azər Məmmədov isə qeyd etdi ki, anadan olduğu Göyçə mahalı, yaddaşımda ən əziz, xoş, bir xatirə kimi əbədi həkk olunmuşdur:

– Xəyalımda yaşayan Göyçə mahalı mənim üçün eyniadlı gölü ilə bərabər, Tanrının sevgi ilə yaratdığı, hər tərəfdən dağlarla əhatə olunmuş, füsunkar təbiət gözəlliyini özündə cəm etmiş müqəddəs torpaqdır.

Mənim üçün dünyanın ən gözəl, sakit, xoş, zəngin təbiəti, axar-baxarlı, mənzərəli məkanı anadan olduğum Ələsgər yurdu Ağkilsədir. Kəndimizin insanları, saz-söz sənətinə həddən çox meyilli idilər. Rəsm və xalça toxumaq adət-ənənə halını almışdı. Camaatımız əkinçilik, heyvandarlıq, bağçılıqla məşğul olurdu. Kolxozun böyük alma, armud, gilas, alça, gavalı bağı vardı. Dadı, tamı və ətiri hər kəsi valeh edirdi.

Əfsus ki, bu gün o bağlar erməni əsarətindədir. Tam əminliklə deyə bilərəm ki, o meyvə ağacları quruyub, çünki erməni vandalları təbiətə olan diqqət və qayğıdan uzaqdırlar. Kənd camaatı xeyir-şərdə bir-birinin yanında olar, köməyini əsirgəməzdi. Ali təhsil almış insanlara, xüsusilə müəllimlərə xüsusi hörmət, ehtiram vardı. Bayram ənənələrimiz bu gün qorunub saxlanır. Göyçədə qədim məscidlər hər kəsin and yeri idi. Kəndimizə qonaq gələnləri qohum-qonşu qonaq aparar, darıxmağa qoymazdılar. Göyçə mədəniyyətindən, ənənələrindən günlərlə danışsaq da, bitməz. Gözəl ənənələri ata-babalarımız bizə öyrədərdirlər.

Şairlər, aşıqlar kəndi hesab olunan Ağkilsədə heç bir məclis sazsız, sözsüz, aşıqsız keçməzdi. Heyiflər olsun ki, bunun da sonu varmış. Tale bizi müxtəlif yerlərə səpələdi. Buna baxmayaraq, kəndimizin sakinləri ilə sıx təmasdayıq. Sevincləri sevincimiz, kədərləri kədərimizdir.

Ümummilli lider Heydər Əliyev 13 sentyabr 2002-ci ildə Goranboyda göyçəlilərlə görüşü zamanı böyük uzaqgörənliklə demişdir: “Dünya heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir. XX əsrin sonu, XXI əsrin ilk illəri bunu sübut edir və göstərir ki, dünyada çox böyük dəyişikliklər gedir. Bəli, heç bir şey bir yerdə durmur. Heç bir şey olduğu kimi qalmır. Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, yurdsevər çağırışları Qərbi Azərbaycana qovuşmağımıza zəmin yaradır. Müdrik və qətiyyətli dövlət başçısı çıxışlarında dönə-dönə bildirib: "Bu tarixi torpaqlar unudulmamalıdır və biz bu torpaqları unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır”...

Zabit XƏLİLOV





Mədəniyyət