“Bizim evlərimiz – bizim gələcəyimiz”

post-img

Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Uşaq və Gənclər Assambleyasının keçirilib. “Bizim evlərimiz – bizim gələcəyimiz: uşaqlara yönəlmiş həllər və yaşanıla bilən şəhərlər üçün gənclərin təşəbbüsləri” mövzusunu əhatə edən iclasda BMT nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri, gənclər təşkilatlarının təmsilçiləri, şəhərsalma üzrə ekspertlər və müxtəlif ölkələrdən gələn gənclər iştirak ediblər.

Assambleyada uşaqlar və gənclər üçün təhlükəsiz, inklüziv və dayanıqlı şəhər mühitinin formalaşdırılması, urbanizasiya prosesində gənclərin iştirakının artırılması, iqlim dəyişikliklərinin şəhər həyatına təsiri və sosial inklüzivlik məsələləri müzakirə olunub. İştirakçılar urban çağırışlarla bağlı təcrübə mübadiləsi aparıb, həll yolları üzrə ortaq təşəbbüslər və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) təbliğat və layihələr üzrə baş məsləhətçi Məleykə Tağızadə çıxışında bildirib ki, Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas mövzularına həsr olunmuş 110 müxtəlif toplantı və təşəbbüs həyata keçirilib.

Məleykə Tağızadə daha sonra deyib:

– Həyata keçirilən təşəbbüslər qlobal şəhərsalma gündəliyinin mürəkkəb mövzularının multidisiplinar yanaşma əsasında müzakirəsinə imkan yaradıb. Bu 110 təşəbbüs müxtəlif formatlarda təşkil olunub. Dəyirmi masalar və panel sessiyalarında iştirakçılar yerli bələdiyyə qurumları ilə birbaşa əlaqə yaradaraq regional planlaşdırma, şəhər problemləri və onların həlli yollarını müzakirə ediblər. Akademik simpoziumlar, tələbə seminarları və texniki sessiyalar da kampaniyanın əsas istiqamətlərindən biri olub.

Müsahibimiz forum öncəsi təşkil olunan həftəlik “Azərbaycan Şəhərsalma Kampaniyası”nı (AUC2026) faydalı maarifləndirici aksiya kimi dəyərləndirib:

– Mayın 11-dən 17-dək keçirilmiş kampaniya 3 əsas istiqamət üzərində qurulmuşdu. Adekvat mənzil və əsas şəhər xidmətlərinin təmin olunması, hər kəs üçün təhlükəsiz və inklüziv şəhər mühitlərinin yaradılması, eləcə də iqlimə uyğunlaşma və dayanıqlılıq. Hədəflər əlçatan mənzil, iqlimə həssas planlaşdırma və icma əsaslı məhəllə inkişafı, inklüziv ictimai məkanlar, infrastruktur və hesabatlı şəhər idarəçiliyi, həmçinin yaşıl infrastruktur, mobillik və iqlim risklərinə qarşı davamlı şəhər planlaşdırılması olub. Toplantılar təkcə Bakıda deyil, regionlarda da təşkil edilib.

Məleykə Tağızadə vurğulayıb ki, WUF13 ölkədə şəhərsalma və urban inkişaf sahəsində beynəlxalq təcrübə mübadiləsi, eləcə də uzunmüddətli institusional dəyişikliklərin təşviqi baxımından vacib platformadır. Forum çərçivəsində həm milli, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələr innovativ və davamlı şəhərsalma yanaşmalarının tətbiqinə güclü təkan verəcəyi şəksizdir.

XQ

Son xəbərlər