Azərbaycan enerji sistemində rəqəmsal idarəetmə

post-img

Bakıda Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən “Azərbaycan enerji sisteminin rəqəmsal idarəetmə arxitekturası” tədbirində enerji sistemlərinin dayanıqlılığı, rəqəmsallaşma, bərpaolunan enerji inteqrasiyası və şəhər infrastrukturunun inkişafı üzrə strateji çağırışlar müzakirə olunub.

“AzərEnerji” və “Azərişıq” ASC-lərinin rəhbər şəxsləri çıxış edərək Azərbaycanın enerji sektorunda həyata keçirilən islahatlar və gələcək inkişaf prioritetləri barədə məlumat veriblər. Bildirilib ki, müasir şəhərlərin inkişafı etibarlı və fasiləsiz enerji təminatı olmadan mümkün deyil. Qeyd olunub ki, enerji istehsalı, ötürülməsi və paylanmasının vahid və kompleks yanaşma əsasında idarə olunması dayanıqlı urbanizasiyanın əsas şərtidir.

“AzərEnerji” ASC-nin sədr müavini Rüstəm Qasımov bildirib ki, enerji sistemlərinin idarə olunmasında rəqəmsal infrastruktur həlledici rol oynayır və müasir dövrdə ənənəvi və bərpaolunan enerji mənbələrinin effektiv inteqrasiyası yalnız rəqəmsal platformalar vasitəsilə mümkündür. Onun sözlərinə görə, şəbəkənin monitorinqi ilə yanaşı, modelləşdirmə və analitik imkanları genişləndirən yeni nəsil idarəetmə sistemləri artıq Azərbaycanda tətbiq edilir.

R.Qasımov qeyd edib ki, ölkədə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi ilə yanaşı, enerji saxlama sistemlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, Günəş və külək enerjisinin şəbəkəyə inteqrasiyası üçün batareya enerji saxlama texnologiyaları artıq real infrastruktur elementinə çevrilib. R.Qasımov vurğulayıb ki, Azərbaycan 2028-ci ilədək enerji şəbəkəsinə təxminən 2 giqavat bərpaolunan enerji inteqrasiya etməyi hədəfləyir və bu istiqamətdə hidroenerji ilə ənənəvi istehsalın balanslaşdırılması prioritetlərdəndir.

“Azərişıq” ASC-nin nümayəndəsi Araz Məmmədzadə isə bildirib ki, paylayıcı şəbəkələr artıq yalnız elektrik ötürülməsi funksiyasını daşımır, həm də “ağıllı şəhər” infrastrukturunun əsas komponentinə çevrilib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur bölgələri müasir enerji modellərinin tətbiqi baxımından “canlı laboratoriya” rolunu oynayır və bu ərazilərdə “ağıllı” kəndlər, “yaşıl enerji” zonaları və rəqəmsal idarəetmə mərkəzləri formalaşır.

Çıxışlarda bildirilib ki, enerji sektorunda innovativ texnologiyaların tətbiqi genişlənir. Şəbəkə infrastrukturunun monitorinqində dron texnologiyalarından istifadə edildiyi, bu metodun ənənəvi üsullarla müqayisədə daha sürətli və təhlükəsiz olduğu bildirilib. Eyni zamanda, yarımstansiyaların üzərində quraşdırılan Günəş panellərinin yerli istehlak üçün təmiz enerji istehsal etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, rəqəmsallaşma nəticəsində enerji idarəetmə prosesləri tam elektronlaşdırılır, kağızsız idarəetmə sistemləri tətbiq edilir və bu yanaşma həm şəffaflığı artırır, həm də əməliyyat səmərəliliyini yüksəldir.

Sonda vurğulanıb ki, dayanıqlı urbanizasiya yalnız müasir, “ağıllı” və fasiləsiz enerji infrastrukturu üzərində qurula bilər və Azərbaycanın enerji sektoru bu istiqamətdə qlobal standartlara uyğun inkişaf yolunu davam etdirir.

XQ

Son xəbərlər