BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Qlobal mənzil böhranı: Plan nədir? Həlləri həqiqətən dünyanı özündə birləşdirə biləcək sistemlərə necə çevirə bilərik?” adlı dialoq sessiyasında mühüm müzakirələr aparıldı. Qlobal media brendi “Monocle”nin baş xarici müxbiri Karlota Miqel Karreyra Rebelonun moderatorluğu ilə sessiya keçirildi.
Anaklaudia Rossbax, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru:
– Qlobal mənzil böhranının həlli istiqamətində konkret müzakirələr vacibdir. Böhranla bağlı qərarlar çox ciddi və strateji xarakterlidir. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı bütün vəzifələrin: səhiyyə, təhsil, məşğulluq və su qıtlığının həlli üçün mənzil probleminin nə dərəcədə əhəmiyyətli olduğunu hamımız anlayırıq. Əhalini lazımi infrastrukturla təchiz edilmiş, əlverişli yerdə yerləşən və qiyməti münasib mənzillə təmin edən şəhərlər daha məhsuldar, rəqabətədavamlı və inklüziv, həmçinin daha geniş gəlir bazasına malik olur.
Lakin mənzil məsələsini diqqət mərkəzində saxlayan yeni şəhər gündəliyinin qəbul edilməsindən 10 il və diqqətini mənzil məsələlərinə yönəldən UN-Habitatın yaradılmasından 50 il sonra biz hələ də mənzil əlçatanlığı problemi ilə üzləşirik. Söhbət, sadəcə, bir boşluqdan getmir. Biz planetin hər üç sakinindən biri haqqında danışırıq. Məhz buna görə də bu, qlobal böhrandır.
Emilia Saiz, Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatının (UCLG) Baş katibi:
– Mənzil böhranı gecəqondu məhəllələri və qeyri-rəsmi yaşayış sahələri ilə məhdudlaşmır. Bu gün işi olan insanlar da mənzil problemi ilə üz-üzədirlər və vəziyyət getdikcə daha təhlükəli miqyas alır. Bu, artıq yalnız qlobal şimal və ya qlobal cənubun problemi deyil. Mənzil böhranı struktur xarakter daşıyan inkişaf və demokratiya çağırışına çevrilib.
Demokratiyanın gələcəyi də mənzil məsələsindən asılıdır. Uzun illərdir sosial mənzillər yanlış ərazilərdə planlaşdırılır və bu yanaşma hələ də davam edir. İnsanlar özlərinin tikdiyi evlərdən çıxarılır. Bunun səbəbi həmin ərazilərin qeyri-rəsmi hesab olunması və ya torpağın bazar dəyərinin artmasıdır.
Grace Chikumo-Mtonga, Habitat International Coalition təşkilatının prezidenti:
– Qlobal mənzil böhranını dərinləşdirən əsas problemlərdən biri icmaların öz təşəbbüsü ilə formalaşdırdığı yaşayış modellərinə və qeyri-kommersiya əsaslı mənzil həllərinə kifayət qədər dəstək verilməməsidir. Yerli icmaların təcrübəsi, kollektiv mənzil təşəbbüsləri və yerli xalqların bilikləri çox vaxt nəzərə alınmır.
Qadınlar, yaşlılar, əlilliyi olan şəxslər və aztəminatlı qruplar diskriminasiyaya daha çox məruz qalan və mənzil böhranından ən çox zərər çəkən təbəqələrdir. Məcburi köçürülmələrin qarşısının alınması, insan hüquqlarının qorunması və zərərçəkənlər üçün kompensasiya mexanizmlərinin yaradılması mənzil siyasətinin vacib elementlərindən olmalıdır.
Dan Yorgensen, Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı:
– Avropa İttifaqı da bu böhranın həlli istiqamətində böyük töhfələr verəcək. Biz axını müsbət istiqamətdə dəyişə bilərik. Hər kəsin mənzillə təmin olunması üçün plan həyata keçirməyə çalışırıq. Biz keyfiyyətli mənzilə fokuslanırıq. Çünki insanların həyatı önəmlidir. Həmçinin biz yaxşı icmalar qurmalıyıq.
Tələbələr və evsiz insanlar bu böhrandan ən çox əziyyət çəkənlərdir. Biz bu böhranı birlikdə həll edə və dəyişikliklərə nail ola bilərik. Çünki bütün dünyada mənzil problemi həll olunmalıdır.
Hazırladı:
L.TƏHMƏZ,
C.QAÇAYEV (foto)
XQ

