Daşkənddə musiqi təhsili və mədəniyyət təhsilində süni intellektə həsr olunan beynəlxalq tədbir təşkil olunub

post-img

“Musiqi təhsili: dünya miqyasında vahid məkan istiqamətində” mövzusunda ilk beynəlxalq forum keçirilib. 

Tədbirdə 200-ə yaxın xarici və yerli iştirakçı, o cümlədən Azərbaycan, ABŞ, Böyük Britaniya, Yaponiya, Rusiya, Kanada, Cənubi Koreya, Fransa, İtaliya, Macarıstan, Türkiyə, Qazaxıstan, Çin, İndoneziya, Qırğızıstan və Tacikistandan olan alimlər, universitet rəhbərləri, professorlar, etnomusiqişünaslar, müəllimlər, tələbələr və KİV nümayəndələri iştirak edib. 

Forumun ilk günündə “Mədəniyyət təhsilində süni intellektin əhəmiyyəti” mövzusunda konfrans keçirilib. Çıxışlarda süni intellekt texnologiyalarının musiqi, vizual dizayn və media sənətində tətbiqi, rəqəmsal transformasiya və innovativ platformaların rolu müzakirə olunub. 

Özbəkistan mədəniyyət nazirinin birinci müavini Avazbek Tojixonov, TÜRKSOY-un Baş katibi Sultan Rayev, ICESCO-nun Bakı regional nümayəndəliyinin rəhbəri Abdulhakim Al-Senan və digər iştirakçılar musiqinin xalqlar arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində əhəmiyyətini vurğulayıblar. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Akif Marifli Mədəni irsin qorunmasında süni intellektin rolu mövzusunda çıxış edərək, 3D skanlaşdırma, rəqəmsal arxivləşdirmə, avtomatik tərcümə və virtual muzey platformalarının tarixi abidələr, eksponatlar və əlyazmaların qorunmasına yeni imkanlar yaratdığını bildirib. O qeyd edib ki, “ağıllı şəhərlər” konsepsiyası çərçivəsində süni intellekt tarixi abidələrin monitorinqi və rəqəmsal mühafizəsi üçün strateji vasitədir və bu yanaşma Bakıda keçirilən WUF13-ün dayanıqlı və mədəni kimliyə əsaslanan şəhər inkişafı gündəliyi ilə üst-üstə düşür. Vurğulanıb ki, süni intellekt insan faktorunu əvəz etməməli, əksinə, mütəxəssislərin bilik və təcrübəsini gücləndirən yardımçı texnologiya kimi istifadə olunmalıdır. 

Forum çərçivəsində 80-dən çox elmi iş və innovativ layihə təqdim edilib, 20-yə yaxın əməkdaşlıq memorandumu imzalanıb və 10 bənddən ibarət qətnamə qəbul olunub. İştirakçılar üçün “Tashkent City” parkında “Open Air” qala-konserti təşkil olunub, konsertdə Özbəkistan Dövlət Simfonik Orkestri və Azərbaycan Xalq artistləri Gülyanaq Məmmədova, Nəsibə Abdullayeva, Fərrux Zakirov və digər tanınmış sənət adamları çıxış edərək tamaşaçılara musiqi ovqatı bəxş ediblər. Forum musiqi və mədəniyyət təhsilinin inkişafına, rəqəmsal texnologiyaların tədrisə inteqrasiyasına, beynəlxalq akademik əməkdaşlığın genişlənməsinə və xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verib.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 













Mədəniyyət