Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Energetika naziri Pərviz Şahbazov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Bağlantıların mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” adlı xüsusi sessiyada çıxış edib.
Nazir bildirib ki, COP29-dan sonra Azərbaycanın daha bir mühüm qlobal platformaya ev sahibliyi etməsi ölkəmizin yalnız enerji təhlükəsizliyi gündəliyinin deyil, eyni zamanda dayanıqlı urbanizasiya, yaşıl keçid və regional bağlantılılıq proseslərinin də fəal iştirakçısı olduğunu təsdiqləyir.
Energetika naziri qeyd edib ki, gələcəyin şəhərləri artıq ölçüləri ilə deyil, enerji səmərəliliyi, texnoloji inkişafı və regional bağlantıları ilə dəyərləndiriləcək. Onun sözlərinə görə, müasir geosiyasi və geoiqtisadi reallıqlarda bağlantılar strateji əhəmiyyət daşıyır və enerji xətləri, nəqliyyat dəhlizləri, fiber-optik kabellər və elektrik interkonnektorları qlobal sistemin yeni “arteriyalarına” çevrilir. Bu kontekstdə Azərbaycan regional yaşıl enerji və elektrik interkonnektorlarının formalaşmasında strateji rol oynayır. “Möhtərəm Prezident İlham Əliyevin enerji təhlükəsizliyi, yaşıl inkişaf və sülh quruculuğunu regional bağlantılarla vəhdətdə dəyərləndirən vizioner siyasəti nəticəsində Azərbaycan bu gün Avrasiyanın əsas bağlantı və əməkdaşlıq mərkəzlərindən birinə çevrilir. “Orta Dəhliz”lə sinxron şəkildə inkişaf edən yaşıl enerji dəhlizləri Xəzər regionunu Avropa və Asiya ilə birləşdirən yeni enerji arxitekturası formalaşdırır.”
Nazir diqqətə çatdırıb ki, yaxın perspektivdə bu inteqrasiya olunmuş enerji və bağlantı şəbəkələri şəhərlərin, sənayenin və iqtisadiyyatların daha sıx əlaqələnməsini təmin edəcək. Həmçinin bildirilib ki, Azərbaycanın 8 QVt həcmində yaşıl enerji güclərinin yaradılması planları çərçivəsində 2 QVt-lıq stansiyaların enerji sisteminə inteqrasiyası gələn il tamamlanacaq. Bu proses yalnız enerji istehsalının artımı deyil, həm də sənaye transformasiyası, illik təxminən 2,4 milyon ton emissiyanın azaldılması, yaşıl urbanizasiya və enerji balansının şaxələndirilməsi deməkdir.
Çıxışda Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası” konsepsiyası çərçivəsində ağıllı şəhər və kənd modellərinin, enerji səmərəli infrastrukturun və rəqəmsal idarəetmə sistemlərinin tətbiqindən də bəhs edilib. Diqqətə çatdırılıb ki, hazırda bu ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası fəaliyyət göstərir, 340 MVt gücündə günəş elektrik stansiyaları inşa edilir, 7 MVt gücündə damüstü günəş panelləri quraşdırılıb, həmçinin 240 MVt gücündə külək elektrik stansiyası üzrə hazırlıq işləri aparılır.
Eyni zamanda bildirilib ki, ölkədə enerji səmərəliliyi sahəsində institusional mexanizmlər formalaşdırılıb, “Enerji Effektivliyi Fondu” yaradılıb və bu yanaşma enerji istehlakı və itkilərinin azaldılması, resursların səmərəli idarə olunması və ağıllı infrastrukturun inkişafına xidmət edir. “Azərbaycan bu sahədə investisiyaların genişləndirilməsini və daha effektiv nəticələr əldə olunmasını hədəfləyir. Çünki gələcəyin şəhərləri də məhz az enerji ilə daha çox dəyər yaradan şəhərlər olacaq”, - deyə nazir əlavə edib.




