“Qarabağın sıfırdan qurulması” qlobal məskunlaşma üçün yeni nümunədir

post-img

Prezident İlham Əliyev WUF13-ün təntənəli açılış mərasimində “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizdə COP29-dan sonra keçirilən ikinci ən böyük toplantının Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyəti ilə bağlı danışarkən Azərbaycanın bu qlobal müzakirəyə ev sahibliyi etməsiini böyük şərəf, burada 182 ölkənin təmsil olunması faktını isə respublikamıza göstərilən hörmət və etimad kimi dəyərləndirdi. Ölkə rəhbəri iştirakçıların sayının rekord həddə çatmasını isə həm mövzunun bəşəri önəm daşıması, həm də dövlətimizin beynəlxalq aləmdə böyük nüfuz qazanması ilə əlaqələndirdi.

Azərbaycan lideri daha sonra bildirib ki, belə bir forumun keçirilməsi respublikamızda indiyədək görülən işlər, gələcək planlar barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından bir fürsətdir: “Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır”.

Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində çıxışı zamanı da bu məsələlərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işlərinin miqyasını və mahiyyətini xüsusi vurğulayaraq 30 il davam edən işğal nəticəsində regionun tamamilə dağıdıldığını, şəhər və kəndlərin viran qoyulduğunu bildirib. Dövlət başçısı, eyni zamanda, beynəlxalq aləmdə Ağdamın “Qafqazın Xirosiması” adlandırılmasının təsadüfi olmadığını, bu sözə Qarabağda erməni vandalizminin miqyasını bütün dünyaya nümayiş etdirmək baxımından ən təsirli ifadələrdən biri kimi yanaşıldığını vurğulayıb.

İlk addım – minatəmizləmə!

İşğaldan azad edilmiş ərazilərdə ən ciddi problemlərdən biri mina təhlükəsidir. Ermənistan tərəfindən basdırılmış milyonlarla mina və partlamamış hərbi sursat insanların həyatı üçün ciddi təhlükə yaradır. Məhz buna görə də bərpa prosesinin ilk mərhələsində minatəmizləmə işləri həyata keçirilir. Azərbaycan Minatəmizləmə Agentliyi və digər aidiyyəti qurumlar tərəfindən genişmiqyaslı əməliyyatlar aparılaraq yaşayış və təsərrüfat üçün təhlükəsiz mühit formalaşdırmağa çalışılır.

Minatəmizləmə prosesi yalnız humanitar məsələ deyil, həm də iqtisadi inkişafın əsas şərtidir. Çünki yolların çəkilməsi, kənd təsərrüfatının bərpası, yaşayış məntəqələrinin qurulması və insanların geri dönüşü təhlükəsizlik təmin olunmadan mümkün deyil.

Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra müasir Azərbaycanın qarşısında duran ən mühüm strateji vəzifələrdən biri də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, həmin ərazilərin sosial-iqtisadi həyata inteqrasiyası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz şəkildə qaytarılması olub. Ötən müddətdə regionda həyata keçirilən genişmiqyaslı quruculuq prosesi təkcə infrastruktur layihələri ilə məhdudlaşmayıb. Bu proses, eyni zamanda, dövlətin siyasi iradəsinin, iqtisadi gücünün, milli həmrəyliyinin və gələcəyə hesablanmış inkişaf strategiyasının real təcəssümü kimi diqqət çəkib.

İşğal dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayış məntəqələri sistemli şəkildə dağıdılıb, tarixi-mədəni irsə qarşı vandalizm aktları həyata keçirilib. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və digər rayonlarda evlər, məktəblər, xəstəxanalar, inzibati binalar, dini və tarixi abidələr, infrastrukturlar tamailə məhv edilib. Bölgədə törədilən dəhşətli mənzərələr beynəlxalq müşahidəçilər tərəfindən “ölü şəhərlər” kimi xarakterizə olunub.

Bundan başqa, dünyada Ağdam şəhərinin tamamilə yerlə-yeksan edilməsi, yaşayış binalarının sökülərək tikinti materialı kimi daşınması, qəbiristanlıqların dağıdılması işğalı yalnız hərbi deyil, həm də humanitar və mədəni faciə kimi qiymətləndirilib. Eyni zamanda, bütün bu vəhşiliklərə baxmayaraq, Azərbaycanın qisasa yox, quruculuq və inkişaf yoluna önəm verdiyi, bu yanaşmanın isə dövlət siyasətinin humanist mahiyyətindən, milli inkişaf modelinin əsas prinsiplərindən irəli gəldiyi bildirilib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qaytarılması, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın gerçəkləşdirilməsi qarşıya əsas vəzifə kimi qoyulub. Bu prinsip Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri zamanı daim diqqətdə saxlanılıb, bərpa prosesi vahid idarəetmə mexanizmi əsasında təşkil olunub. Elə bu məqsədlə də yaradılan Əlaqələndirmə Qərargahı tərəfindən bütün layihələrin icrasına nəzarət yüksək səviyyədə reallaşdırılıb, müxtəlif dövlət qurumlarının fəaliyyəti əlaqələndirilərək işlərin sürətli şəkildə həyata keçirilməsi təmin edilib.

Xatırladaq ki, məhz bu mərkəzləşdirilmiş idarəetmə modeli sayəsində qısa müddət ərzində nəhəng infrastruktur layihələrinin icrası mümkün olub. Cəmi 5 il ərzində regionda yollar, tunellər, körpülər, elektrik stansiyaları, yarımstansiyalar, su anbarları, magistral kommunikasiya xətləri və beynəlxalq hava limanları tikilərək istifadəyə verilib.

Hazırda işğaldan azad olunmuş ərazilərin bərpasında nəqliyyat infrastrukturunun inkişafı xüsusi yer tutur. Bu, ilk növbədə, regionun ölkənin ümumi nəqliyyat sisteminə inteqrasiyasını sürətləndirir. Bu baxımdan Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının salınması strateji əhəmiyyət daşıyır. Qısa müddətdə Qarabağın “hava qapısı”na çevrilən Füzuli Beynəlxalq Hava Limanının, ardınca isə Zəngilan və Laçın aeroportlarının istifadəyə verilməsi ilə regionun logistika imkanlarının daha da genişləndirməsi bunun bariz ifadəsidir.

Bununla yanaşı, Horadiz–Ağbənd dəmir yolu xətti, yeni avtomobil magistralları, tunellər və körpülər regionun daxili və xarici nəqliyyat əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. Xüsusilə Zəngəzur dəhlizi perspektivi Qarabağ və Şərqi Zəngəzurun beynəlxalq logistika mərkəzinə çevrilməsi imkanlarını artırır.

İşğaldan azad edilən ərazilərdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması Kəlbəcər, Laçın, Zəngilan, Füzuli və digər rayonlara köç prosesinin mərhələli şəkildə həyata keçirilməsini şərtləndirir. Avtomobil yolları ilə təmin olunan yaşayış məntəqələri iqtisadi fəaliyyətin bərpası, sosial xidmətlərin təşkili və turizm layihələrinin reallaşdırılması üçün əlverişli mühit yaradır. Bu da, öz növbəsində, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icrasına, insanların doğma yurdlarına inamla dönməsinə müsbət təsir göstərir.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda tikilən hər bir yol Azərbaycanın müasir dövlət quruculuğu fəlsəfəsinin canlı təcəssümüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bu nəhəng infrastruktur proqramı təkcə regionun deyil, bütövlükdə, ölkənin iqtisadi dinamikasını dəyişir. Yeni yollar, tunellər və körpülər həm Azərbaycanın texnoloji gücünü, həm də iradəsini nümayiş etdirir, bu coğrafiyada həyatın canlandığından, dövlətin hər qarış torpağına qayğı ilə yanaşdığından xəbər verir.

Xarabalıqdan “ağıllı” və “yaşıl” məskənlərə...

Prezident İlham Əliyev “Euronews” televiziyasına sözügedən müsahibəsində işğal altındakı ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması səbəbindən indiyədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırıldığını, mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində 5 il müddətində artıq 85 min insanın doğma torpaqlarına qayıdışının təmin olunduğunu qeyd edib. Ölkə rəhbəri, eyni zamanda, qayıdışın dayanıqlı olması üçün təkcə evlərin tikilməsinin kifayət etmədiyini, insanların məşğulluğunun gerçəkləşdirilməsinin, iqtisadi fəaliyyət imkanları yaradılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

Qarabağ və Şərqi Zəngəzurda sənaye parkları, aqroparklar, logistika mərkəzləri və turizm layihələrinin uğurla icrası da elə bu məqsədə xidmət edib. Ağdam Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” və digər təşəbbüslər regionda yeni iş yerlərinin açılmasını və iqtisadi fəallığın artmasını şərtləndirib. Ötən 5 il ərzində aqrar sektorun inkişafına da xüsusi diqqət yetirilməsi, regionun münbit torpaq ehtiyatlarından və əlverişli iqlim şəraitindən səmərəli yararlanılması, eləcə də müasir suvarma sistemləri, eləcə də innovativ kənd təsərrüfatı texnologiyalarına üstünlük verilməsi də qarşıya qoyulan vəzifənin reallaşmasında önəmli rol oynayıb.

Ölkə rəhbəri, ilk növbədə, elektrik enerjisi məsələsinin həllini tapdığını, bugünədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verildiyini və 340 meqavat gücündə Günəş enerjisi layihələrini isə hazırda inşa edildiyini diqqətə çatdırıb. O, bu həcmin təkcə Qarabağ və Şərqi Zəngəzurla bərabər, daha geniş ərazilər üçün də kifayət edəcəyini, bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyasının gerçəkləşdiyini xatırladıb.

Qarabağ və Şərqi Zəngəzurun bərpasında tətbiq edilən əsas yanaşmalardan biri “ağıllı” şəhər və “ağıllı” kənd konsepsiyasıdır. Bu, işğaldan azad olunmuş ərazilərdə köhnə sovet tipli şəhərsalma modelini deyil, müasir və innovativ idarəetmə sistemlərini tətbiq edir. Konsepsiya çərçivəsində yaşayış məntəqələrində rəqəmsal idarəetmə, enerji səmərəliliyi, ekoloji təhlükəsizlik, müasir kommunal xidmətlər və yüksək həyat standartları nəzərdə tutulur. Artıq Zəngilan rayonunun Ağalı kəndi “ağıllı” kənd layihəsinin ilk uğurlu nümunəsi kimi tarixə düşməklə diqqət çəkir. Burada alternativ enerji mənbələrindən yararlanılması, evlərin müasir texnologiyalarla təmin edilməsi, kənd təsərrüfatında innovativ yanaşmalar tətbiq olunması diqqətdə saxlanılır.

Qarabağın bərpasında “yaşıl” inkişaf konsepsiyası prioritet istiqamətlərdən biridir. Azərbaycan dövləti regionu “yaşıl enerji zonası” elan etməklə burada ekoloji cəhətdən dayanıqlı iqtisadi model formalaşdırmağı hədəfləyib. Çünki region zəngin su, günəş və külək enerjisi potensialına malikdir. Bu potensialdan səmərəli istifadə məqsədilə bir sıra hidroelektrik stansiyalar tikilərək istifadəyə verilib. Günəş və külək enerjisi layihələrinin reallaşdırılması istiqamətində də mühüm addımların atılmasına başlanılıb.

“Yaşıl” enerji siyasəti təkcə enerji təhlükəsizliyinə xidmət etmir. Bu yanaşma, eyni zamanda, karbon emissiyalarının azaldılması, ekoloji tarazlığın qorunması və dayanıqlı şəhərsalma modelinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Tikinti sektorunda enerji səmərəliliyi standartlarının tətbiqi, müasir istilik sistemlərinin qurulması və ekoloji təmiz materiallardan istifadəyə üstünlük verilməsi də bu siyasətin mühüm elementləri sırasında yer alır.

Çağdaş məskunlaşmaya töhfə

Qarabağın bərpası artıq təkcə Azərbaycanın daxili məsələsi deyil, bu proses həm də regional əməkdaşlıq və beynəlxalq iqtisadi inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edir. Regionun nəqliyyat-logistika imkanları Orta Dəhliz layihəsi, TRACECA proqramı və Şərq – Qərb nəqliyyat marşrutları çərçivəsində strateji önəm daşıyır. Bununla yanaşı, Qarabağda keçirilən beynəlxalq tədbirlər, forumlar və sərgilər bu coğrafiyanın yeni inkişaf simasını dünyaya təqdim edir. Bu tədbirlər Azərbaycanın postmünaqişə dövründə sülh, inkişaf və əməkdaşlıq gündəliyinə sadiqliyini nümayiş etdirir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri müasir Azərbaycanın iqtisadi gücünün və siyasi iradəsinin bariz nümunəsidir. Azərbaycan dağıdılmış torpaqları qısa müddətdə regionun ən müasir və inkişaf etmiş məkanlarından birinə çevirməyə nail olur. Ən vacib məqamlardan biri isə budur ki, bu bərpa prosesi yalnız fiziki infrastrukturun qurulması deyil, həm də milli yaddaşın, sosial ədalətin və tarixi hüququn bərpasıdır. Öz doğma yurdlarından didərgin salınmış insanların geri qayıtması dövlətin və xalqın mənəvi qələbəsinin davamıdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi Böyük Qayıdış siyasəti göstərir ki, Azərbaycan postmünaqişə dövründə də qalib dövlət kimi inkişaf və quruculuq modelini uğurla davam etdirir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni həyat isə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun gələcək inkişaf xəritəsini müəyyənləşdirən mühüm strateji mərhələdir.

Vaqif BAYRAMOV
XQ

Sosial həyat