BMT-nin Şəhərsalma Forumunda müxtəlif ölkələrdən gələn iştirakçılar milli geyimləri ilə həm mədəniyyətlərini nümayiş etdirir, həm də foruma əlavə multikultural ahəng gətirdilər.
Mələk Əlizadə, Azərbaycan:
– Forum çərçivəsində nümayiş olunan milli geyimlər arasında al-əlvan rənglərlə bəzədilmiş, incə naxışlarla işlənmiş geyimlərimiz forum iştirakçılarının marağına səbəb oldu. Xarici qonaqlar geyimlərimizin fərqliliyini, rəng harmoniyasını və qədim ənənələri özündə əks etdirməsini böyük maraqla izlədilər.
Xüsusilə, uzun hörüklərimiz və milli bər-bəzəklər diqqəti daha çox cəlb etdi. Bir çox xarici iştirakçı bunun çox zərif və yaraşıqlı olduğunu dedi, bizimlə şəkillər çəkdirdi, milli geyimlərimiz haqqında suallar verdi. Bu maraq isə bir daha göstərir ki, Azərbaycan mədəniyyəti və milli irsi dünyanın müxtəlif xalqları tərəfindən rəğbətlə qarşılanır.
Belə beynəlxalq tədbirlərdə milli dəyərlərimizi nümayiş etdirmək, mədəniyyətimizi tanıtmaq və insanların marağını görmək isə bizim üçün olduqca qürurverici hiss idi.
Jacop Engiose, Kamerun:
– Üzərimdəki geyim Bamenda otlaqlarında yaşayan xalqın ənənəvi libasıdır və bu, ölkənin əsas mədəni nişanələrindən biri hesab olunur. Dünyanın harasında olursa olsun, insanlar bu geyimi görəndə onun Kamerundan gəldiyini anlayırlar. Bu isə milli geyimin ölkənin kimliyini və mədəniyyətini necə güclü şəkildə ifadə etdiyini göstərir.
Geyimin üzərindəki naxışlar, rəng harmoniyası və xüsusilə papaq tamamilə əl işidir. Hər bir detalı xüsusi zəhmətlə hazırlanan mədəniyyət nümunəsidir. İnsanlar gündəlik həyatda və beynəlxalq tədbirlərdə bu geyimlərdən istifadə etməklə həm öz köklərinə bağlı olduqlarını bildirir, həm də milli mədəniyyətlərini dünyaya tanıdırlar. Bu baxımdan, milli geyimlər keçmişlə bu günü birləşdirən mühüm mədəni körpü rolunu oynayır.
Danae Cihangie, Pakistan:
– İnsanlar milli geyimlərini gündəlik şəkildə istifadə etməklə öz mədəniyyətlərini yaşadır və onu gələcək nəsillərə ötürməyə çalışırlar.
Pakistanda istər rəsmi tədbirlərdə, istər küçələrdə, istərsə də adi məkanlarda milli libaslarla qarşılaşmaq tamamilə normal haldır. Bu isə ölkədə milli kimliyə və ənənələrə olan bağlılığın göstəricisi sayılır. Milli geyimlər insanlara öz köklərini unutdurmur və cəmiyyətin mədəni yaddaşını qoruyub saxlayır.
Bundan əlavə, Azərbaycanın milli geyimlərinə də böyük maraq göstərirəm. Azərbaycan geyimlərinin rəngarəngliyi, naxışları və estetik görünüşü xüsusilə cəlbedicidir, bu geyimləri də böyük qürurla üzərimdə daşıya bilərəm. Milli geyimlər xalqları bir-birinə daha da yaxınlaşdırır və mədəniyyətlər arasında qarşılıqlı hörmətin formalaşmasına töhfə verir.
Ləman TƏHMƏZ,
Rauf İBRAHİMLİ (foto)
XQ

