Türkiyəli qonaqlar Ədəbiyyat Muzeyində

post-img

Bakı şəhərində keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizə gələn Türkiyə nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Nümayəndə heyətinin tərkibində Gaziantep Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahin, baş katibin müavini Mehmet Abdullah Aksoy, Ahmet Ertürk, Xarici əlaqələr və beynəlxalq layihələr idarəsinin rəisi Hasan Emre Bitgin, eləcə də tərcüməçi Bilge Kahramanyol yer alıb.

Muzeyin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova qonaqlara ekskursiya zamanı nümayəndə heyətinə muzeyin yaranma tarixi, burada qorunan zəngin ədəbi-mədəni irs nümunələri, Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

Qonaqlar muzeyin ekspozisiya zallarında nümayiş olunan rəsm əsərlərinə, klassik Azərbaycan ədəbiyyatını əks etdirən bədii kompozisiyalara və qədim xalça nümunələrinə xüsusi maraq göstəriblər. Azərbaycan milli ornamentlərini, ənənəvi rəng harmoniyasını və tarixi-estetik xüsusiyyətləri özündə əks etdirən xalçalar nümayəndə heyətinin diqqətini xüsusilə cəlb edib. Onlar muzeydə sərgilənən sənət nümunələrinin Azərbaycan xalqının zəngin mədəni yaddaşını və estetik dünyagörüşünü əks etdirdiyini vurğulayıblar.

Nümayəndə heyəti, həmçinin muzeydə qorunan nadir eksponatlar, miniatür sənəti nümunələri və klassik ədiblərin obrazlarını əks etdirən monumental rəsm əsərləri ilə yaxından tanış olub. Qonaqlar Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinin bir arada təqdim edilməsini yüksək qiymətləndirərək muzeyin yalnız ədəbiyyat deyil, bütövlükdə, milli-mədəni irsin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Sonda eksponatların yüksək peşəkarlıqla qorunduğunu və təqdim olunduğunu xüsusi vurğulayan türkiyəli qonaqlar Nizami Gəncəvinin adını daşıyan bu mötəbər elm və mədəniyyət ocağından xoş təəssüratlarla ayrılıblar.

Q.YUSİFOĞLU
XQ

Sosial həyat