WUF13 Bakını beynəlxalq şəhərsalma diplomatiyasının mərkəzinə çevirdi

post-img

Azərbaycanın təşəbbüsü ilə Bakı Şəhərsalma Mükafatının təsis olunması ölkəmizin qlobal şəhərsalma gündəliyinin təşviqinə sadiqliyinin növbəti təzahürüdür

Azərbaycan Respublikasının son illər həyata keçirdiyi xarici siyasət strategiyası ölkənin qlobal miqyasda beynəlxalq normaların və fəaliyyət standartlarının formalaşdırılmasında aparıcı tərəfdaş qismində çıxış etdiyini göstərir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında imzalanan Niyyət Məktubu həmin strateji xəttin mühüm göstəricisidir. Sənəd Ümumdünya Şəhərsalma Forumunun gələcəkdə keçiriləcək sessiyalarına ev sahibliyi üzrə "WUF13 Bakı standartları" əsasında əməliyyat təlimatının müştərək hazırlanmasını nəzərdə tutur. 

Müasir beynəlxalq münasibətlər sistemində qlobal əhəmiyyətli forumlara ev sahibliyi etmək dövlətlərin yumşaq güc potensialını nümayiş etdirən həlledici elementlərdən hesab olunur. Azərbaycanın COP29-dan sonra WUF13 kimi nəhəng platformaya yüksək səviyyədə ev sahibliyi etməsi ölkə rəhbərliyinin çoxtərəfli diplomatiyaya verdiyi önəmin əyani təzahürüdür. Bakıda reallaşan forumun gedişində dövlət qurumlarının sərgilədiyi yüksək peşəkarlıq beynəlxalq səviyyədə yeni standartın, yəni “Bakı standartlarının” yaranmasına yol açdı. Niyyət Məktubunun imzalanması tərəfdaşlığın institusional səviyyədə möhkəmlənməsinə xidmət edir və gələcəkdə digər paytaxtlarda keçiriləcək sessiyaların məhz Azərbaycanın təcrübəsi əsasında idarə olunmasını təmin edəcək.

WUF13 çərçivəsində tətbiq edilən innovasiyalar, eyni zamanda siyasi xarakterli yenilikləri əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə forumun tarixində ilk dəfə olaraq Liderlər Sammitinin təşkil edilməsi qlobal şəhərsalma gündəliyinə dövlət başçıları səviyyəsində siyasi dəstəyin verilməsini təmin etdi. 27 dövlət və hökumət başçısının, habelə beynəlxalq təşkilat rəhbərlərinin qatıldığı Liderlər Sammiti qərar qəbul etmə prosesində yüksəksəviyyəli iradənin vacibliyini nümayiş etdirdi. Beləliklə, Bakı tədbiri qlobal şəhərsalma tarixində yeni səhifə açdı.

Digər mühüm struktur yeniliyi kimi forumun gedişində ilk dəfə Qeyri-Hökumət Təşkilatları Forumunun və müvafiq qrant proqramlarının həyata keçirilməsini vurğulamaq lazımdır. Vətəndaş cəmiyyəti institutlarının qərarvermə mexanizmlərinə fəal şəkildə cəlb olunması, proseslərin inklüzivliyini və demokratikliyini artıran mühüm amildir. Qlobal səviyyədə qəbul edilən qərarların yerli icmaların maraqlarına cavab verməsi naminə belə platformaların təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tərəfinin nümayiş etdirdiyi idarəçilik fəlsəfəsi fərqli sosial qrupların rəylərinin nəzərə alınmasına əsaslanır. 

Bakı Fəaliyyətə Çağırış yekun sənədində dəstəklənən "Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı məskunlaşma həlləri paketi" təşəbbüsü Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı bərpa modelinin qlobal səviyyədə qəbul edilməsini sürətləndirir.  İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı yenidənqurma fəaliyyəti təkcə yerli infrastrukturun qurulması ilə məhdudlaşmır, eyni zamanda, beynəlxalq səviyyədə tətbiq oluna biləcək yeni şəhərsalma yanaşmalarının əsasını qoyur. Məcburi köçkünlərin təhlükəsiz şəraitdə yurdlarına qayıtması məqsədilə hazırlanan  proqram özündə iqlim dəyişmələri, humanitar həssaslıq və təhlükəsiz məskunlaşma amillərini ehtiva edir. 

Azərbaycan Hökumətinin təşəbbüsü ilə təsis edilən qlobal Bakı Şəhərsalma Mükafatı forumun mühüm qalıcı irsi kimi tarixə düşdü. Mükafat dayanıqlı şəhər inkişafı və əlçatan mənzil sahəsində uğurlu layihələrin beynəlxalq səviyyədə təşviqinə yönələn fəaliyyət prosesidir. BMT-nin Məskunlaşma Proqramı ilə tərəfdaşlıq çərçivəsində təsis edilən mükafat dünya miqyasında mütəxəssislərin, tədqiqatçıların və yerli hökumətlərin yaradıcı həllərini stimullaşdırmağa xidmət edir. 

Sessiyanın bağlanış mərasimində rəsmi estafetin və forum bayrağının növbəti sessiyaya ev sahibliyi edəcək Meksika nümayəndələrinə təqdim olunması beynəlxalq əməkdaşlığın davamlılığını təmin edən mühüm addımdır. Bakıda qəbul edilən qərarlar və formalaşdırılan standartlar gələcək ev sahibləri üçün rəsmi əməliyyat təlimatı rolunu oynayır. “Bakı standartları” növbəti sessiyalarda tətbiq ediləcək təşkilati keyfiyyətin təməlini qoyur. 

WUF13 müzakirələrinin mərkəzində dayanan digər əhəmiyyətli mövzu isə Bakı şəhərinin 2040-cı ilə qədər olan dövrü əhatə edən Baş Planının təqdimatı və müzakirəsi oldu. Baş Planda əksini tapan ekoloji dayanıqlılıq, innovativ həllər və insan mərkəzli yanaşmalar qlobal hədəflərlə tam üst-üstə düşür. Azərbaycan paytaxtında həyata keçirilən yenidənqurma işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları müasir idarəçiliyin mütərəqqi nümunələridir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi ilə hazırlanan layihələr ölkə daxilində tətbiq edilən standartların qlobal miqyasda nümunə kimi təqdim edilməsinə imkan yaradır. 

Forum çərçivəsində Türk dövlətlərinin aidiyyəti nazirləri arasında əməkdaşlıq memorandumunun imzalanması regional inteqrasiyanın möhkəmlənməsinə xidmət edən mühüm hadisə kimi yadda qaldı. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin şəhərsalma sahəsində tərəfdaşlığının dərinləşməsi qardaş dövlətlərin geosiyasi mövqelərini gücləndirir. Azərbaycanın qeyd olunan əməkdaşlıq formatlarının mərkəzində yer alması ölkənin regiondakı liderlik statusunu təsdiqləyir. Eyni zamanda, Keniya ilə imzalanmış əməkdaşlıq sənədi fərqli qitələr arasında etibarlı əlaqələrin qurulmasına nümunədir. 

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbaxın çıxışında Bakı sessiyasını “dialoqdan icraya keçid platforması” adlandırması forumun praktiki səmərəliliyinə verilən yüksək qiymətdir. Beynəlxalq təşkilatlar adətən konseptual bəyanatlarla kifayətlənsələr də, Bakı sessiyası real fəaliyyət planlarının qəbul olunduğu məkana çevrildi. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətindəki operativlik və resursların səmərəli idarə edilməsi BMT rəsmilərinin etibarını qazanmaqda mühüm rol oynadı. Niyyət Məktubunun imzalanması gələcəkdə  müştərək layihələrin həyata keçirilməsinə rəsmi zəmin yaradır. 

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkili və əldə olunan nəticələr Azərbaycanın qlobal idarəçilikdəki mövqeyini nümayiş etdirən həlledici diplomatik mərhələdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanan Niyyət Məktubu Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili sahəsində qabaqcıl təcrübə formalaşdıran ölkə olduğunu sübut etdi. “Bakı standartları” gələcək sessiyaların təşkilində əsas rol oynayaraq ölkəmizin adını qlobal şəhərsalma tarixinə yazdı. 

Yusif ŞƏRİFZADƏ

XQ

 

Siyasət