Avroparlamentin bir qrup deputatı təşkilatın Azərbaycana qərəzli yanaşmasına etirazını bildirib
Rəsmi Bakı bunu gözləyir və inanırdı ki, gec-tez Avropa Parlamentində haqqı-ədaləti müdafiə edənlər, Azərbaycanın bölgədə yaratdığı yeni və fərqli reallığı praqmatik qiymətləndirənlər səslərini qaldıracaq, yalanın deyil, həqiqətin tərəfində duracaqlar. Strasburqdan aldığımız məlumat bu gözləntinin həyata keçməsinin təsdiqidir.
Avroparlamentinin plenar iclasında Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq və “Euronest”i tərk etmək barədə qərarı müzakirə olunub. Avropa Parlamentinin “Euronest”dəki nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Bakının bu qərarını yenidən nəzərdən keçirməyə çağırıb. S. Laqodinski deyib ki, Azərbaycan “Şərq tərəfdaşlığı” çərçivəsində regional dialoqun önəmli aktorudur və onun Qara dəniz strategiyası, loqistika, energetika, rəqəmsal infrastruktur və bölgədə qarşılıqlı əməkdaşlıq layihələrə dair məsləhətləşmələrdə iştirakı vacibdir.
Digər deputatlar çıxışlarında qeyd ediblər ki, Avropa İttifaqının (Aİ) və Avropa Parlamentinin davranışı Bakı ilə münasibətlərin korlanmasının səbəblərindən biridir. Avropa Mühafizəkarları və İslahatçılar qrupundan olan deputat Kristian Terheşin bəyanatı kəskinliyi ilə seçilib. O bəyan edib ki, Azərbaycan parlamentinin qərarı Brüssel üçün həyəcan siqnalı olmalıdır. K.Terheş Avropa Parlamentini aprel ayında Ermənistanla bağlı qəbul etdiyi qətnaməsindən Bakıya təzyiq aləti kimi istifadə etməkdə suçlayıb: “Parlament Ermənistanın demokratik inkişafı hissəsində hamımızın dəstəklədiyi 2026-cı il aprel qətnaməsini Azərbaycana hücum alətinə çevirdi ki, bu da tamamilə gərəksiz, ağılsız və əks-effektli oldu”. K.Terheş diqqəti xüsusi olaraq ona yönəldib ki, hazırda Ermənistan və Azərbaycan sülh sazişinin bağlanmasına yaxınlaşmağa çalışır: “Onilliklər boyu uzanan münaqişədən sonra onlar, nəhayət, barışıq və sülh müqaviləsinin imzalanması üçün konkret səylər göstərirlər”. Bu fondа Avroparlamentin hərəkətlərinin siyasi cəhətdən uzaqgörən olmadığını nəzərə çardıran deputat, ümumiyyətlə, Avropa siyasətinin üslubunu tənqid edib: “Daimi əxlaq “mühazirələri”, ideoloji qınama ilə yersiz hay-küy. Bu heç də xarici siyasət deyil, siyasi səbatsızlıq və geosiyasi intihardır”. K.Terheş xəbərdarlıq edib ki, belə praktika artıq tərəfdaşların uzaqlaşmasına gətirib çıxarır: “Gürcüstan və digər dövlətlərlə bağlı da eyni dinamikanı müşahidə edirik. Onlar ikili standartlar və təkəbbürlü yanaşma səbəbindən Avropa İttifaqındən getdikcə uzaqlaşırlar. Aİ məhz Cənubi Qafqaz və Mərkəzi Asiyanın strateji önəm kəsb etdiyi bir vaxtda mövqeyini itirmək riski ilə üzləşir. Azərbaycan, sadəcə, Aİ-nin sıravi tərəfdaşı deyil, Avropanın enerji təhlükəsizliyi və nəqliyyat əlaqəsi üçün vacib ölkədir”. Deputat onu da vurğulayıb ki, Azərbaycan Avropaya Rusiya qazından asılılığı azaltmağa kömək edib, yanacaq tədarük edir və Ukraynaya humanitar yardım göstərir: “Azərbaycan kimi ölkələrin təşkilatdan uzaqlaşdırılması, sadəcə, məsuliyyətsizlik deyil, geosiyasi cəhətdən özünəqəsddir”.
***
Növbəti çıxışçı – “Patriots for Europe” qrupunun deputatı Anjelin Füre Bakı ilə münasibətlərin pozulmasını Avropa strategiyasının iflası kimi xarakterizə edib: "Azərbaycan parlamentinin “Euronest”dən çıxmaq qərarını, sadəcə, prosedur addımı hesab etmək olmaz. Bu, Avropanın strateji cəzasıdır”. A.Füre bu cəzanı birbaşa Aİ-nin hərəkətləri ilə əlaqələndirib: “Biz sizin müdaxiləniz və Ermənistana münasibətdə yanaşmamızın bədəlini ödəyirik”. Onun sözlərinə görə, Aİ yanlış olaraq eyni vaxtda Bakı ilə enerji əməkdaşlığını saxlamağa və siyasi təzyiqi gücləndirməyə çalışırdı: “Siz düşünürdünüz ki, qaz idxalını təmin edəcək, eyni zamanda, bu qətnamələri qəbul edirdiniz”. A.Füre əlavə edib ki, Avropa nə humanitar məqsədlərə nail olub, nə də Azərbaycanla münasibətləri yaxşılaşdırıb: Daha sonra o, geosiyasətə toxunaraq bəyan edib ki, Aİ bəyannamələrlə məşğul olarkən region Avropasız yenidən qurulmağa başlayıb: “Ağ Ev administrasiyası Azərbaycan və Ermənistanın maraqlarını uzlaşdıraraq tranzit dəhliz yarada bilib”. A.Füre diqqəti yeni marşrutun (TRIPP - red.) artıq iqtisadi nüfuz qazanmasına yönəldib: “Yeni strateji yol meydana çıxdı. Bu, faktiki olaraq ABŞ kapitalı tərəfindən idarə olunan sülh yoludur”. Çıxışında “Mərkəzi Asiyanın yeni siması Aİ-siz formalaşır” – deyən Avropanı gözləri qarşısında dünyanın yenidən qurulmasını seyr etməyi dayandırmağa çağırıb. B çağırış Avropa institutlarına ünvanlanıb: “Dünyaya dərs verməyi və mühazirə oxumağı dayandırın. Müstəqil ölkələrə öz işləri ilə məşğul olmağa imkan verin və real siyasətə keçin”.
Deputat Tyerri Mariani öz növbəsində bildirib ki, Cənubi Qafqaz unikal nöqtədədir və uzunmüddətli münaqişədən sonra Bakı və İrəvan sülhə yaxınlaşıb: “Bu gün çoxlarının qeyri-mümkün hesab etdiyi proses – sülh prosesi başlayıb”. Onun fikrincə, Avropa Parlamenti isə əks istiqamətdə hərəkət edir, “odun üstünə yanacaq tökən” qətnamələr qəbul edir. T.Mariani qeyd edib ki, Azərbaycan Avropa Parlamenti ilə konstruktiv münasibətlər qurmaq istəyirdi, amma haqlı narahatlıqları səbəbindən qapını bağlayıb: “Qafqazda sülhə Avropa Parlamentinin müdaxiləsi ilə deyil, regiondaxili danışıqlar yolu ilə nail olunacaq”.
Avroparlamentari Tomas Frölih Azərbaycan ətrafındakı böhranı Aİ-nin xarici siyasətinin daha geniş problemləri ilə bvağlayıb: “ABŞ və Çinlə neqativ münasibətlər yaranıb, Rusiya ilə isə ümumiyyətlə, əlaqə yoxdur. Bu mənzərə Aİ-nin tədricən dünya siyasətinin kənarında qaldığı təəssüratını yaradır”. T. Frölih xəbərdarlıq edib ki, Bakı ilə davam edən münaqişə Avropanın energetikasına zərbə vura bilər: “Əgər biz Azərbaycanla bu cür ünsiyyət qurmağa davam etsək, bu, Avropanın enerji təhlükəsizliyinə son zərbə ola bilər”.
Bəli, müdriklərimiz məhz belə məqamları nəzərə alaraq deyiblər: haqq nazilər, amma üzülməz. Nəhayət, Avropa Prlamenti anladı ki, onun ikili standartlara söykənən selektiv siyasəti – ermənipərəst qətnamələr, bəyanatlarla siyasi təzyiqin dövriyyəyə buraxılması Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq mərhələsinə daxil olduğu indiki məqamda Aİ-nin bu strateji regionda nüfuzunu tamamilə itirməsinə gətirib çıxaracaq. Avroparlamentin plenar iclasında Azərbaycan Milli Məclisinin bu qurumla əməkdaşlığı dayandırmaq və “Euronest”i tərk etmək barədə qərarına ayıq və sağlam yanaşmanın sərgilənməsi Azərbaycan diplomatiyasının növbəti uğurlarından biri kimi qəbul olunmalıdır.
XQ

