Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Sakit okeanın ekvatoral hissəsində suyun temperaturunun anomal dərəcədə yüksəlməsi ilə müşayiət olunan “El-Ninyo” iqlim hadisəsi dünya üzrə kənd təsərrüfatı istehsalına və məhsuldarlığa ciddi ziyan vura bilər. Xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu barədə Beynəlxalq Aqrobiznes və Ərzaq Təhlükəsizliyi Mərkəzinin direktoru Anatoli Tixonov xəbərdarlıq edib. Ekspertin fikrincə, bu iqlim dəyişikliyindən ən çox Asiya-Sakit okean regionu ölkələri, Latın Amerikası və Avstraliya zərər çəkəcək.
Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) cari ilin may ayında dərc olunmuş hesabatına əsasən, 2026-cı ilin sentyabr-oktyabr aylarında Sakit okeanın suyunun temperaturu normadan 3 dərəcədən çox yüksələ bilər ki, bu da müşahidə tarixi ərzində ikinci ən yüksək temperatur piki hesab olunur.
Qlobal iqlim dəyişikliyinin regional fəsadları barədə aşağıdakı faktlar qeyd olunur:
· Asiya-Sakit okean regionu: Kəskin rütubət çatışmazlığı fonunda İndoneziyada palma yağı istehsalının 1–2 milyon ton azalacağı, gübrə qiymətlərinin isə 30 faiz artacağı proqnozlaşdırılır.
· Avstraliya: ABŞ Kənd Təsərrüfatı Nazirliyinin xarici aqrar xidmətinin məlumatına görə, ölkədə buğda istehsalı ötən illə müqayisədə 19 faiz azalaraq 29 milyon tona düşə bilər. Quraqlığa hazırlıq məqsədilə qaramalın təcili kəsiminə başlanılıb.
· Latın Amerikası: Region dağıdıcı daşqınların təsirinə məruz qalıb. Artıq Peru ərazisində onlarla insanın ölümünə və infrastrukturun dağılmasına səbəb olan regional “El-Ninyo” fəsadları ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.
Ekspertlər bildirirlər ki, lokal iqlim böhranları artıq qlobal bazarlara təsir göstərməkdədir. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən, 2026-cı ilin aprel ayında dünyada ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 2,3 faiz artaraq 127,4 bəndə çatıb. Hava şəraiti ilə bağlı risklər real xarakter aldıqca qiymət artımının davam edəcəyi gözlənilir.
Ə.Arzu
XQ

