Müasir astronomiya tarixində ən böyük müşahidə layihələrindən biri hesab olunan yeni kosmik xəritə alimlərin Kainat haqqında təsəvvürlərini dəyişdirə biləcək nəticələr ortaya qoyub. ABŞ-ın Arizona ştatındakı Kitt Peak Milli Rəsədxanası ərazisində yerləşən Meyoll teleskopuna quraşdırılmış DESI — Qaranlıq Enerjinin Spektroskopik Tədqiqi Aləti indiyədək görünməmiş miqyasda kosmik obyektləri qeydə alaraq kainatın üçölçülü xəritəsini hazırlayıb.
5000 optik lifli “göz”lə təchiz edilən bu unikal cihaz 47 milyondan çox qalaktika və kvazarı, həmçinin 20 milyondan artıq ulduzu müşahidə edib. Bu göstərici əvvəlki bütün astronomik müşahidələr zamanı qeydə alınmış qalaktika və digər kosmik obyektlərin ümumi sayından altı dəfədən çoxdur. Layihə nəticəsində əldə edilən məlumatlar Kainatın təxminən 11 milyard işıq ili uzaqlığındakı bölgələrini əhatə edir. Bu isə alimlərə Kainatın yaranmasından qısa müddət sonrakı dövrlərə aid qalaktikaları araşdırmaq imkanı verir.
Kolumbiyanın ECCI Universitetinin astronom-tədqiqatçısı Luz Anxela Qarsiyanın sözlərinə görə, bu müşahidələr qalaktikaların necə formalaşdığını və zamanla hansı strukturları yaratdığını daha dərindən anlamağa şərait yaradır. Bununla yanaşı, layihə müasir fizikanın ən böyük sirlərindən biri hesab olunan qaranlıq enerjinin təbiətinə də yeni işıq salır.
Beş il ərzində fəaliyyət göstərən DESI sistemi bir gecədə 100 mindən çox qalaktikanın ölçülərini müəyyənləşdirə bilir. Cihaz spektral analiz vasitəsilə qalaktikalardan gələn işığın xüsusiyyətlərini öyrənir və həmin işığın Yerə çatdığı müddətdə Kainatın nə qədər genişləndiyini hesablayır. Məhz bu məlumatlar kosmoloqlara kainatın sürətlənən genişlənməsinin səbəblərini anlamaqda kömək edir.
Hazırkı kosmoloji modelə əsasən, Kainatın təxminən 70 faizini qaranlıq enerji təşkil edir. Bu naməlum enerji növü qalaktikaları bir-birindən uzaqlaşdıran “antiqravitasiya” qüvvəsi kimi fəaliyyət göstərir. Uzun müddət alimlər qaranlıq enerjinin sabit xarakter daşıdığını düşünürdülər. Bu yanaşma XX əsrdə Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə daxil etdiyi kosmoloji sabit anlayışına əsaslanırdı.
Lakin DESI layihəsinin son nəticələri bu təsəvvürü sarsıtmağa başlayıb. Layihənin əvvəlki müşahidələrində də görünən tendensiya indi daha aydın şəkildə özünü göstərir: qaranlıq enerji, ehtimal ki, sabit deyil və zaman keçdikcə dəyişir. Hələ 2025-ci ildə DESI komandası qaranlıq enerjinin antiqravitasiya təsirinin zəifləyə biləcəyinə dair ilkin əlamətlər müşahidə etmişdi.
Əgər bu nəticələr təsdiqlənərsə, müasir kosmologiyanın əsas prinsipləri yenidən nəzərdən keçirilməli olacaq. Çünki kainatın genişlənməsini sürətləndirən qüvvə zəifləyərsə, gələcəkdə cazibə qüvvəsi üstünlük qazana bilər. Bu halda Kainatın genişlənməsi dayanacaq və sonradan geriyə — sıxılma mərhələsinə keçəcək. Astronomiyada bu ssenari “Böyük Sıxılma” adlanır.
Cənubi Koreyanın Yonsei Universitetinin alimi Yanq Vuk Li daha əvvəl qeyd etmişdi ki, qaranlıq enerjinin sabit olmaması müasir kosmologiyanın bütün paradiqmasını dəyişdirə bilər. Belə bir dəyişiklik Kainatın gələcəyi, maddə və enerji arasındakı balans, hətta kosmosun sonu haqqında mövcud nəzəriyyələrin yenidən qurulmasına səbəb olacaq.
DESI komandası layihəni daha da genişləndirməyi planlaşdırır. Alimlər xəritənin əhatə dairəsini əlavə 20 faiz artıraraq 17 min kvadrat dərəcəlik səma sahəsini öyrənmək niyyətindədirlər. Müqayisə üçün qeyd olunur ki, Ay səmada təxminən 0,2 kvadrat dərəcə sahə tutur. Astrofizik İtan Siqelin izahına görə, insan qolunu irəli uzadanda kiçik barmağın dırnağı təxminən bir kvadrat dərəcəlik səma hissəsini örtür.
Yeni müşahidələr Süd Yolu qalaktikası yaxınlığındakı sahələri, həmçinin parlaq ulduzların və Yer atmosferinin uzaq obyektlərin müşahidəsini çətinləşdirdiyi bölgələri də əhatə edəcək. Tədqiqatçılar eyni zamanda cırtdan qalaktikaları və Süd Yolunun cazibə qüvvəsi nəticəsində parçalanmış kiçik qalaktikalardan qopan ulduz axınlarını araşdırmağı planlaşdırırlar.
Layihənin əsas məqsədlərindən biri də qaranlıq maddənin mahiyyətini daha yaxşı anlamaqdır. Kainatdakı maddənin böyük hissəsini təşkil etdiyi hesab edilən bu görünməz substansiya indiyədək birbaşa müşahidə olunmayıb. DESI layihəsinin direktoru Maykl Levinin sözlərinə görə, alimlər artıq ilkin planların sərhədlərini aşmağa başlayıblar: “Biz nə tapacağımızı tam bilmirik, amma bunun son dərəcə maraqlı olacağını düşünürük.”
Beləliklə, DESI-nin hazırladığı yeni kosmik xəritə yalnız astronomik məlumat bazasını genişləndirmir, həm də insanlığın Kainatın mənşəyi, inkişafı və gələcəyi barədə fundamental təsəvvürlərini yenidən formalaşdırmağa namizəd görünür.
Hazırladı:
S.ELAY
XQ




