Dünyaşöhrətli Xəzər yatağının yeni həyatı

post-img

Müasir texnologiya AÇG quyularının neftvermə əmsalını yüksəldəcək

bp şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda multilüləli quyu texnologiyasını uğurla tətbiq edib. Bu, Xəzər dənizinin ən uzun müddət istismarda olan yataqlarından birindən neftvermə əmsalının maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi istiqamətində mühüm bir addımdır.

Yeni texnologiyanın tətbiqi AÇG yatağının mürəkkəb geoloji strukturlarında qazma işlərinin texniki çətinliklərini aradan qaldırmaqla yanaşı, platformalarda mövcud quyu şaxtalarının məhdudluğu probleminin həllinə də dəstək verir. Multilüləli quyu texnologiyası bir quyu lüləsindən lay-kollektora bir neçə yerdən daxil olmağa imkan verməklə lay-kollektora çıxışı genişləndirmək, drenaj səmərəliliyini artırmaq və mövcud infrastrukturdan maksimum faydalanmaq üçün şərait yaradır.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib: “Yeni texnoloji yanaşma bp-nin AÇG yatağından hasilatın azalma tempinin idarə olunmasına yönəlmiş genişmiqyaslı strategiyasının əsasını təşkil edir. Bu yanaşma həm kapital səmərəliliyini optimallaşdırmağa, həm də hasilatın uzunmüddətli davamlılığını təmin etməyə kömək edir. AÇG-nin daha mürəkkəb və yetkin bir işlənmə mərhələsinə keçdiyi bir vaxtda, multilüləli quyu texnologiyası əlavə ehtiyatların aşkara çıxarılmasında və yatağın iqtisadi səmərəlilik müddətinin uzadılmasında mühüm rol oynayacaq”.

Belə bir quyu konstruksiyasının AÇG yatağında ilk dəfə tətbiq olunduğunu bildirən regional prezidentin sözlərinə görə, bu addım bp-nin mövcud yataqlardan neftvermə əmsalının maksimuma çatdırılması üçün ən uyğun texnoloji həllərdən istifadə etmək öhdəliyinin göstəricisidir. O, həmçinin deyib ki, perspektivdə hasilatın uzunmüddətli davamlılığını təmin etmək və əlavə dəyər yaratmaq baxımından bu cür innovativ həllər mühüm rol oynayacaq. Belə ki, multilüləli quyu texnologiyası lay-kollektorla təması artırır, qazma qurğusunun məhsuldarlığını və əməliyyat səmərəliliyini yüksəldir, eləcə də mövcud infrastrukturdan ən effektiv şəkildə istifadə etməklə quyu şaxtalarının optimal istifadəsini təmin edir. “Bu baxımdan, bu texnologiyanın tətbiqi AÇG yatağında quyuların qazılması və tamamlanması prosesində keyfiyyətcə yeni bir mərhələdir. Hesab edirik ki, sözügedən texnologiya, bu dünya miqyaslı yatağın istismar müddətini uzatmaqla yanaşı, enerji hasilatının təhlükəsiz, səmərəli və məsuliyyətli şəkildə davam etməsi üçün ən effektiv yollardan biridir”,– deyə şirkət rəsmisi bildirib.

Qeyd edək ki, ilk multilüləli quyusu olan C44 quyusu Qərbi Azəri platformasından qazılıb və artıq uğurla təhvil verilib. Bu, Xəzərdə indiyədək qazılmış ilk çoxlüləli quyu olmaqla AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Bu uğur multilüləli quyusu texnologiyasının AÇG yatağının mürəkkəb lay-kollektor şəraitində həm texniki cəhətdən tətbiqinin mümkünlüyünü, həm də yüksək iqtisadi səmərəsini aydın şəkildə göstərir.

Yeri gəlmişkən, AÇG yatağında texnologiyaların strateji tətbiqi çərçivəsində, bp bütün yataq miqyasında çoxlüləli quyuların qazılması məqsədilə geniş bir kampaniya həyata keçirməyi planlaşdırır. Bu kampaniyaya cari ilin ilk yarısında istismara verilməsi planlaşdırılan C44 və D41 quyuları da daxil olmaqla 2026-cı il ərzində üç multilüləli quyusu ilə start veriləcək. Uzunmüddətli perspektivdə isə 2027-2028-ci illər ərzində daha çox sayda çoxlüləli quyuların qazılması nəzərdə tutulur ki, bu da həmin texnologiyanın yatağın gələcək hasilatında mühüm rol oynayacağını bir daha təsdiqləyir.

Bununla belə, AÇG-nin mürəkkəb lay-kollektorunu xarakterizə edən müxtəlif növ çətinlikləri yalnız multilüləli texnologiyası ilə həll etmək mümkün olmadığından yatağın işlənmə strategiyası hər bir konkret lay hədəfi üçün ən optimal texnoloji konfiqurasiyanın tətbiqinə əsaslanır və bununla da müxtəlif geoloji mühitlərdə icra səmərəliliyinin yüksək səviyyəsi təmin olunur. Bura multilüləli texnologiyasının üfüqi qazma, qabaqcıl geonaviqasiya, eləcə də qum təzahürü ilə mübarizə və axının tənzimlənməsinə yönəlmiş ağıllı tamamlama sistemləri ilə birgə tətbiqi daxildir. Bu da bütün yataq miqyasında neftvermə əmsalını daha da artırmaq üçün geniş imkanlar yaradır.

XQ

İqtisadiyyat