Amansız müharibəyə son qoyan olacaqmı?
Ukrayna son aylarda Rusiya ordusunun ən genişmiqyaslı hücumlarından birinə məruz qalıb. Rusiyanın rəsmi mənbələri bildirirlər ki, “Kiyevin Federasiyasının mülki hədəflərinə qarşı terror hücumlarına cavab olaraq, Rusiya Silahlı Qüvvələri Ukrayna hərbi komandanlığının obyektlərinə qarşı “Oreşnik”, “İsgəndər”, “Kinjal” və “Sirkon” raketlərindən istifadə edərək genişmiqyaslı birləşmiş hücum həyata keçirib”. Rusiya Müdafiə Nazirliyinin (MN) açıqlamasına görə, hədəflər məhv edilib.
Bəyanatda həmçinin bildirilir ki, düşmən hədəflərini məhv etmək üçün hava, dəniz və quru əsaslı qanadlı raketlərdən, eləcə də hücum PUA-larından istifadə edilib. Zərbələr Ukraynadakı hava bazalarını və müdafiə sənayesi obyektlərini hədəf alıb.
Ukrayna mənbələri isə bunun əksinə olaraq Rusiya hərbi qüvvələrinin yaşayış məntəqələrini atəşə tutduğunu, ölənlərin, onlarla yaralıların olduğunu xəbər verir. Bu kütləvi hücum nəticəsində Xarkov, Dnepr və Kiyevdə aramsız partlayışlar baş verib. Təkcə Dneprdə səkkiz nəfər həlak olub, 50-dən çox mülki şəxs yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə yarıdan keçəndən sonra Rusiyanın Tu-95 strateji bombardmançı təyyarələri Ukrayna ərazisindən uzaqda, Xəzər dənizi üzərindən qanadlı raketlər atıblar. Raketlər Ukraynaya yaxınlaşan ərəfədə Rusiya tərəfi əlavə olaraq dronlar və ballistik raketlərlə hücumun ikinci dalğasına başlayıblar ki, hava hücumundan müdafiə sistemini müxtəlif növ silahların kombinasiyası ilə sıradan çıxarsınlar. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya bu ölkə ərazisinə ümumilikdə 610 dron və 47 raket atıb.
Ukraynanın, demək olar ki, hər bölgəsində hava hücumu xəbərdarlıqları siqnalları eşidilib. Prezident Volodimir Zelenski Rusiyanın bombardmanlarının, demək olar ki, bütün gecə davam etdiyini və əsasən şəhər infrastrukturunu hədəf aldığını bildirib.
Dnepropetrovsk Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri Aleksandr Qanja bildirib ki, “hücumların əsas hədəfi ölkənin cənub-şərqindəki böyük Dnepr şəhəri olub, lakin digər bölgələrə də zərər yetirilib. Dneprdə raket düşmüş binanın dağıntıları altından beş qurbanın cəsədi çıxarılıb və sonrakı hücumlarda daha üç nəfər həlak olub”.
Rusiyanın hücumlarını şərh edən xarici media mənbələri yazırlar ki, Moskvanın öz raket zərbəsini, Ukraynanın onun ərazisinə atəş açmasına cavab olaraq “qisas” kimi təqdim etdiyi bugünkü hücumu iki hissəyə bölmək olar. Birincisi, Belıy Çerkvaya “Oreşnik” ballistika raketi ilə hücumu idi. Ukrayna hərbi mənbələri bu hücumun qaraj kooperativinə endirildiyini iddia edir. Rusiyaya isə zərbənin aerodroma endirdiyini bildirir. “Əlbəttə, dəqiq hara zərbə endirilməsinin əhəmiyyəti yoxdur, çünki raketin partlayıcı yükü yox idi. Bu, həm Kiyevə, həm də Avropaya “Oreşnik” raketinin istənilən hava hücumundan müdafiə sistemini keçə biləcəyinə və nüvə başlıqları ilə silahlanarsa, böyük dağıntıya səbəb ola biləcəyinə dair ciddi siqnaldır. Ukrayna informasiya mənbələri “Oreşnik”in zərbəsini “üç qaraja saxta raketlərlə mənasız hücum” kimi təqdim etsə də, Rusiyanın davamlı təhdidləri fonunda, Avropa hakimiyyətinin bu qiymətləndirməni bölüşüb-paylaşdığı dəqiq deyil.
İkinci aspekt, Kiyevə zərbədir. Ukraynanın monitorinq ictimai qrupları hava hücumundan müdafiə sisteminin bu zərbələri uğurla dəf edə bilmədiyini və birdən çox raketin hədəfə düşdüyünü etiraf edirlər. Hətta Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmi məlumatlarına görə, hava hücumundan müdafiə (HHM) qüvvələri heç bir “Kinjal” və ya “Sirkon” raketini vura bilməyiblər. 30 “İsgəndər” ballistik raketindən isə yalnız 11-i vurulub.
Artıq açıq müzakirə olunan səbəb, ABŞ-ın silah ehtiyatlarını tükəndirən İranla müharibə ilə daha da ağırlaşan Amerika HHM sistemləri üçün raket çatışmazlığıdır. Əvvəllər paytaxt hava hücumundan müdafiə sistemi sayəsində sıx raket zərbələrindən yaxşı qorunmuş hesab olunurdu. Rusların Kiyevə tez-tez genişmiqyaslı hücumlar etməməsinin əsas səbəblərindən biri də bu idi - raketlərin əksəriyyəti vurulduğu üçün bu, çox baha başa gəlirdi. Amma indi vəziyyət dəyişir.
Əgər HHM vasitələrinin çatışmazlığı aradan qaldırılmasa, Kremlin Ukraynanın Rusiya arxa cəbhəsinə etdiyi pilotsuz təyyarə hücumlarına görə “qisas” kimi təqdim edəcəyi paytaxta edilən bu cür hücumlar daha tez-tez təkrarlana bilər.
Mənbələr bildirirlər ki, Rusiya Prezidenti Vladimir Putinin Rusiya Müdafiə Nazirliyinə 18 nəfərin ölümünə səbəb olan Starobelskdəki kollec yataqxanasına hücuma “cavab hazırlamağı” əmr etmişdi və genişmiqyaslı hücum məhz bu hadisədən sonra həyata keçirilib. Təbii ki, Ukrayna rəsmiləri mülki şəxsləri hədəf aldıqlarını inkar edirlər. Kimin haqlı, kimin haqsız olduğunu ayırd etmək elə də asan məsələ deyil. Lakin Ukraynanın öz ərazi bütövlüyünü və suverenliyini müdafiə etməsi faktı ortada olduğu müddətdə, Kiyevin haqlı tərəf olaraq qəbul ediləcəyi şübhəsizdir.
Bu üzdən də Qərb rəsmiləri bu məsələdə Rusiyanın hücumlarına sərt reaksiya verirlər. Elə haqqında danışdığımız Rusiya hərbi qüvvələrinin son kütləvi raket zərbələrindən sonra bu səpkidə reaksiyalar media səhifələrində və sosial şəbəkələrdə geniş yer alıb. Məsələn, Almaniya hökuməti Moskvanın hücum zamanı “Oreşnik” ortamənzilli ballistik raketindən istifadə etməsindən sonra Rusiyanın Ukraynaya qarşı müharibədə “ehtiyatsızcasına eskalasiyasını” qətiyyətlə pisləyib. Almaniya kansleri Fridrix Merts bazar günü, mayın 24-də sosial mediada yazıb ki, 24 may gecəsi Rusiya “Ukraynadakı mülki hədəflərə kütləvi zərbələr endirib. “Oreşnik” raket sistemi yenidən istifadə edilib. Almaniya həmişə olduğu kimi, qətiyyətlə Ukraynanın tərəfindədir”.
Almaniya xarici işlər naziri İohann Vadeful da, öz növbəsində, qeyd edib ki, “Rusiyanın raket terroru şokedicidir”. Almaniya xarici işlər naziri, həmçinin Rusiyanın “Oreşnik” raket sistemindən istifadəsini “növbəti eskalasiya” adlandırıb. “Bu, NATO Xarici İşlər Nazirlərinin görüşündə irəli sürülən təklifləri ardıcıl olaraq irəli sürmək əzmimi gücləndirir. Yalnız güclü Ukrayna Putini güzəştə getməyə inandıra bilər”, - deyə İohann Vadeful mövqeyini bu fikirlə yekunlaşdırıb.
Fransa prezidenti Emmanuel Makron da Moskvanın hücumunu pisləyib. Onun fikrincə, bu addım “ilk növbədə Rusiyanın təcavüzkar müharibəsində eskalasiyanı və çıxılmaz vəziyyəti göstərir”. Fransa lideri həmçinin Parisin Ukraynanı dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib.
Makronun bu açıqlamasından dərhal sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Fransa prezidenti Emmanuel Makron Kiyevi dəstəkləməklə terrorizmi maliyyələşdirdiyini başa düşmək üçün fransız jurnalistlərindən Starobilskdən görüntülər istəməlidir. “Qoy Makron hazırda Starobilskdə olan fransız jurnalistlərindən ona bombalanmış kollecin və iyirmi dörd ölən uşağın görüntülərini göstərmələrini xahiş etsin - bəlkə də bu, onun terrorizmi maliyyələşdirdiyinə inamını gücləndirəcək”, - deyə o, TASS agentliyinə açıqlamasında bildirib.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas da, öz növbəsində, Moskvanın nüvə başlıqları daşımaq üçün nəzərdə tutulmuş “Oreşnik” raketindən istifadəsini siyasi hədə-qorxu və məsuliyyətsiz nüvə şantajı adlandırıb.
Yeri gəlmişkən, bu, müharibə başlayandan bəri Rusiyanın “Oreşnik” ortamənzilli ballistik raketi ilə Ukraynaya üçüncü hücumudur. Moskva bu raketdən 2024-cü ildə və 2026-cı ilin yanvar ayında istifadə edib, lakin hər iki halda raketin nüvə başlığı, partlayıcı maddəsi olmayıb, saxta başlıqlar daşıyıb. Onu da bildirirlər ki, raket Həştərxan bölgəsindəki “Kapustin Yar” sınaq poliqonundan buraxılıb. Mövcud məlumatlara görə, “Oreşnik” hər biri fərdi sursatla təchiz olunmuş altı başlıq daşıyır, hər başlıqda da 6 ayrıca başlıq var - cəmi 36 başlıq.
Baş verənlər onu göstərir ki, Rusiya–Ukrayna müharibəsi uzandıqca, onun Avropa ölkələrinə sıçraması da ciddi narahatlıq doğurur. Hadisələr bu səmtdə davam edərsə, bunda daha çox Avropa günahkar olacaq. Politoloq Aleks Krayner bu günlərdə “YouTube”a müsahibəsində bildirib ki, Avropa İttifaqı Ukraynadakı münaqişəni uzatmağa çalışır, çünki Rusiya ilə təkbaşına yeni müharibəyə başlaya bilməyəcək. Onun sözlərinə görə, “tamamilə yeni bir müharibəyə sıfırdan başlamaq Avropa üçün daha çətin olacaq. Buna görə də avropalılar Ukraynanı mübarizədə saxlamaq üçün çox səy göstərirlər”.
Amma Avropa İttifaqı uzun müddət sülh danışıqlarına ortaq olmaqdan uzaq durub, daha çox bu prosesin pozulmasında maraqlı görünsə də, indi vəziyyət dəyişməyə doğrudur.
Çünki son günlər Qərb dövlətləri də artıq müharibənin başa çatmasına aparan yolun kompromisdən keçdiyini anlamağa başlayıblar və mətbuata sızan məlumatlardan aydın görünür ki, sülh təşəbbüsünün ABŞ-dan onların nəzarətinə keçməsinə çox can atırlar. Bu tendensiya Rusiya Prezidenti Vladimir Putinin mayın 9-da jurnalistlərə açıqlamasında bildirdiyi “müharibə sona yaxınlaşır, Moskva danışıqlara hazırdır” fikrindən sonra daha ciddi qəbul olunmağa başlanıb. Çünki Putin müharibəyə son qoymaq üçün danışıqlarda Aİ-nin mümkün iştirakını da istisna etməyib.
Jurnalistlərdən biri Putinin Qərbi Avropada dialoq apara biləcəyi siyasətçilərin olub-olmadığına inanıb-inanmadığını soruşanda, Rusiya prezidenti bildirib ki, “şəxsən mənim üçün keçmiş Almaniya kansleri cənab Şröder daha üstündür”. Lakin Putinlə dostluğu olan keçmiş Almaniya kansleri Gerhard Şröder Avropa İttifaqı üçün məqbul namizəd sayılmır.
Alman nəşrləri yazırlar ki, Putinin Gerhard Şröderi danışıqlar apara biləcək şəxs kimi qeyd etməsi təəccüblü deyil. 1998-ci ildən 2005-ci ilə qədər Almaniya kansleri vəzifəsində çalışan alman siyasətçi istefasından sonra dəfələrlə Rusiya ilə bağlı layihələrdə iştirak edib. Şröder “Şimal axını” layihəsinin operatorunun direktorlar şurasına, eləcə də “Rosneft”in direktorlar şurasına sədrlik edib.
Alman mediası Şröderi Putinin yaxın dostu və Rusiyanın Almaniyadakı maraqlarının lobbiçisi kimi təsvir edib və qeyd edib ki, eks-kansler, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı Moskvayönlü mövqe tutub. 2026-cı ilin yanvarında “Berliner Zeitung” qəzetinə verdiyi şərhdə Rusiyanın “iblisləşdirilməsini”, tənqid edən Şröder Rusiyanın “əlverişli enerji” təchizatçısı rolunun bərpa olunmasını müdafiə edib.
Amma buna baxmayaraq, Putinin bəyanatı Avropa liderlərini müharibəyə son qoymaq üçün danışıqlar masasında otura biləcək namizəd axtarışına başlamağa səfərbər edib. Belə ki, bu günlərdə “Helsingin Sanomat” qəzeti məlumat yayıb ki, Avropa İttifaqı Finlandiya Prezidenti Aleksandr Stubbu Rusiya ilə danışıqlar aparan şəxs kimi nəzərdən keçirir. Xəbərdə açıqlanır ki, “Avropa hazırda Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün Moskva ilə yüksək səviyyəli siyasi danışıqlara başlamağa ciddi şəkildə hazırlaşır. Potensial sülh danışıqları üçün nümayəndə axtarışı ilə əlaqədar Finlandiya prezidentinin adı fəal şəkildə müzakirə olunur”.
Aleksandr Stubbun bu fikrə reaksiyası özünü çox gözlətməyib. “Əgər məndən soruşulsa, bu, yəqin ki, mənfi cavablandırılması mümkün ola bilməyən bir sualdır”, - deyə Finlandiya prezidenti bildirib. Stubb həmçinin vurğulayıb ki, o, bu cür danışıqları yalnız Rusiya atəşkəsə razılaşdıqdan sonra aparmağa razı olacaq.
Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Avropanın Rusiya ilə sülh danışıqlarında öz nümayəndəsinin olmasının vacibliyini bildirmişdi. Mənbələr yazırlar ki, proses ilkin mərhələdədir və hələlik yekun qərar qəbul edilməyib. “Financial Times” nəşri isə Aİ xarici işlər nazirlərinin Kiprdə keçiriləcək görüşündə Rusiya ilə mümkün danışıqlar üçün namizədləri müzakirə etmək niyyətində olduqlarını bildirmişdi. Nəşr hələ mayın 20-də öz mənbələrinə istinadən xəbər vermişdi ki, AB keçmiş Avropa Mərkəzi Bankının Prezidenti Mario Draqinin və ya keçmiş Almaniya kansleri Angela Merkelin Rusiya Prezidenti Vladimir Putinlə mümkün danışıqlarda onları təmsil edib-etməməsi məsələsini müzakirə edir.
Bütün bunlara baxmayaraq, toplar nə qədər ki, susmayıb, nə qədər ki, hər iki tərəfdən günahsız insanlar həlak olur, siyasi demoqoqiyaya heç cürə haqq qazandırmaq mümkün deyil. Diplomatiyanın vaxtı çoxdan çatıb.
İlqar RÜSTƏMOV,
XQ-nin siyasi analitiki

