Builki beynəlxalq toplantıda 44 ölkədən 274 şirkət iştirak edəcək
İyunun 1-dən 3-dək Bakıda regionun mühüm sənaye toplantısı olan və hər il qlobal enerji liderlərini bir araya gətirən Bakı Enerji Həftəsi keçiriləcək. Həftə çərçivəsində 31-ci “Xəzər neft və qaz” sərgisi, 14-cü “Xəzər beynəlxalq təmiz enerji sərgisi, 31-ci Bakı Enerji Forumu, eləcə də 23-cü Xəzər beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi keçiriləcək. Bu və digər məsələlər barədə Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında ətraflı məlumat verildi.
“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirdi ki, illər keçdikcə Bakı Enerji Həftəsi həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi özünü təsdiqləyərək qlobal tədbirlər təqvimində ən əhəmiyyətli və çoxdan gözlənilən tədbirlərdən birinə çevrilib. Onun sözlərinə görə, Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi qlobal enerji liderlərini, dünyanın aparıcı enerji şirkətlərini, dövlət qurumlarını, investorları və sənaye mütəxəssislərini növbəti mühüm müzakirələr və enerji sektorundakı ən son inkişafların təqdimatı üçün bir araya gətirəcək.
Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Dövlətimizin başçısı sərgiləri ziyarət edir, iştirakçılarla və ekspozisiyalarla tanış olur. Prezident İlham Əliyev 2025-ci il Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı salamlama məktubunda tədbirin artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanındığını qeyd edib.
Diqqətə çatdırıldı ki, ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniya Baş naziri daxil olmaqla dünya liderlərinin iştirakçılara ünvanladığı salamlama məktubları da bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir. Hər il olduğu kimi, bu dəfə də Bakı Enerji Həftəsində müvafiq dövlət qurumlarının nümayəndələrinin, enerji sektorunda fəaliyyət göstərən şirkətlərin, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin iştirakı gözlənilir.
Energetika Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təhlükəsizliyi şöbəsinin müdiri Amil Həsənov qeyd etdi ki, Bakı Enerji Həftəsinin əsası 30 ildən artıqdır keçirilən ilk beynəlxalq ixtisaslaşmış “Xəzər neft və qaz” sərgisindən başlayır. Onun sözlərinə görə, builki tədbirlərdə müxtəlif ölkələrin nümayəndələri, o cümlədən dövlət rəsmiləri, beynəlxalq təşkilatlar və aparıcı beynəlxalq şirkətlər iştirak edəcəklər.
Bakı Enerji Həftəsinin təkcə enerji məsələlərinin deyil, həmçinin “yaşıl enerji”, enerji təhlükəsizliyi, innovativ texnologiyalar və dayanıqlı inkişafla bağlı mövzuların müzakirəsi üçün platformaya çevrildiyini diqqətə çatdıran nazirlik nümayəndəsi bildirdi ki, işgüzar proqram çərçivəsində bir sıra tematik sessiyalar planlaşdırılıb. Bunlara dayanıqlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlığa dair nazirlərin plenar sessiyası, təbii qaz bazarları, enerji keçidi, “yaşıl enerji”, regional inteqrasiya, eləcə də data mərkəzləri, hidrogen və kiçik modul reaktorları da daxil olmaqla enerji sektorunun gələcəyi ilə bağlı müzakirələr daxildir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Emin Sevdimalıyev bildirdi ki, təmsil etdiyi qurum Bakı Enerji Həftəsi çərçivəsində “Etibarlı tərəfdaş, güvənli enerji” konsepsiyasını təqdim edəcək. Onun sözlərinə görə, 31-ci Beynəlxalq Xəzər neft və qaz sərgisində təqdim olunacaq SOCAR stendinin dizayn konsepsiyası məhz bu ideya əsasında hazırlanıb. Qeyd olundu ki, stenddə şirkətin tarixi, mövcud fəaliyyəti və gələcək inkişaf strategiyası barədə geniş məlumat təqdim ediləcək. Eyni zamanda, SOCAR-ın enerji sektorunda strateji mövqeyi, beynəlxalq tərəfdaşlıqları və enerji təhlükəsizliyinə verdiyi töhfələr nümayiş etdiriləcək. Stend xüsusilə media nümayəndələri və tədbir iştirakçıları üçün maraqlı məkanlardan biri olacaq.
Bakı Enerji Həftəsinin layihə rəhbəri Nailə Əliyeva isə bu mötəbər enerji toplantısı çərçivəsində keçiriləcək toplantılar barədə media nümayəndələrinə ətraflı məlumat verdi. Qeyd olundu ki, Bakı Enerji Həftəsi çərçivəsi Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən dəstəklənir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti isə baş tərəfdaş kimi çıxış edir. Onun sözlərinə görə, bu il 44 ölkədən 274 şirkət Bakı Enerji Həftəsində iştirakını təsdiqləyib.
Sərgi iştirakçılarının 35 faizinin yeni şirkətlərdən ibarət olduğunu diqqətə çatdıran layihə rəhbəri son illər Azərbaycanın neft, qaz və enerji sektorlarına beynəlxalq marağın artmaqda davam etdiyini bildirdi. Belə ki, bu il sərgi iştirakçılarının, təxminən, 60 faizi xarici şirkətlər, 40 faizi isə yerli müəssisələrdir. Bu da bir daha həm beynəlxalq əməkdaşlığın yüksək səviyyəsini, həm də yerli müəssisələrin fəal iştirakını nümayiş etdirir.
Bakı Enerji Həftəsi çərçivəsində enerji dialoqu üçün aparıcı və strateji platforma 1-2 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək Bakı Enerji Forumudur. Diqqətə çatdırıldı ki, Bakı Konqres Mərkəzində təşkil olunan forumda, təxminən, 600 nümayəndənin iştirakı gözlənilir. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Çin, Estoniya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Yaponiya, Hollandiya, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, İsveçrə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq və ABŞ-dan şirkətlər daxildir.
Sonda media nümayəndələrinin sualları cavablandırıldı.
Mirbağır YAQUBZADƏ,
Cavid QAÇAYEV (foto)
XQ

