Amin Abdul Rahaman: Buraya dialoq aparmaq və şəhər mühiti ilə bağlı qərarlar qəbul etmək üçün gəlmişik

post-img

Müsahibimiz Qana Yerli Özünüidarəetmə və Dini İşlər Nazirliyinin baş direktoru Amin Abdul Rahamandır.

-Dünya Şəhərsalma Forumu (WUF) ilə bağlı sizi ən çox təəccübləndirən nə oldu?

-İlk növbədə, bu mühüm forum çərçivəsində dünyanın müxtəlif ölkələrini Azərbaycanda bir araya gətirdiyi və yüksək səviyyədə ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə təşəkkürümü bildirmək istərdim.

Məni ən çox təsirləndirən məqam forumda müşahidə olunan geniş iştirak və şəhərsalma, şəhər idarəçiliyi kimi qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsi üçün çoxsaylı ölkələrin bir araya gəlməsi oldu.

Forumun əsas mövzusu — insanların mənzil təminatı, təhlükəsiz və dayanıqlı icmaların, şəhərlərin formalaşdırılması — xüsusilə aktualdır. Bu, şəhər ərazilərində yaşayan insanların adekvat mənzil və layiqli yaşayış şəraiti ilə təmin edilməsinin vacibliyini ön plana çıxarır.

Dünya sürətlə şəhərləşir. Mənim ölkəm Qanada da hazırda əhalinin təxminən 54 faizi şəhərlərdə yaşayır. Biz ciddi mənzil çatışmazlığı problemi ilə üzləşirik. Buna görə də hökumətimiz vətəndaşların layiqli yaşayış şəraiti ilə təmin olunmasına yönəlmiş siyasətin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Bu baxımdan hesab edirəm ki, forum olduqca əhəmiyyətlidir və dünyanın müxtəlif ölkələrinin burada fəal iştirakı məni xüsusilə ruhlandırdı.

 -Sizcə, Azərbaycandakı bu tədbir ölkənizə necə fayda verə bilər?

-Biz bu foruma şəhər mühiti ilə bağlı fikir mübadiləsi aparmaq, təcrübələri bölüşmək və yeni yanaşmaları öyrənmək üçün gəlmişik. Burada müxtəlif ölkələrin təcrübələri ilə yaxından tanış olmaq imkanımız yaranır.

Eyni zamanda, biz də öz təcrübəmizi digər iştirakçılarla bölüşürük. Forum çərçivəsində qəbul olunan qərar və tövsiyələri ölkəmizə qayıtdıqdan sonra tətbiq etməyə çalışacağıq.

Düşünürəm ki, burada əldə etdiyimiz bilik və təcrübələr gələcəkdə şəhərsalma və mənzil siyasətimizin daha səmərəli şəkildə inkişafına mühüm töhfə verəcək.

-Sizin ölkənizdən gələn qonaqlar üçün adətən Azərbaycanda maraqlı olan nədir?

-Mən Azərbaycana ilk dəfədir səfər edirəm və ilk təəssüratlarım çox müsbətdir. Ölkə çox təmiz, yaşıl və gözəldir. İnsanlar isə olduqca qonaqpərvərdirlər.

Düşünürəm ki, Azərbaycan həm zəngin mədəniyyəti, həm də gözəl atmosferi ilə diqqət çəkən ölkədir. Ümid edirəm ki, növbəti dəfə buraya artıq istirahət məqsədilə də gəlmək imkanım olacaq. Çox sağ olun.

Müsahibəni apardı:

Yusif ŞƏRİFZADƏ

XQ


@xalqqazeti Amin Abdul Rahaman: Buraya dialoq aparmaq və şəhər mühiti ilə bağlı qərarlar qəbul etmək üçün gəlmişik #wuf13azerbaijan #media #xeber ♬ оригинальный звук - xalqqazeti

Müsahibə