1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay türk xalqları arasında elmi və mədəni inteqrasiyanın əsaslarını formalaşdıran mühüm tarixi hadisə kimi yadda qaldı. Bu gün isə dil siyasəti, əlifba islahatları, elmi əməkdaşlıq və mədəni yaxınlaşma kimi məsələlər yenidən qlobal elmi diskussiyaların mərkəzinə çıxır. Qloballaşan dünyada bu istiqamətlərə artan maraq, bir əsr əvvəl formalaşan ideyaların yenidən dəyərləndirilməsini və bu tarixi mirasın yenidən yad edilməsi zərurətini ortaya çıxarır. Məhz bu kontekstdə 14–15 may 2026-cı il tarixlərində Bakıda “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən təşkil olunan beynəlxalq konfrans yalnız akademik platforma deyil, həm də ortaq türk elmi-mədəni irsinin yenidən dəyərləndirilməsi baxımından mühüm hadisədir. Tədbir yalnız yubiley xarakteri daşımır, eyni zamanda müasir dövrün elmi və dil problemlərinə cavab axtaran ciddi platforma kimi nəzərdə tutulur. Konfransın Təşkilat komitəsinin sədri, universitetin filologiya fakültəsinin dekanı Könül Həsənova qəzetimizə bu barədə danışır:
- Konfransın hazırlıq prosesi artıq yekun mərhələyə çatıb. Təşkilati məsələlərin böyük hissəsi həll olunub, yalnız bəzi texniki detallar qalır ki, onların da yaxın günlərdə tamamlanması planlaşdırılır. Məqsədimiz zəngin akademik ənənələrə malik universitetimizin adına layiq, yüksək səviyyəli beynəlxalq tədbir təşkil etməkdir. Bu yanaşma təsadüfi deyil. “I Türkoloji Qurultayın 100 illiyi: dil məsələləri” mövzusunda keçiriləcək konfrans sadəcə tarixi hadisənin anılması ilə məhdudlaşmır. O, eyni zamanda gələcəyə yönəlmiş elmi və strateji düşüncənin formalaşdırılması üçün mühüm platforma kimi nəzərdə tutulur.
Universitet rəhbərliyinin də vurğuladığı kimi, bu tədbirin mahiyyəti məhz bu kontekstdə dəyərləndirilməlidir. Həm rektor professor Cəfər Cəfərov, həm də beynəlxalq məsələlər üzrə prorektor professor Mahirə Hüseynova hesab edir ki, bu konfrans yalnız keçmişə baxış deyil, həm də gələcək üçün yol xəritəsidir. Başqa sözlə, burada məqsəd təkcə tarixə istinad etmək yox, həmin irsi müasir çağırışlarla uzlaşdıraraq yeni elmi istiqamətlər müəyyənləşdirməkdir.
-Yəqin ki, qlobal bir tədbirin keçirilməsi ideyası da buradan yarandı?
–Bu, dövlət səviyyəsində, möhtərəm prezidentimiz İlham Əliyevin verdiyi sərəncamdan irəli gələn strateji bir təşəbbüsdür. Bu sərəncam çərçivəsində həyata keçirilən tədbirlər türkoloji elmin inkişafına yeni impuls verməyi hədəfləyir. “100 illik yubiley” anlayışı burada sadəcə simvolik tarix deyil. Bu, keçmişdən alınan dərslərin gələcəyə tətbiqi, milli və regional səviyyədə elmi strategiyanın yenidən qurulması deməkdir. Məqsəd yalnız tarixi hadisəni xatırlamaq deyil, onun ideyalarını müasir dövrə daşımaqdır.
Müasir dövrdə qloballaşma, rəqəmsallaşma və informasiya axınının sürətlənməsi dillərin mövqeyinə yeni təsirlər göstərir. Bu şəraitdə türk dillərinin qorunması, inkişafı və ortaq elmi məkanın yaradılması strateji prioritetə çevrilir. Əgər biz bu prosesi düzgün idarə etməsək, dilimiz yalnız məişət səviyyəsində qalacaq, elmi və texnoloji diskursdan kənarda qalmaq riski ilə üzləşəcək.
Bu baxımdan keçirilən beynəlxalq konfransın əsas məqsədi yalnız elmi müzakirələr aparmaq deyil, həm də konkret əməkdaşlıq platformaları yaratmaqdır. Universitetimiz tərəfindən təşkil olunan mərasim müxtəlif ölkələrdən alimləri bir araya gətirərək ortaq problemlərin müzakirəsini və həll yollarının axtarışını təşviq edir. Bu isə türkoloji elmin parçalanmış deyil, koordinasiyalı şəkildə inkişafına zəmin yaradır.
Yubiley çərçivəsində həyata keçirilən beynəlxalq konfrans dövlət səviyyəsində qəbul olunmuş qərarların məntiqi davamıdır və əsas məqsəd türkoloji elmi yeni mərhələyə çıxarmaqdır. Bu, yalnız akademik sahə ilə məhdudlaşmır; dil siyasəti, təhsil, mədəniyyət və hətta texnologiya sahələrini də əhatə edir.
– Konfransın iştirakçı coğrafiyası haqqında nə deyə bilərsiniz?
– Konfransın iştirakçı xəritəsi geniş və rəngarəngdir. Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Koreya, Rusiya Federasiyasının Altay və Kalmıkiya regionları, eləcə də Ukrayna, Moldova, Estoniya və Əfqanıstandan alimlərin qatılması tədbirin beynəlxalq miqyasını və türkoloji araşdırmaların artıq regional çərçivəni aşaraq qlobal səviyyəyə yüksəldiyini aydın şəkildə göstərir. Bu müxtəliflik həm elmi yanaşmaların zənginləşməsinə, həm də fərqli məktəblər arasında dialoqun güclənməsinə şərait yaradır.
Konfrans proqramı yalnız elmi iclaslarla məhdudlaşmır. Xarici qonaqlar üçün Şamaxı şəhərinə xüsusi səfər də təşkil olunacaq. Səfər çərçivəsində iştirakçılar ADPU-nun Şamaxı filialı ilə yaxından tanış olacaq, daha sonra isə Pirqulu Rəsədxanasını ziyarət edəcəklər. Bu proqram Azərbaycanın yalnız akademik deyil, həm də elmi və mədəni irsini təqdim etmək baxımından xüsusi əhəmiyyət daşıyır və qonaqlarda ölkəmiz haqqında daha dolğun təsəvvür formalaşdırmağa xidmət edir.
Əsas məqsəd 1926-cı ildə keçirilmiş I Türkoloji Qurultay irsini yenidən elmi dövriyyəyə gətirmək, onun dil siyasəti, əlifba islahatı və ümumtürk inteqrasiyası baxımından əhəmiyyətini müasir kontekstdə təhlil etməkdir. Eyni zamanda, bu tədbir türkdilli ölkələr arasında elmi əməkdaşlığı gücləndirmək, ortaq terminoloji və metodoloji yanaşmalar formalaşdırmaq məqsədi daşıyır.
– Sonda, beynəlxalq konfransdan gözləntiləriniz nələrdir?
– Düşünürəm ki, Türk Dünyasının birliyi bu gün daha da аkтualdır. Qloballaşma şəraitində dillərin qorunması, ortaq elmi məkanın yaradılması və mədəni inteqrasiya məsələləri yenidən ön plana çıxır. 1926-cı ildə qoyulan əsaslar bu gün də istiqamətverici rol oynaya bilər. Digər tərəfdən gələcəyin uğurlu modeli üçün universitetlər əsas rol oynamalıdır. Güclü elmi baza, tədqiqat mühiti və insan kapitalı olmadan heç bir strateji məqsədə nail olmaq mümkün deyil. Bu mənada Türkoloji Qurultayın ideyaları bu gün universitetlər üçün də yol xəritəsi rolunu oynaya bilər.
Ümid edirik ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən təşkil olunan bu mərasim yalnız elmi müzakirələrlə məhdudlaşmayacaq, həm də real əməkdaşlıqlara, birgə layihələrə və yeni tədqiqat istiqamətlərinə yol açacaq. Türkoloji Qurultayın ideyalarını yenidən canlandırmağa və onları müasir elmi müstəviyə daşımağa nail olacağıq.
-İşinizdə uğurlar arzulayır, Türk dünyasının elmi, mədəni və ictimai inteqrasiyası istiqamətində bu mühüm təşəbbüsün daha genişmiqyaslı layihələrə yol açacağına inanırıq.
Namiq Qədimoğlu
XQ

