Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.
Mart-aprel ayları ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Nazirliyin Cəzaların icrasına nəzarət baş idarəsi, İstintaq idarəsi, Bələdiyyələrlə iş baş idarəsi, Tibb baş idarəsi, İnsan resursları idarəsi və İcra xidmətinin rəhbərliyi tərəfindən Bərdə, Gəncə, Göyçay, İmişli, Lənkəran, Şəki, Şəmkir, Sumqayıt və Şirvan regional ədliyyə idarələri ilə birlikdə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.
Videoqəbullarda Nazirliyin fəaliyyət istiqamətləri üzrə 67 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.

