Bu günlərdə Estoniyadakı Azərbaycan diasporunun fəal təşkilatçılarından olan “Birlik” icmasının rəhbəri Zakir Miriyevlə Bakıda görüşdük. Vətəndə olduğunu eşidib redaksiyaya dəvət etdik. Qürbətdəki soydaşlarımız üçün Vətənin isti bir ocağına çevrilən bu icmanın missiyası, həyata keçirdiyi işlər barədə fikirlərini və düşüncələrini bölüşməyi xahiş etdik.
– Zakir müəllim, Vətənə xoş gəlmisiniz. Bildiyim qədər rəhbərlik etdiyiniz “Birlik” diaspor təşkilatı Estoniyanın paytaxtında azərbaycanlıları birləşdirən ikinci cəmiyyətdır. İkinci bir diaspor icmasının yaradılmasına ehtiyac nədən yarandı?
– Söhbətə başlamazdan əvvəl istərdim “Xalq qəzeti”nin kollektivinə Estoniyadakı bütün azərbaycanlıların salamlarını çatdırım. “Birlik” cəmiyyətinə, ümumiyyətlə, xarici ölkələrdə yaşayan azərbaycanlılara daim diqqət ayırdığınıza, bizi unutmadığınıza görə, sizə cəmiyyətimiz adından minnətdarlığımızı bildirirəm.
Sualınıza cavab olaraq bildirim ki, Estoniyada fəaliyyət göstərən diaspor təşkilatlarının sayı çoxdur. Lakin bəzi təşkilatların yetərincə fəal olmaması üzündən ötən il Estoniyada yaşayan azərbaycanlı soydaşlarımız bir araya gələrək mövcud vəziyyəti müzakirə etdilər. Nəticədə qərara gəldik ki, daha fəal olan, bu ölkədə Azərbaycanı yetərincə təmsil etmək imkanları və potensialı olan yeni bir təşkilat formalaşdıraq. “Birlik” icması belə yarandı. Məqsədimiz bütün soydaşlarımızı vahid platformada birləşdirmək və bu ölkədə yaşayan hər bir azərbaycanlını bu təşkilatın tədbirlərində fəal iştirakını təmin etməkdir.
– “Birlik” diaspor təşkilatının Estoniyada əsas missiyası nədən ibarətdir?
– Estoniyadakı Azərbaycan diasporunu təmsil edən “Birlik” təşkilatının əsas missiyası milli-mədəni irsimizi qorumaq və dövlətlərarası humanitar əlaqələri gücləndirmək məqsədlərini ardıcıl olaraq həyata keçirməkdir. Əsas diqqət həmvətənlərimizin bu missiya ətrafında birləşdirilməsi və onların Estoniya cəmiyyətinə inteqrasiyasının asanlaşdırılmasıdır. Gənclərlə işləməyə, mədəni layihələrin genişləndirilməsinə və Estoniyanın dövlət qurumları ilə qarşılıqlı əlaqəyə xüsusi diqqət yetiririk.
Əsas məqsəd Azərbaycanın milli-mədəni dəyərlərini, adət-ənənələrini və ölkəmizi Estoniyada layiqincə tanıtmaqdan ibarətdir. Bu istiqamətdə həm Estoniyada böyüyən gənc nəslə milli kimliyimizi tanıtmağı, həm də yaşadığımız cəmiyyətdə Azərbaycan haqqında daha geniş və dolğun məlumatın yayılmasını qarşıya məqsəd qoymuşuq.
– Rəhbərlik etdiyiniz icma nə qədər fəaldır və zamanla onun fəaliyyəti necə dəyişir?
– Ümumiyyətlə, Estoniyadakı Azərbaycan icması nisbətən kiçik olmasına baxmayaraq, davamlı inkişaf və artan vətəndaş fəallığı nümayiş etdirir. Əvvəldə qeyd etdiyim kimi, təşkilatımız yeni yaradılıb, amma qısa müddətdə bu ölkədə fəallığımızla diqqət çəkə bilmişik. Prioritetlərimizə kütləvi mədəni tədbirlərin keçirilməsi, təhsil proqramları və Azərbaycan haqqında obyektiv məlumatların beynəlxalq səviyyədə təbliği daxildir.
Bu müddətdə Azərbaycanın bir sıra mühüm bayramlarını – Zəfər Günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 20 Yanvar faciəsi və Novruz bayramını soydaşlarımızla birlikdə qeyd etmişik. Sevindirici haldır ki, tədbirlərimizə maraq getdikcə artır və daha çox soydaşımız bu tədbirlərə qoşulur. Məsələn, ilk dəfə təşkil etdiyimiz Zəfər Günü tədbirində təxminən 80 nəfər iştirak etdiyi halda, Novruz bayramını artıq 300-dən çox soydaşımızla birlikdə qeyd etdik. Bu da icmamızın qısa müddətdə böyüdüyünü və soydaşlarımızın maraqlarını təmin etdiyini göstərir.
Diasporumuz artıq ölkəmizin müsbət imicinin formalaşmasında və mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynamağa başlayır.
– Yaxın illər üçün planlarınız və hədəfləriniz nədən ibarətdir?
– Əsas hədəfimiz Estoniyadakı Azərbaycan diasporunun “Birlik” icmasını tədricən mədəni bir təşkilatdan inteqrasiyaya, identikliyə və beynəlxalq imicə təsir göstərən tamhüquqlu bir sosial instituta çevirməkdir. Əlbəttə, əsas dilemma inteqrasiyanı balanslaşdırmaq və milli kimliyi qorumaqdır.
Bir tərəfdən, azərbaycanlılar Estoniyanın sosial-iqtisadi həyatına uğurla inteqrasiya olunurlar: həmvətənlərimiz təhsil alır, bizneslərinin inkişaf etdirir və ictimai həyatda fəal iştirak edirlər. Digər tərəfdən də, xüsusən gənc nəsil arasında assimilyasiya riski artır. Festivallar, dil proqramları və ictimai tədbirlər kimi mədəni və təhsil təşəbbüsləri bu çağırışa cavab verir.
İnformasiya işi isə ayrıca bir sahədir. Qlobal media mühitində diaspor getdikcə daha çox ünsiyyət vasitəsi kimi xidmət göstərir və xaricdə Azərbaycan haqqında təsəvvürləri formalaşdırır.
– Bu yöndə hansı çətinliklər və problemlərlə qarşılaşırsınız?
– Əlbəttə, hər bir başlanğıcın özünəməxsus çətinlikləri olur. Amma bunlardan da çətini sistemli problemlərin qalmasıdır: məhdud resurslar, yeni iştirakçıların cəlb edilməsinə ehtiyac və gənclərlə effektiv iş formalarının axtarışı.
Bunlarla yanaşı, əsas çətinliklərdən biri də şəxsi işlərimlə paralel olaraq diaspor fəaliyyətini idarə etməkdir. Bu, zaman baxımından müəyyən çətinliklər yaradır. Lakin səmimi komanda işi və yaxın dostlarımın dəstəyi ilə bu çətinliyin öhdəsindən gəlirəm.
– Bakıya səfər zamanı, yəqin ki, Azərbaycan Diaspor Komitəsinə baş çəkməmiş deyilsiz. Kimlərlə görüşdünüz, problemlər və gələcək əlaqələr barədə söhbətləriniz oldumu?
– Bakıya gəlmək, bu qurumun rəhbərliyi ilə görüşməmək məqbul olmazdı. Əksinə, bu, çox gözəl bir fürsət oldu. Çünki Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri fəaliyyətimizi yaxından izləyirlər. Bakıya səfərimdən xəbər tutduqdan sonra məni komitəyə dəvət etdilər. Komitənin sədri, hörmətli Fuad Muradovla və digər rəsmi şəxslərlə – Vaqif Seyidbəyov, Əkrəm Abdullayev, Əli Əliyevlə görüşlərim oldu. Görüşlərdə fəaliyyətimiz, mövcud məsələlər və gələcəkdə daha sıx əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi apardıq.
– Ümumiyyətlə, Azərbaycanın dövlət strukturları ilə əlaqə saxlayırsınızmı? Azərbaycan səfirliyinin dəstəyini hiss edirsinizmi?
– Biz yeni təşkilat olduğumuz üçün, ola bilsin ki, bəzi qurumlar bizi hələ yeni tanımağa başlayırlar. Bununla belə, dövlət strukturları ilə əlaqələr qurmağa çalışırıq. O sıradan Azərbaycanın Estoniyadakı səfirliyi və xüsusilə hörmətli səfirimiz Anar Məhərrəmov bizimlə bir neçə dəfə görüşüb və dəyərli tövsiyələrini verib, dəstəyini əsirgəməyib. Eyni zamanda, təşkil etdiyimiz mədəni-kütləvi tədbirlərdə səfirliyin nümayəndələri dəvətimizi qəbul edib iştirak ediblər ki, bu da vacib dəstəkdir. Onlar da yaxşı başa düşürlər ki, diaspor sadəcə bir icma deyil, həm də Azərbaycanın xaricdəki səsidir.
– Azərbaycanlıların Estoniya cəmiyyətinə inteqrasiyasını uğurlu hesab etmək olarmı?
– Əminliklə deyərdim ki, Estoniya cəmiyyətinə azərbaycanlıların inteqrasiyası kifayət qədər uğurludur. Demək olar ki, əksər soydaşlarımız eston dilini bilirlər, bir çoxu biznes və digər fəaliyyət sahələrində uğurla təmsil olunurlar.
Önəmli məsələlərdən biri də Estoniyada böyüyən gənc nəslin elmli, savadlı və yüksək perspektivlər vəd edən səviyyədə yetişməsidir. Bu işdə Estoniya dövlətinin həyata keçirdiyi Dövlət proqramları çox mühüm rol oynayır.
– Estoniyada dövlət səviyyəsində azərbaycanlılara və diaspor təşkilatına münasibəti necə qiymətləndirirsiniz?
– Yüksək qiymətləndirirəm. Qısaca deyim ki, Estoniyada azərbaycanlılara və diaspor təşkilatımıza hörmət və normal münasibət var. Estoniya dövləti ölkədə yaşayan azsaylı xalqlara, o cümlədən azərbaycanlıların cəmiyyətə inteqrasiyasına mənəvi və maddi dəstək göstərir. Diaspor təşkilatımıza gəldikdə isə tam sərbəst fəaliyyət göstəririk. Mədəni-kütləvi tədbirlərimizdə Estoniya dövlətinin rəsmi nümayəndələri belə iştirak edir. Qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərimizin özəyini təşkil edir. Əsas odur ki, ölkənin qanunlarına və birgəyaşayış qaydalarına hörmətlə yanaşasan.
– Estoniyada anadan olan, bu ölkədə böyüyən gənc nəsil arasında milli-mədəni dəyərlərin və dilin qorunmasına nail ola bilirsinizmi? Bu istiqamətdə hansı mədəni-kütləvi tədbirlər həyata keçirirsiniz?
– Vətəndən uzaqda yaşamaq həmişə çətinlik yaradır. Dilini, mədəniyyətini və adət-ənənələrini qorumaqla yanaşı, eyni zamanda, yeni bir cəmiyyətin bir hissəsi olmaq asan məsələ deyil. Estoniyadakı azərbaycanlıların “Birlik” diaspor təşkilatı bu gün özünü bu kəsişmədə təsdiq edir.
Təşkilatımız “gənc” olsa da, sıralarındakı insanlar sıx və həmrəydirlər. Bu təşkilatdakı azərbaycanlılar bir-birinə sıx bağlıdır, layihələr hazırlayıb həyata keçiririk, mədəni axşamlara toplaşır, ən əsası, uşaqlarımıza ana dilini öyrədir və ona sevgi aşılayırıq.
Təbii ki, bütün bunların arxasında gündəlik iş və heç də sadə olmayan problemlər dayanır. Onlardan ən vacibi kənar mühitdə, başqa bir mədəniyyətdə əriyib yoxa çıxmamaqdır. Bu, daha çox yeniyetmələrimiz və gənclərimiz üçün olan problemdir. Əriyib itməkdən müdafiənin ən tutarlı cavabı əməldədir: festivallar, görüşlər, təhsil təşəbbüsləri. Gənclərimizə kim olduqlarını və haradan gəldiklərini xatırlatmağa kömək edən hər şeyi etməyə hazırıq. Ona görə də gələcək planlarımızda ən önəmli yeri məhz gənclər tutur.
Əsas məqsədimiz Estoniyada yaşayan gəncləri bir-biri ilə tanış etmək, onlar arasında milli ruhu gücləndirmək və Azərbaycanımızın milli-mənəvi dəyərlərini daha yaxından tanıtmaqdır. Hazırda gənclər arasında ünsiyyəti və birlik hissini artırmaq məqsədilə bir neçə idman tədbiri təşkil etmişik. Gələcəkdə isə bu proqramları daha da genişləndirməyi və müxtəlif mədəni-kütləvi layihələrlə davam etdirməyi planlaşdırırıq.
– Azərbaycanla bağlı olan hadisələrə diasporunuz necə reaksiya verir?
– Vətəndən uzaqda yaşasaq da, Azərbaycanda baş verən bütün hadisələri yaxından izləyir və daim məlumatlı olmağa çalışırıq. Hər zaman Vətənimiz üçün əlimizdən gələn dəstəyi göstərməyə hazırıq. Ən çətin məqamlarda da həmrəylik nümayiş etdiririk.
– Ümumiyyətlə, xarici ölkədə Azərbaycanın imicinin formalaşmasında diasporun rolunu necə qiymətləndirirsiniz?
– Düşünürəm ki, istər biznes sahəsi olsun, istərsə də diaspor təşkilatları, hər bir sahədə nəticə onun necə yaradılmasından və ictimaiyyətə necə təqdim olunmasından çox asılıdır. Bu baxımdan, diaspor təşkilatı olaraq bacardığımız qədər Estoniyada yaşayan azərbaycanlılar arasında birliyə və həmrəyliyə çalışır, burada yaşayan digər xalqlara Azərbaycan xalqının necə mehriban və mənəvi dəyərlərinə bağlı olduğunu göstərməyə çalışırıq. Bu da xaricdə ölkəmizin müsbət imicinin formalaşmasına öz töhfəsini verir.
Yaxın gələcəyə planlarımız mövcud istiqamətlərdə fəaliyyətimizi daha da gücləndirmək və sistemli şəkildə inkişaf etdirməkdir. Xüsusilə gənclərlə işin genişləndirilməsinə, onların daha fəal şəkildə diaspor fəaliyyətinə cəlb olunmasına önəm vermək istəyirik.
– Qəzetimiz vasitəsilə xaricdəki Azərbaycan diasporlarına hansı tövsiyələri verərdiniz?
– Xaricdə yaşayan Azərbaycan diasporlarına əsas tövsiyəm birlik və həmrəyliyin daha da gücləndirilməsidir. Eyni zamanda, hər bir diaspor nümayəndəsi çalışmalıdır ki, yaşadığı ölkədə Azərbaycanı layiq olduğu səviyyədə ləyaqətlə təmsil etsin, millətimizin, dövlətimizin adını uca tutsun. Çünki milli dəyərlərimizin, mədəniyyətimizin və dilimizin qorunması, eləcə də başladığımız işlərin daha fəal şəkildə davam etdirilməsi baxımından, gənclərimiz əsas qüvvədir.
Əsas missiyamız, Estoniyanın bir parçası kimi, azərbaycanlı olaraq qalmaqdır. Bunu heç zaman unutmamalıyıq.
Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist

