Milli melodiyalarımız dünyanı dolaşır

post-img

Azərbaycan istedadlı ifaçıların vətəni kimi tanınır

Könlümüzü oxşayan, ruhumuzu oyadan musiqinin nə dili, nə milləti, nə də sərhədi var. Bəzən bir melodiya insanı uzaq ölkələrə aparır, bütün sərhədləri aşaraq yad mədəniyyətləri belə doğmalaşdırır. Sevincli, kədərli, qayğılı, xoşbəxt günlərimizdə boğazımızda düyünlənən qəhər sözləri ifadə etməyə imkan verməyəndə musiqi duyğuları dilə gətirir. Ürəyinin çırpıntıları musiqinin qanadlarında pərvazlanır.

Musiqi ruhun səsi, tarixin ahəngi, yaddaşın ən incə qatıdır. Hər notda bir taleyin izi, hər ritmdə bir xalqın hüznü, mübarizə ruhu, əzmi, qalibiyyət sevinci duyulur. Məhz buna görə də milli musiqi xalqın özünü təqdim etməsinin ən güclü vasitələrindən sayılır.

Hər bir xalq həm də öz musiqisi ilə tanınır . Azərbaycan muğam sənəti, xalq mahnıları və klassik bəstəkar əsərləri bu gün dünya ölkələrinin konsert salonlarında maraqla dinlənilir. Böyük səhnələrdə çıxış edən opera müğənnilərimizin repertuarında həm Avropa, həm də milli opera nümunələri yer alır.

Milli opera sənətinin incəliklərini dünya səhnəsində uğurla təqdim edən Xalq artisti, Akademik Opera və Balet Teatrının solisti, “Azərbaycan opera sənətinin Karmeni” Fidan Hacıyevanın ifasında klassika ilə milli musiqi ənənələri qovuşur. Peşəkar opera ifaçısı ilə söhbətimizdə milli musiqimizin beynəlxalq aləmdə təbliği barədə danışdıq.

– Fidan xanım, xarici ölkələrdə Azərbaycan musiqisinə münasibət necədir?

– Azərbaycan musiqisi dünya miqyasında böyük rəğbət qazanan və tanınan sənət incisidir. Dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettası bunun ən parlaq nümunələrindəndir. Bu sənət məbədi dünyanın bir çox ölkəsində müxtəlif dillərə tərcümə olunaraq uğurla səhnələşdirilib. Bu yaxınlarda opera Vyetnamda, məhz Vyetnam dilində təqdim olunacaq. Ümumiyyətlə, sənət əsəri indiyədək Çin, ABŞ, Avstriya, Rusiya və Türkiyə kimi ölkələrdə nümayiş etdirilərək Azərbaycan musiqisinin gücünü bütün dünyaya sübut edib.

Üzeyir Hacıbəyli operalarında həm Qərbi, həm də Şərqi təcəssüm edib. Bütün dünya bəstəkarları bunu deyir. Türkiyəli məşhur dirijor Murat Orhan Canla görüşümüzdə dedi ki, siz nə qədər zəngin xalqsınız ki, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi nəhəng sənətkarlarınız olub.

Azərbaycan xalqı opera, balet və mahnıları ilə dünya mədəniyyətinə böyük töhfələr verib. Hər kəs bilir ki, operanın vətəni İtaliyadır. Amma bizim də çox zəngin opera musiqilərimiz var. Bu zənginlik təkcə bizim deyil, həm də əcnəbi sənətkarların diqqət mərkəzindədir. Məşhur italyan bəstəkarı Luçiano Berionun Azərbaycan xalq mahnılarını nota köçürməsi və onların tanınmış opera ifaçıları tərəfindən orkestrlə ifa olunması buna əyani sübutdur.

Məsələn, dünyaşöhrətli Elina Qarançanın orkestrin müşayiəti ilə “Bu gün ayın üçüdür” mahnısını səsləndirməsi və “Arşın mal alan”dan duetlərin Avstriyadakı Azərbaycan Mədəniyyət Evində təqdimatı mədəniyyətimizin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyinin göstəricisidir. Bütün bunlar Azərbaycan musiqisinin sərhəd tanımayan irs olduğunu bir daha təsdiq edir.

– Beynəlxalq layihələrdə iştirak edərkən repertuar seçiminiz hansı meyarlara əsaslanır?

– Beynəlxalq layihələrdə iştirak edərkən seçdiyim repertuarda milli musiqimiz hər zaman xüsusi yer tutur. Proqramıma dahi bəstəkarlarımızın əsərlərini, romans və mahnılarını mütləq daxil edirəm. Bəzən bu əsərlərin mahiyyətini dinləyicilərə daha dərindən çatdırmaq üçün onları müxtəlif dillərə tərcümə edərək oxuyuram. Məsələn, İtaliyanın məşhur Santa Çiçiliya Akademiyasında Müslüm Maqomayevin “Azərbaycan” əsərini üç dildə — Azərbaycan, ingilis və rus dillərində səsləndirdim.

Repertuarımda xalq mahnılarının olması mənim üçün prinsipial məsələdir. Ümumiyyətlə, proqramım kifayət qədər rəngarəngdir; bura həm milli musiqimiz və xalq mahnıları, həm də dünya bəstəkarlarının opera və romansları daxildir. Bununla həm repertuarımın genişliyini, həm də Azərbaycan musiqisinin bənzərsiz koloritini və zənginliyini beynəlxalq auditoriyaya nümayiş etdirməyə çalışıram.

– Böyük səhnələr cəsarət və ciddi hazırlıq tələb edir. Gənc ifaçıların ölkə hüdudlarından kənarda da uğur qazanmaları üçün onlara necə dəstək olursunuz?

– Mən təhsilə hər zaman böyük önəm vermişəm, təhsil mənim üçün həmişə birinci yerdə olub. Bu məqsədlə 2015-ci ildə Musiqi Mərkəzi təsis etdim. Bəlkə də bu Mərkəzi yaratmağım neçə-neçə istedadlı gəncin qismətidir ki, onlar burada özlərini tapır, nəyə qadir olduqlarını təsdiqləyirlər. Sevindirici haldır ki, artıq tələbələrim bir neçə beynəlxalq müsabiqənin laureatlarıdırlar, Azərbaycan Milli Konservatoriyasında və xarici ölkələrdə təhsillərini davam etdirirlər. Hətta elə tələbələrim var ki, peşəkar müəllim kimi fəaliyyətə başlayıblar. Bu, mənim üçün ən böyük uğurlardan biridir.

Artıq Karmen, Əsgər, Gülçöhrə, Koroğlu, Nigarım da var. Onlar ifa üslubunda, jestlərdə bir çox keyfiyyətlərimi mənimsəyiblər. Bu da təbiidir, çünki mən onlara sənətin bütün sirlərini, o cümlədən səhnə davranışı, aktyorluğu da öyrədir, bəzən isə heç özlərinin də fərqində olmadıqları istedadı üzə çıxarıram.

Corc Bizenin “Karmen” operasını çox sevirəm. Bu opera mənə sənətdə böyük uğur gətirdi. Hər konsertimdə çalışıram ki, “Karmen”dən mütləq parçalar ifa edim. Məhz bu operaya görə mən fransız dilini və ispan rəqslərini öyrəndim. İspaniyada Karmenin yaşadığı və işlədiyi yerdə oldum. Düşünürəm ki, hər hansı bir operanı işləyirsənsə, onu mütləq dərindən öyrənməli, onunla yaşamalısan. Çünki opera çox çətin bir janrdır, bu janrda həm musiqi, həm də aktyorluq tələb olunur. Eyni zamanda, geniş dünyagörüşün olmalıdır. Tələbələrimi də bu istiqamətə yönəldirəm.

Yaxın günlərdə Beynəlxalq Muğam Mərkəzində tələbəm Rauf Məmmədzadənin solo konserti oldu. O, Azərbaycan estrada və opera sənətinin ən palaq simalarından olan Müslüm Maqomayevin zəngin irsinə müraciət edərək, dahi sənətkarın həm öz bəstələrini, həm də repertuarındakı operalardan hissələri və italyan romanslarını böyük məharətlə ifa etdi. Bu, məni çox qürurlandırdı.

Gənclərin uğurları mənim üçün çox önəmlidir və hər zaman onlara dəstək olmağa çalışıram. Çünki onlar bizim gələcəyimizdir. Mədəniyyətimizin və musiqimizin daşıyıcıları kimi gənc istedadlar milli musiqimizi dünyada layiqincə tanıtmalıdırlar. Xarici ölkələrə səfərlərim zamanı mənə tez-tez deyirlər ki, həm gözəl musiqiniz, həm də gözəl sözləriniz var. Doğrudan da xalqımız çox istedadlıdır. Elə Musiqi Mərkəzimiz də bu cür istedadlı insanları üzə çıxarmağa çalışır. Bu yolda onlara əlimdən gələn köməkliyi göstərməyə hazıram.

– Müasir dövrdə rəqəmsal platformalar və sosial şəbəkələr milli musiqimizin təbliğində hansı imkanları açır?

– Bu gün rəqəmsal platformalar və sosial şəbəkələr mədəniyyətin təbliğində mühüm rol oynayır. Biz də öz fəaliyyətimizdə bu imkanlardan yararlanaraq sənətimizlə bağlı müxtəlif paylaşımlar, operalardan və konsertlərdən maraqlı parçalar təqdim edirik. Məsələn, bu yaxınlarda tələbəmin konsertindən hazırladığımız 5 dəqiqəlik videoçarx izləyicilər tərəfindən böyük maraqla qarşılandı və kifayət qədər çox baxış topladı. Hesab edirəm ki, bu cür platformalar sənətin geniş kütlələrə çatdırılması üçün olduqca effektiv və zəruri bir reklam vasitəsidir.

– Azərbaycan opera musiqisinin dünya səviyyəsində daha geniş şəkildə təbliği üçün hansı layihələrin həyata keçirilməsini vacib hesab edirsiniz?

– Azərbaycan opera musiqisi dünya səviyyəsində böyük qəbul olunur. Bizim əsas vəzifəmiz gənclərə dəstək olmaqdır ki, onlar da beynəlxalq miqyaslı böyük səhnələrdə öz sözlərini deyə bilsinlər. Qeyd etməliyəm ki, bu gün dünyanın bir çox ölkəsində Azərbaycanın istedadlı musiqiçiləri və gəncləri fəaliyyət göstərir. Solistlərimiz dünyanın ən nüfuzlu teatrlarında çıxış edir, möhtəşəm konsertlər verirlər. Bu, olduqca sevindirici və qürurvericidir.

Bu uğurların televiziyada və sosial şəbəkələrdə mütəmadi olaraq işıqlandırılması və təbliği çox vacibdir. Bu, tamaşaçıların, xüsusən də gənc nəslin musiqi duyumunun zövqlü, yüksək sənət nümunələri ilə formalaşmasına xidmət edər.

– Fidan xanım, sizə böyük səhnələrdə bundan sonra da böyük uğurlar arzulayırıq.

Müsahibəni yazdı:
Mehparə ƏLİYEVA
XQ

Müsahibə