Səsin rəssamı, musiqinin rəngləri

post-img

Kaman ustası Şəfiqə Eyvazovanın bənzərsiz ifaçılığı

Şəfiqə Eyvazova milli musiqi ifaçılığımızın bənzərsiz kaman ustasıdır. Sənət aləmi ilə hüdudlanmayan, həvəs və şövqlə ardıcıllarını yetişdirən, pedaqoji sahəni yaradıcılığının vacib yönünə çevirən Şəfiqə xanım bu yoldan, onun çətinliklərindən yorulmayıb, usanmayıb.

Diz üstə şaquli vəziyyətdə tutulan kamançanın səsi, ondan qopan melodiya üfüqi vəziyyətdə müəyyən bir arealı əhatə edir və könülləri fəth edir. Şəfiqə Eyvazova ömür boyu barmaqların simlərlə məhrəm ünsiyyəti nəticəsində möcüzələr yaradıb. Bəli, o, sənətə yeniliklər gətirib, lakin heç vaxt lüzumsuz improvizasiyalar etməyib, milli musiqimizə yad xallar qatmayıb. Şəfiqə Eyvazova və onun mənsub olduğu nəsil hər zaman klassik musiqimizi yad təsirlərdən qoruyublar, sənətin eniş zonalarına sipər çəkiblər.

Onlar bir həqiqəti dərk edirlər ki, sənətdə novatorluq klassikanın zədələnməsi hesabına başa gəlməməlidir. Səs ruha bənzəyir, onu görmək imkansızdır, onu yalnız eşitmək mümkündür. Qulaq yaddaşımızda hər zaman təravətli qalan inciləri incitməyə nə hacət?! Mən həmişə yaddaşımda yaşayan əvəzsiz musiqiləri canlandırmaq üçün Şəfiqə xanımın ifasını dinləyirəm. Bu musiqi məni təkcə keçmişə aparmır, həm də gələcəkdən soraq verir. Yaşamın ahəngini bərpa etmək üçün bəzən keçmişə qayıtmaqda da bir fayda var. Çünki keçmiş həm də özüldür, kökdür, sənə hardan gəldiyini xatırladır.

Bu musiqiləri ruh kimi də, səs kimi də, fikir kimi də anlamaq mümkündür. Bu semantika hissin müşahidəsi anlamını da özündə ehtiva edir. Kamança o yaddaşın əsrləri adlayan zərif sədalarıdır. Şəfiqə xanımın ifasında muğamlarımız gözlərimiz önündə insan həyatının virtual görüntülərini sərgiləyir. Sanki həyatın çənbərinə gəlib çıxırsan və ordan geriyə boylanıb hisslərin tarixini vərəqləyirsən.

Şəfiqə xanım kamança ilə dünyanı dolaşıb, musiqimizi təbliğ edib. Onun 1989-cu ildə Xalq artistləri Alim Qasımov və Ramiz Quliyevlə birgə Səmərqənd və Amerika səfərləri musiqi mühitində böyük bir hadisəyə çevrilmişdi. Bu gün də o unudulmaz səfərlərin təəssüratları yaddaşlarda yaşayır.

Bir dəfə yazmışdım ki, Şəfiqə xanımın millətimizin 20 Yanvar dərdinə ağı kimi səslənən ifası Tanrıya da yetib. Buna əminəm. Hamımız o yanıqlı ifanı xatırlayırıq. Şəfiqə xanım öz qəlbinin fəryadını simlərə köçürmüşdü. Bu ifa imeriya cəlladlarına bir üsyan idi. Sonsuz kədər, hüzn onun barmaqlarını yandırırdı, sanki kamança indicə alovlanacaqdı.

Şəfiqə xanım həm də bu ifasında öz düşüncələrini şifrələmişdi. Xalqımızın tale kitabının kodları var onun kaman ifaçılığında. Sanki xalqın taleyi ilə dialoqa girir. Məəttəl qalınası işdir, 4 simli taxta parçasına bütöv bir kainatı necə sığdırmaq olar?! Şəfiqə xanım bunu bacarır. Kamançanı taleyimizin rəmzi xəritəsi də adlandırmaq mümkündür. Ustadların ifasında bu, doğrudan da belədir. İnanmırsınızsa, Şəfiqə xanımın ifasında “Bayatı-qacar”, “Rahab” muğamlarını, “Vilayəti-dilkəş”i dinləyin.

Səs haqqında söz demək çətindir. Kamanın səsindəki rəngləri sözə çevirmək mümkünsüzdür. Mən bu kiçik yazıda Şəfiqə xanımın ifalarından doğan təəssüratlarımı bölüşdüm. 80 yaşın astanasında o səslər hələ də təravətini qoruyub saxlayır. Dünyamıza rəng qatan sənətkarlar həm də bizim tale ortaqlarımızdır. Bu yazıda tale sözü çox işləndi. Şəfiqə Eyvazova özü bir küll halında taleyin özüdür. Örnək götürüləsi bir tale...

Kənan HACI,
yazıçı-publisist

Mədəniyyət