Səməd Vurğun–120
Heydər Əliyev Sarayında Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə, zəngin ədəbi irsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Poeziya məclisində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirib ki, Səməd Vurğunun zəngin və parlaq irsi bu gün də xalqımızın müxtəlif nəsillərinin nümayəndələrini Vətəni, torpağı və ana dilini sevməyə səsləyir: “Məktəb illərindən Səməd Vurğunun “Azərbaycan” şeirini əzbər bilirik və poeziyamızda bu qədər geniş yayılan başqa bir nümunə tapmaq çətindir. Səməd Vurğun qəlblərdə yaşayır və bundan sonra da yaşayacaq. Çətin və mürəkkəb bir dövrdə fəaliyyət göstərən şair öz yaradıcılığı ilə xalqın yaddaşında silinməz iz qoyub. Onun “Vaqif” pyesi Azərbaycan xalqını məhv etməyin mümkünsüz olduğunu bir daha xatırladır. İllər keçsə də, şairin sözü və ideyaları hər zaman yaşayacaq və eşidiləcək”.
AYB-nin katibi İlqar Fəhmi, rejissoru Mehriban Zəkinin hazırladıqları ədəbi-bədii təqdimatda incəsənət ustaları şairin şeir və poemalarından parçalar səsləndiriblər, musiqiçilər yubilyarın sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.
***
Türkmənistan Dövlət Universitetində də türkmən xalqı Azərbaycanın Xalq şairinin anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley məclisi keçirilib.
AYB-nin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi Səməd Vurğunun bənzərsiz yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rolu barədə söz açıb.
Sonra Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü Hikmət Məmmədov “Səməd Vurğunun yaradıcılığında vətən mövzusu”, AMEA Ədəbiyyat İnstitutunun elmi katibi, dosent Aygün Bağırlının “Səməd Vurğun və Türk dünyası” mövzusunda məruzələri dinlənilib.
Məclisdə qeyd olunub ki, Azərbaycanın ədəbi fikir salnaməsində xüsusi yer tutan Səməd Vurğunun çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanır. Ədibin əsərləri Türk respublikalarında da böyük maraq və sevgi ilə qarşılanıb, pyesləri dəfələrlə səhnələşdirilib.
XQ

