Turizm sektorunda insan alverinə qarşı mübarizə

post-img

Azərbaycan Turizm və Menecment Universitetində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə təhsil müəssisələrinin rolunun gücləndirilməsi” mövzusunda təlim təşkil olunub.

Rektor İlham Mədətov belə maarifləndirmənin turizm sahəsində çalışan və gələcəkdə bu sektorda fəaliyyət göstərəcək tələbələrin insan alveri ilə mübarizədə məlumatlılığına dəstək olduğunu bildirib.

“Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev mövzu ilə bağlı çıxışında XXI əsrdə insan alverinin yaratdığı təhlükələrdən, bu cinayətin qarşısının alınmasında profilaktik tədbirlərin rolundan ətraflı danışıb. O, insan alverinin transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə ağır növü kimi qlobal bir problemə çevrildiyini vurğulayıb. Natiq qeyd edib ki, gənclərin və turizm sektorunda çalışan şəxslərin bu təhlükə barədə məlumatlandırılması belə cinayətlərlə mübarizədə önəmli vasitədir.

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə bildirib ki, insan alverinə qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə yanaşı, cəmiyyətin, o cümlədən turizm qurumlarının fəal iştirakı zəruridir.

Layihə üzrə ekspert Aydın Kərimov turizm sahəsində qanunvericiliyin tələbləri, insan alveri ilə mübarizənin hüquqi əsasları və bu sahədə vətəndaşların hüquq və vəzifələri barədə ətraflı məlumat verib.

Təlimdə geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

XQ

Sosial həyat