Erməni seçicilər Paşinyana yenidən etimad göstərdilər, amma bu, tam səlahiyyət olmadı
Ermənistanda bütün geosiyasi mərkəzlərin böyük həyəcanla izlədiyi parlament seçkiləri baş tutdu. Ermənistan Mərkəzi Seçki Komissiyası dünən səhər verilən səslərin sayılmasını başa çatdırıb. Ölkə üzrə 2005 seçki məntəqəsindən daxil olan nəticələrin emal edilməsindən sonra hakim “Mülki müqavilə” partiyasının 49,81 (727, 160 səs), “Güclü Ermənistan” partiyasının 23,29 (340, 062 səs), “Ermənistan” blokunun 9,94 (145, 097 səs), “Çiçəklənən Ermənistan” partiyasının isə 4 (58 368 səs) faiz səs topladığı məlum olub. Beşinci yerdə qərarlaşan “Birlik qanadları” siyasi təşəbbüsü cəmi 2,30 (33, 618 səs) faiz səs toplayıb.
Məzuniyyətdə olan Baş nazir Nikol Paşinyan seçkilərin nəticələrinin açıqlanmasından az sonra – gecədən keçmiş mətbuat konfransı keçirərək rəhbərlik etdiyi partiyanın qalib gəldiyini bildirib. Onun sözlərinə görə, partiyası seçicilərin etimadını qazanıb və yeni hökuməti koalisiyaya ehtiyac olmadan müstəqil şəkildə formalaşdıracaq. Dünən səhər isə Paşinyan parlamentə gedərək 2025-ci il dövlət büdcəsinin illik hesabatının müzakirəsində iştirak edib. O, müzakirənin əvvəlində erməni xalqını seçkilərdə qalib gəldikləri üçün təbrik edib: “İyunun 7-də erməni xalqı öz səsi ilə dövlətə, müstəqilliyə, gələcəyə, sülhə və Ermənistana sahib çıxdı. “Üçbaşlı müharibə partiyası” darmadağın edildi. Onların kökü Ermənistandan qazılıb çıxarılmalıdır və bu, hökumətin ən vacib gündəlik məsələlərindən biri olacaq. Biz bunu gecikdirmədən, çox qətiyyətli və konkret addımlarla həyata keçirməliyik”. O qeyd edib ki, “Mülki müqavilə” parlament çoxluğuna malik olacaq, eyni zamanda, hökuməti formalaşdıracaq.
Göründüyü kimi, Paşinyan qısa müddət ərzində artıq ikinci dəfə seçicilərin etimadını qazandıqlarını, parlament çoxluğuna malik olacaqlarını, yeni hökuməti koalisiyaya ehtiyac duymadan təkbaşına quracaqlarını bildirib. Bəs, bu fikirdə həqiqət payı nə qədərdir? Paşinyan təkbaşına hökumət qura biləcəkmi? Parlamentdə qüvvələr nisbəti necə dəyişəcək? Bu suallara cavab tapmağa çalışdıq.
***
Əvvəlcə onu qeyd etmək lazımdır ki, seçkilərin nəticələri ölkənin siyasi mənzərəsini əhəmiyyətli dərəcədə yenidən formalaşdırıb. Bütün səslərin hesablanmasından sonra hakim “Mülki müqavilə” partiyasının 49,81 faiz səslə birinci yeri tutması N.Paşinyan komandasının hakimiyyətdə qalması deməkdir. “Güclü Ermənistan” blokunun 23,29 faiz, “Ermənistan” blokunun 9,94 faiz, “Çiçəklənən Ermənistan” partiyasının isə 4 faiz səs toplaması parlamentdə yeni qüvvələr nisbətinin formalaşacağını göstərir. Bununla belə, seçkilərin yekun siyasi mənzərəsini müəyyən edən yalnız faiz göstəriciləri deyil. Əsas məsələ həmin nəticələrin Ermənistan Konstitusiyası və Seçki Məcəlləsinə uyğun olaraq hansı hüquqi nəticələr doğuracağıdır.
Ermənistan parlament üsul-idarəetməsinə malik dövlətdir. Bu səbəbdən parlament seçkilərinin nəticələri təkcə qanunverici orqanın tərkibini müəyyənləşdirmir, həm də ölkənin gələcək hökumətinin necə formalaşacağını, baş nazirin kim olacağını və hakimiyyətin hansı siyasi qüvvənin əlində cəmləşəcəyini müəyyən edir. Başqa sözlə, seçkinin qalibi faktiki olaraq ölkənin siyasi kursuna rəhbərlik etmək səlahiyyətini də əldə edir. Mövcud qanunvericiliyə əsasən, Ermənistan parlamenti – Milli Assambleya proporsional seçki sistemi əsasında formalaşdırılır. Parlamentin tərkibi 107 deputatdan ibarətdir. Bununla yanaşı, seçki qanunvericiliyi parlamentdə siyasi plüralizmin qorunması və ən azı 3 siyasi qüvvənin təmsil olunmasının təmin edilməsi üçün xüsusi mexanizmlər də nəzərdə tutur. Eyni zamanda, qanunvericilikdə “sabit parlament çoxluğu” prinsipi ayrıca yer tutur. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, seçkilərin nəticəsi ölkədə hökumət böhranına deyil, idarəetmənin davamlılığına xidmət etməlidir.
Parlamentə keçən əsas qüvvələr arasında mandatların dəqiq bölgüsü Mərkəzi Seçki Komissiyası tərəfindən xüsusi düstur əsasında müəyyənləşdirilsə də, ilkin hesablamalar hakim partiyanın təxminən 58 mandat əldə edə biləcəyini göstərir. Bu isə 101 yerlik parlamentdə sadə çoxluğun təmin olunması deməkdir. Məhz bu məqam seçkinin ən mühüm hüquqi nəticəsi hesab olunur. Ermənistan Konstitusiyasına görə parlamentdə çoxluğa malik siyasi qüvvə hökuməti formalaşdırmaq hüququ qazanır. Əgər bir partiya və ya blok parlamentdə tələb olunan çoxluğu qazanırsa, koalisiya danışıqlarına ehtiyac yaranmır. Bu baxımdan “Mülki müqavilə”nin nəticəsi N.Paşinyana hökuməti təkbaşına formalaşdırmaq imkanı verir.
Konstitusion prosedura görə, seçkilərin yekun nəticələri rəsmən təsdiqləndikdən sonra yeni seçilmiş parlamentin ilk iclası çağırılır. İlk iclasda deputatların səlahiyyətləri tanınır, Milli Assambleyanın rəhbərliyi seçilir və bundan sonra baş nazirin müəyyənləşdirilməsi prosesi başlayır. Parlament çoxluğuna malik siyasi qüvvə baş nazir postuna öz namizədini irəli sürür. Hazırkı nəticələr fonunda həmin namizədin Paşinyan olacağına şübhə yoxdur. Əgər parlamentdə çoxluq təmin olunubsa, baş nazirin seçilməsi proseduru formal xarakter daşıyır. Çünki hakim partiyanın deputat sayı hökumət başçısının seçilməsi üçün kifayət edir. Bunun ardınca yeni hökumətin tərkibi formalaşdırılır və icra hakimiyyəti fəaliyyətini davam etdirir.
Seçkinin nəticələri müxalifət üçün də yeni hüquqi status yaradır. “Güclü Ermənistan” və “Ermənistan” blokları parlamentdə əsas müxalif qüvvələr kimi fəaliyyət göstərəcəklər. Ermənistan qanunvericiliyi müxalifətin hüquqlarını müəyyən dərəcədə qoruyur. Parlament komitələrində təmsilçilik, bəzi komissiyalara rəhbərlik etmək, hökumətə sorğular ünvanlamaq və parlament nəzarəti mexanizmlərindən istifadə imkanları səlahiyyətlər sırasındadır.
Bununla yanaşı, seçkinin nəticələri hakim partiyaya bütün siyasi məsələlərdə tam sərbəstlik vermir. Burada mühüm fərq sadə parlament çoxluğu ilə konstitusion çoxluq arasındadır. Mövcud nəticələr “Mülki müqavilə”yə hökuməti formalaşdırmaq və qanunların böyük hissəsini qəbul etmək imkanı yaratsa da, bu, avtomatik olaraq konstitusion çoxluq demək deyil. Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi və bəzi xüsusi qərarların qəbul olunması üçün daha geniş siyasi dəstək tələb olunur. Bu məqam xüsusilə son illər tez-tez müzakirə olunan konstitusiya islahatları fonunda diqqət çəkir. Əgər gələcəkdə Ermənistan rəhbərliyi əsas qanunda dəyişikliklər etmək istəsə, bunun üçün hakim partiyanın səsi kifayət etməyə bilər. Belə hallarda ya parlament daxilində əlavə siyasi dəstək əldə edilməli, ya da qanunvericiliyin nəzərdə tutduğu digər prosedurlar işə salınmalıdır.
Hüquq elmləri namizədi, vəkil Arsen Tavadyan sosial şəbəkədəki hesabında yazıb ki, “Mülki müqavilə” partiyasının seçkilərdə iştirak etmiş vətəndaşların səslərinin 50 faizini əldə edə bilməməsi onun konstitusion çoxluq əldə etmədiyi deməkdir: “İqtidar nümayəndələri açıq şəkildə konstitusion çoxluq qazanacaqlarına ümid edirdilər. Yüksək seçici fəallığı bu məqsədin reallaşmasına mane oldu. Üstəlik, mümkündür ki, “Mülki müqavilə” hətta mandatların 3/5 hissəsini də əldə etməsin. Bu isə partiyanı konstitusion qanunları qəbulu və müstəqil qurumların tərkibini təkbaşına formalaşdırmaq imkanından məhrum edəcək. “Mülki müqavilə” əvvəlki dövrlə müqayisədə bu seçkilərdən xeyli zəifləmiş vəziyyətdə çıxır”.
Onun sözlərinə görə, seçkilərin nəticələri həm də onu göstərir ki, Ermənistan cəmiyyətində müxalifət hakimiyyətə alternativ kimi çıxış etmək üçün hələ də kifayət qədər geniş dəstək toplaya bilməyib: “Müxalif düşərgənin müxtəlif bloklar arasında parçalanması hakim partiyanın üstünlüyünü daha da artırıb. Bu amil hüquqi baxımdan koalisiya modelinin deyil, birpartiyalı hökumət modelinin formalaşmasına şərait yaradıb”.
Beləliklə, iyunun 7-də keçirilən seçkilərin hüquqi yekunu kifayət qədər aydındır. Ermənistan yeni parlamentini formalaşdırır, hakim “Mülki müqavilə” partiyası parlament çoxluğunu əldə edir, Paşinyan yenidən baş nazir postuna gedən yolu açır, ölkədə koalisiyasız hökumət modeli yaranır. Amma, qeyd etdiyimiz kimi, bəzi vacib qanunları və mövqeləri, habelə konstitusiyanı dəyişdirmək tələb olunan konstitusion çoxluq alınmır.
Səxavət HƏMİD
XQ


